Zorlama xəbərlərindən həzz alanlar…

Zorlama xəbərlərindən həzz alanlar…

Elçin Mirzəbəyli

Hər gün sosial şəbəkələrə, xəbər saytlarına nəzər salanda qısa müddətə də olsa tərəddüd edirəm. Düşünürəm ki, görəsən indi hansı neqativ yüklənmiş xəbər sıçrayacaq gözlərimin içinə? Görəsən öz həyatının mənəvi zibilliklərindən ətrafa üfunət püskürən, həyata, onun gözəlliklərinə qəzəbli nakəslərin insan ləyaqətini aşağılayan, əzən, sındıran nə qədər məlumatlarını oxuyacağam? Görəsən "zorlama” ilə bağlı xəbərlərdən manyakcasına həzz alan, körpələrin göz yaşlarından, anaların fəryadından, ataların çat-çat olmuş qürurundan özünə güzaran qurmaq istəyən nə qədər mənəviyyatsızın əxlaq və mənəviyyat haqqında nıqqıldamalarıyla qarşı-qarşıya qalacağam? 

İndi kompyuterləri, smartfonları internetdən süzülən viruslardan, cəsus yükləmələrdən qoruya biləcək kifayət qədər proqram var. Amma həyatımızı, mənəviyyatımızı, rahatlığımızı, övladlarımızın gələcəyini, içimizdəki və ətrafımızdakı gözəllikləri sayı gündən-günə artan "xəbər saytları”nın informasiya terrorundan qoruyacaq "proqram” kəşf olunmayıb hələ. Kompyuterə hətta virus düşəndə də onu "format” etməklə yenidən həyata qaytarmaq olur. İnsan mənəviyyatını, düşüncəsini format eləmək olmur axı... Olmur! Tanrı bizə belə bir şans verməyib.

Bir neçə gündür xəbər saytlarını, kütləvi informasiya adına iddia edən soysuz media törəmələrinin kiçik yaşlı bir məktəblinin yuxarı sinif şagirdi tərəfindən guya zorlanması barədə iyrənc məlumatları və elə bu məlumatlar qədər iyrənc, başqalarının bədbəxtliyindən həzz almaq asılılığı olan mənəviyyat və əxlaq dağarcıqlarının şərhlərini oxuyuram. Məktəbin adı çəkilir, "zorlanan”ın və "zorlayan”ın hətta neçənci siniflərdə oxuduğu da bildirilir. Kəsəsəsi, indiki halda informasiya terroruna məriz qalan bu iki zavallının nəinki özlərinin, hətta valideynlərinin kimliyini müəyyənləşdirmək üçün gərəkli olan bütün ünvanlar göstərilir... Bircə adlarının açıqlanması qalır, vəssalam. Rəsmi qurumlar "araşdırılır” deyə məlumat yayırlar. Amma orta məktəb şagirdlərinə, məktəbə, təhsilimizə, mənəviyyatımıza, insanlığı insan edən bütün estetik gözəlliklərə, mənəvi dəyərlərə qarşı təxribat, informasiya terroru davam edir. Susmaq bilmirlər. Durmadan, nəfəs almadan tirajlayırlar bu yalan və iyrənc xəbəri. Mən bütün bunların arxasında sağlam, normal düşüncəsi olan adamların dayandığına inana bilmirəm. Sadəcə bir şayiə, kiminsə hansısa məqsədlə uydurduğu çirkin əhvalat ölkənin gündəmini dəyişir. Nəinki yeni medianın soysuz törəmələri, hətta 20-30 illik təcrübəsi olan, özünü az qala Azərbaycan mətbuatının əvəzolunmaz simalarından sayan bəziləri də bu ucuz, bayağı, ikrah doğuran xəbər alverinin könüllü dəllallarına çevrilirlər... Jurnalistikanın qızıl qanunlarını bir kənara qoyuram. Bu xəbəri yayanların mütləq əksəriyyətinin bu prinsiplərdən heç xəbərləri də yoxdur. Bəziləri isə vaxt axarında rəngdən-rəngə düşərək, qabıq dəyişərək bütün qızıl qanunları, müqəddəs tabuları yaddaşlarından əbədilik siliblər. 

Xəbər öz təsdiqini tapmadı və sanki qurbağa gölünə daş atdılar. Heç üzrxahlıq etməyə də ehtiyac duymadılar. Sanki belə də olmalıymış. Elə bil bu şər-böhtan dağarcıqlarının, üfunət istehsalçılarının missiyası insanların həyatını zəhərləməkdən, rəsmi qurumların da vəzifəsi təkzib etməkdən ibarətdir. Elə bil bu adamlar bədxah əməllərinə görə cavab verməli, məsuliyyət daşımalı deyillər. Oldu, bitdi... Sonra yenə olacaq və yenə bitəcək. Lənətlənmiş dairə kimi... 

Maraqlıdır, görəsən eyni xəbər onu yayan və tirajlayanların övladları, ailə üzvləri barədə yayılsaydı hansı hissləri keçirərdilər? Məsələn, son "zorlama” olayı ilə bağlı xəbəri uyduran və yayan birisi xəbər saytlarını açır və gözünə kiçik yaşlı oğlunun təhsil aldığı məktəbdə baş verən iyrənc hadisə ilə bağlı məlumat sataşır. Məktəb eyni məktəb, sinif eyni sinif, ünvan... eyni ünvan... Uşağı səhər tezdən məktəbə aparıb və hər gün şər-böhtan üyütdüyü "iş yerinə” gəlib.

Uşaqla telefon əlaqəsi saxlamaq mümkün deyil. Məktəblə iş yeri arasındakı məsafə isə kifayət qədərdir. Övladının oxuduğu məktəbə çatanadək, tövşüyə-tövşüyə pilləkənlərdən keçib özünü sinif otağına çatdıranadək hansı hissləri, hansı sarsıntıları keçirərdi görəsən...

Jurnalist olmaq sadəcə əlinə qələm alıb ağ vərəğə gəlişigözəl sözlər düzmək, kompyüterin önünə keçib xəbərə emosional notlar qatmaqdan, diqqəti cəlb edən başlıq seçməkdən ibarət deyil. Jurnalist olmaq ilk növbədə başqalarının ağrısını hiss etməkdir! Jurnalist olmaq vicdanlı olmaqdı! Jurnalist olmaq körpərin ağrısına məlhəm olmaq, onları qorumaqdır! Jurnalist olmaq insanlığın, mənəvi dəyərlərin, gözəlliklərin, qanunun, hüququn, insan layaqətinin keşiyində dayanmaqdır. Jurnalist olmaq əsl İNSAN olmaqdır!
Xəbər 10493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR