Müvafiq fərmanla yaradılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əsasnaməsi təsdiq olunub.
Aktual.az-ın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.
Sənədə əsasən, agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək;
- müvafiq sahədə dövlət nəzarətinin və əlaqələndirmənin həyata keçirilməsinin təmin edilməsində iştirak etmək;
- müvafiq sahənin inkişafını təmin etmək;
- faydalı qazıntı yataqlarının, o cümlədən yeraltı su ehtiyatlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatını təşkil etmək;
- yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yerin təki sahələri və onlarla əlaqədar müvafiq işlərin dövlət uçotu və dövlət qeydiyyatını həyata keçirmək;
- ölkənin mineral-xammal bazasının vəziyyəti və perspektivləri, geoloji cəhətdən öyrənilmə səviyyəsi üzrə vahid informasiya sisteminin və bazasının formalaşmasını təmin etmək;
- müvafiq sahədə müşahidə və qiymətləndirilmələrin aparılmasını təşkil etmək və faydalı qazıntı ehtiyatlarının müəyyən edilməsində iştirak etmək.
Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Agentliyin sədri agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
Sədrin ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Agentliyin sədrinin müavinləri onlara agentliyin sədrinin həvalə etdiyi vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
Xəbər 35 dəfə oxunub.