Ali Məhkəmə icarəyə götürülmüş əmlakda aparılan təmir, yenidənqurma və digər yaxşılaşdırmalara çəkilən xərclərin müqavilə başa çatdıqdan sonra kim tərəfindən qarşılanması ilə bağlı hüquqi mövqeyini açıqlayıb.
Aktual.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasının son qərarlarından birində icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına genişmiqyaslı təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək həmin xərclərin icarəyə verəndən tutulmasını tələb edib.
Tərəflər arasında bağlanmış icarə müqaviləsində isə əvvəlcədən razılaşdırılıb ki, müqaviləyə xitam verildikdə daşına bilən mebel və avadanlıqlar icarəçi tərəfindən götürülə bilər. Ayrılmaz yaxşılaşdırmalar və digər avadanlıqlar isə icarəyə verənin mülkiyyətində qalır.
Ali Məhkəmə qeyd edib ki, tərəflər arasında müqavilə mövcuddursa, ilk növbədə həmin müqavilənin şərtləri əsas götürülməlidir.
Məhkəmənin mövqeyinə görə, Mülki Məcəllənin 680-ci maddəsi icarəçinin çəkdiyi xərclərin ödənilməsi ilə bağlı ümumi qaydanı müəyyən edir. Buna əsasən, icarəyə verən əmlakın saxlanması və ya bərpası üçün icarəçinin çəkdiyi zəruri xərcləri ödəməlidir. Əmlakın yaxşılaşdırılmasına çəkilən digər xərclərin ödənilməsi isə qanunvericilikdə nəzərdə tutulan qaydada həll edilir.
Lakin tərəflər müqavilədə fərqli şərtlər müəyyən edə bilərlər.
Ali Məhkəmə vurğulayıb ki, əgər tərəflər yaxşılaşdırmaların sonrakı hüquqi taleyini və onların dəyərinin ödənilməsi məsələsini müqavilədə əvvəlcədən razılaşdırıblarsa, yaranan mübahisə həmin razılaşmaya uyğun həll edilməlidir.
Baxılan iş üzrə müqavilədə icarə obyektindən ayrılması mümkün olmayan yaxşılaşdırmaların icarəyə verənin mülkiyyətində qalacağı göstərilib. Eyni zamanda, həmin yaxşılaşdırmaların dəyərinin icarəçiyə kompensasiya ediləcəyinə dair hər hansı öhdəlik müəyyən edilməyib.
Bu səbəbdən Ali Məhkəmə icarəçinin yaxşılaşdırmalara çəkdiyi xərclərin sonradan icarəyə verəndən tələb edilməsi üçün hüquqi əsasın olmadığı qənaətinə gəlib.
Məhkəmə qeyd edib ki, bu hüquqi mövqe icarə obyektində təmir və yenidənqurma işlərinə başlamazdan əvvəl onların hüquqi taleyinin müqavilədə dəqiq müəyyən edilməsinin vacibliyini göstərir.
Belə ki, müqavilədə həm ayrılan, həm də ayrılması mümkün olmayan yaxşılaşdırmaların müqaviləyə xitam verildikdən sonra taleyi, eləcə də icarəyə verənin mülkiyyətində qalacaq yaxşılaşdırmaların dəyərinin icarəçiyə kompensasiya olunub-olunmayacağı aydın şəkildə göstərilməlidir.
Xəbər 63 dəfə oxunub.