Abituriyentlərin diqqətinə! 29 mindən çox namizəd risk altındadır

Abituriyentlərin diqqətinə! 29 mindən çox namizəd risk altındadır

Ali təhsil müəssisələrinə ixtisas seçiminin təsdiqi başa çatıb. İlkin hesablamalara görə, I turda 29 mindən çox abituriyent və subbakalavr müsabiqədən keçə bilməyə bilər.

Aktual.az xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, I ixtisas qrupu üzrə ümumilikdə 20 150 plan yerinə qarşı 28 924 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiqləyib. Ekspertin hesablamasına əsasən, bu qrup üzrə 8 774 nəfər müsabiqədən keçə bilməyəcək.

I ixtisas qrupunun RK alt qrupu üzrə 12 710 plan yeri uğrunda 12 622, Rİ alt qrupu üzrə isə 7 440 plan yeri uğrunda 10 999 abituriyentin mübarizə apardığı bildirilir.

II ixtisas qrupu üzrə 16 030 plan yerinə qarşı 20 783 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiqləyib. E.Əfəndinin hesablamasına görə, 4 753 nəfər müsabiqədən keçə bilməyəcək.

III ixtisas qrupu üzrə ümumilikdə 15 553 plan yerinə qarşı 23 579 abituriyent və subbakalavr ixtisas seçimini təsdiqləyib. Ekspert bu qrup üzrə 8 026 nəfərin müsabiqədən keçə bilməyəcəyini bildirib.

IV ixtisas qrupu üzrə 5 048 plan yerinə qarşı 6 746 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiqləyib. Hesablamaya əsasən, 1 698 nəfər müsabiqədən kənarda qala bilər.

V ixtisas qrupu üzrə isə 4 735 plan yeri uğrunda 10 840-dan çox abituriyentin mübarizə apardığı, 6 105 nəfərin müsabiqədən keçə bilməyəcəyi qeyd olunub.

E.Əfəndi bildirib ki, ümumilikdə I turda təxminən 29 356-dan çox abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək.

Ekspertin sözlərinə görə, I turda qəbul ola bilməyən şəxslər boş plan yerləri qalacağı təqdirdə II turda müsabiqədə iştirak edə biləcəklər. Onlar, eyni zamanda, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul müsabiqəsinə də qatıla bilərlər.

Qəbul nəticələrinin qarşıdakı 4-5 gün ərzində elan olunacağı gözlənilir.
Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR