Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub

Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub.
Aktual.az xəbər verir ki, bu barədə AZƏRTAC-a verilən məlumatda qeyd olur ki, görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib.
Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb.
Sonra tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat veriblər. Ədliyyə Nazirliyinin nümayəndəsi siyasi partiya üzvlərinin reyestrinin aparılması, siyasi partiyalarla iş üzrə fərdi kabinetdən istifadə, qanunvericiliyin pozulmasına görə məsuliyyət, Maliyyə Nazirliyinin nümayəndəsi siyasi partiyalarda mühasibat uçotunun aparılması, siyasi partiyalara dövlət maliyyə yardımının ayrılması, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi siyasi partiyaların maliyyə hesabatı, siyasi partiyalar tərəfindən ianələrin qəbul olunması, Hesablama Palatasının nümayəndəsi isə siyasi partiyalara dövlət büdcəsindən ayrılmış maliyyə yardımının xərclənməsinin yoxlanılması kimi məsələlərə aydınlıq gətiriblər.
Daha sonra siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini bildiriblər. Cəmiyyəti narahat edən məsələlərin daha təkmil həlli yollarının müəyyənləşdirilməsində siyasi partiyaların mühüm rol oynaya biləcəyi nəzərə çatdırılaraq milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olmasının vacibliyi, habelə mövcud dialoq mühitinin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb.
Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib.
İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi qüvvənin belə təşəbbüslərdə fəal iştirak etməsinin faydalı olacağını diqqətə çatdırıblar.
Tədbirdə aşağıdakı siyasi partiyaların nümayəndələri iştirak ediblər:
Yeni Azərbaycan Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Ana Vətən Partiyası
Ədalət, Hüquq, Demokratiya Partiyası
Böyük Quruluş Partiyası
Demokratik İslahatlar Partiyası
Vəhdət Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Milli Cəbhə Partiyası
REAL Partiyası
Haqq Ədalət Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Ümid Partiyası
Azərbaycan Demokrat Partiyası
Azərbaycan Xalq Partiyası
Böyük Azərbaycan Partiyası
Ədalət Partiyası
Klassik Xalq Cəbhəsi Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
AĞ Partiyası
Azad Vətən Partiyası
Müasir Müsavat Partiyası
Gələcək Azərbaycan Partiyası
Yeni Zaman Partiyası
Müsavat Partiyası.




Xəbər 256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR