“İstənilən cəmiyyətdə dövlətini sevən gənclərin rolu ölçüyəgəlməzdir”

“İstənilən cəmiyyətdə dövlətini sevən gənclərin rolu ölçüyəgəlməzdir”

Azadinform-un müsahibi Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərovadır.
 
- Günel xanım, mən sizi tanımaq və tanıtmaq istəyirəm. "Gənc vətəndaş” kimdir?

- Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi 2005-ci ildə qeydiyyata alınan və fəaliyyətə başlayan təşkilatdır. Mən bu təşkilata 2016-cı ildən etibarən qoşulmuşam. Təşkilat son bir ildə 10-a yaxın sosial layihə icra edib. Ümumiyyətlə isə, qeyri-hökumət təşkilatlarında fəaliyyətim 1998-ci ildən başlayıb. Əsas iş istiqamətim beynəlxalq təşkilatlar olsa da, həmçinin müxtəlif gənclər təşkilatları ilə mütəmadi əməkdaşlıq etmişəm. Düşünürəm ki, istənilən cəmiyyətin dinamik inkişafında savadlı, bilikli və dövlətini sevən gənclərin rolu ölçüyəgəlməzdir.
Vaxtilə Ümummilli lider Heydər Əliyev deyirdi ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. İftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır.
Gənc Vətəndaş İctimai Birliyinin də missiyası məhz intellektual, bilgili, müasir elmlərə yiyələnməklə ictimai proseslərdə yaxından iştirak edən və eyni zamanda milli dəyərlərə sadiq gənclərin yetişməsinə öz töhfəsini verməkdir. Dünyada siyasi, iqtisadi dəyişikliklərlə yanaşı texnologiyanın sürətli inkişafı qloballaşma, dünya vətəndaşı anlayışını gündəmə gətirir. Azərbaycan gənci bu inkişafa adaptasiya etməklə yanaşı bilik və bacarıqlarını dövlətin inkişafına yönəltməlidir. Bu günün gənc vətəndaşı ilk növbədə təhsilli, bacarıqlı, vətənini-xalqını sevən və əldə etdiyi bilikləri cəmiyyətinin inkişafına yönəldən insandır.

- Meyarlarınız nələrdir? Cəmiyyətdə hansı çatışmazlıqların aradan qaldırılmasını diqqətdə saxlayırsınız? 

- Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin müxtəlif kateqoriyadan olan təmsilçiləri yetərli qədər qayğıkeş, təəssübkeşdir və mövcud problemlərin həllinə biganə deyil. Biz cəmiyyətdə qeyd etdiyimiz çatışmazlıqları aradan qaldırmaq üçün ilk öncə insanlara müsbət nümunələri təbliğ etməli və insanları həmin nümunələrə inandırmağa çalışmalıyıq. Uşaqlarımız yaxşılığın, dürüstlüyün, ədalətin, xeyirxahlığın qələbə çaldığı, bir sözlə, müsbət keyfiyyətlərin ifadə edildiyi nağıllarla böyüməlidirlər. Məktəbdə bu dəyərlər müəllimlər tərəfindən daha da inkişaf etdirilməli, məktəblilərin kitaba olan marağının artırılması üçün bütün metodlardan o cümlədən əyani vəsaitlərdən istifadə olunmalıdır. Milli-mənəvi dəyərlərin daşıyıcısı olan gənclərin yetişməsində şübhəsiz, valideynlərin də rolu danılmazdır. Məsələn, biz Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi rayonların birində tədbir təşkil etmişdik. Mövzu "Ailə hüququ, ailə dəyərləri” idi. Auditoriyada iştirak edən gənclərin əksəriyyəti valideynləri ilə maarifləndirmə təbliğatının aparılmasına olan ehtiyacı vurğuladılar. Müasir gənclik innovasiya, NANO-texnologiya erasının gəncləridir və onların məlumat almaq imkanları daha genişdir. İnternet məkanı bu gün çeşidli məlumat almaq imkanları yaradır. Bu prosesdə valideynlərin rolu həmin inkişafa ayaq uydurmaqla yanaşı gənclərin pozitiv, tərbiyəvi məlumatları seçməsində, milli dəyərlərimizi təbliğ edən informasiyalara üstünlük verməsində yardımçı funksiyasını yerinə yetirməlidirlər.

- QHT-lərin, ümumiyyətlə gənclərin fəaliyyəti hansı istiqamətə yönləndirilməlidir ki, nəticə istənilən səviyyədə olsun? 

- Məlum olduğu kimi, qeyri-hökumət təşkilatlarının əsas məqsədi dövlətlə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynamaq, vətəndaş təşəbbüslərini ictimailəşdirməkdir. QHT-lərin vəzifəsi humanitar, siyasi, hüquqi və sosial prioritetlər istiqamətləri üzərində qurulub. Onların məqsədi cəmiyyətdəki hüquqi, sosial, iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün əlavə imkan və təşəbbüslərin üzə çıxarılmasına yardım etməklə əhalinin həyat səviyyəsinin yüksəldilməsindən, bütün tərəfdaşlar üçün geniş və bərabər inkişaf imkanlarının yaradılmasından ibarətdir. Proseslərdə cəmiyyətlə daha sıx işləyən və vətəndaş cəmiyyətinin əsas sütunlarından olan qeyri-hökumət təşkilatlarının iştirakı vacib elementlərdəndir. Eyni zamanda, bu məqsədlə xarici ölkələrin təcrübəsində davamlı inkişafın təmin edilməsi üçün QHT-lərin oynadıqları rol hərtərəfli tədqiq olunmalı və ən yaxşı təcrübənin ölkəmizdə tətbiqi təmin edilməlidir. Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi əsasən cəmiyyət üçün keyfiyyətli və günümüzün tələblərinə cavab verən gənclərin yetişməsində dövlətə dəstək olmaq məqsədi ilə silsilə layihələr icra edir. Mən bununla bağlı Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə səsləndirdiyi bir fikrə diqqət yetirmək istərdim. Prezident deyib: "Gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq”. Ona görə də gənclərlə bağlı həyata keçirdiyimiz əksər layihələrin leytmotivini bu prinsiplər təşkil edir. Biz bu tip layihələrin əksəriyyətini regionlarda təşkil edir və millət vəkilləri, ictimai-siyasi fəallar, vətəndaş cəmiyyətinin tanınmış simalarını həmin tədbirlərə dəvət edirik. Bu addımlar gənclərə verilən dəyərin göstəricisi olmaqla yanaşı, onların məsuliyyətlərinin artmasına, müvafiq aidiyyati orqan və şəxslərin region gənclərinin problemlərinin həllinə istiqamətlənməsinə xidmət edir.  

- Layihələrdən danışaq. 

- 90-cı illərdə QHT fəaliyyətinə başladıqda daha çox humanitar və sosial yardım xarakterli layihələri icra edirdiksə, bu gün QHT olaraq davamlı inkişaf konsepsiyasının inkişafına xidmət edən layihələr həyata keçiririk. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir. Bunlar Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı; İstedadlı gənclərə dövlət qayğısı; Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı; Gənclərin məşğulluğunun təmin edilməsi; gənc ailələrə dövlət yardımı; Gənclər təşkilatlarına dövlət yardımı və digərləridir. Gənclər qarşısında duran digər mühüm hədəf isə beynəlxalq əməkdaşlıq və Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən müdafiə edilməsinə nail olmaqdan ibarətdir. Bunun üçün ölkə gənclərinin beynəlxalq təşkilatlarda təmsil olunması zəruridir. Digər tərəfdən, respublika gənclər təşkilatlarının BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirməsi, birgə layihələr həyata keçirməsi də qarşıya qoyulan məqsədlərə çatmaqda müstəsna rol oynaya bilər. Bütün bunlar intellektual Azərbaycan gəncliyinin formalaşmasında, müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunmasında, milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılmasında, ixtisaslı mütəxəssislərin hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqində həlledici faktorlara çevriləcək. Prezident İlham Əliyev Azərbaycan gənclərinin gələcək perspektivlərini qiymətləndirərkən deyib: "Bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, "qara qızıl”ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər – müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar”. Bəli, ölkə rəhbəri gənclərin qarşısında duran hədəflərə çatmaqda birbaşa yardımçı olur. Azərbaycan gəncliyi də öz növbəsində dövlətin diqqət və qayğısını lazımınca dəyərləndirərək bundan sonra da özünə inam prinsipləri ruhunda inkişaf etməli, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi ilə bağlı ona göstərilən etimadı tam mənasında doğrultmağa çalışmalıdır”.
 
Aktual.az
Xəbər 1090 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR