QMİ Qurban bayramı ilə bağlı fitva verdi

QMİ Qurban bayramı ilə bağlı fitva verdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fitva verib.
Aktual.az xəbər verir ki, fitvada AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmının zülhiccə ayının 10-na – miladi təqvimlə 27 may tarixinə təsadüf edəcəyi bildirilib.
Məlumata görə, bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının mayın 18-də qəbul edilən yekdil fitvası ilə bayram günü mayın 27-si kimi təsdiqlənib.
Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə bilər. May ayının 27-də məscidlərimizdə bayram namazları qılınacaq.
Həmçinin qeyd olunub ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir.
Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, fəqət əziz Peyğəmbərimizin (s) tövsiyəsinə görə, imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir il, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
Xəbər 35 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR