Həmsədrlər gəlsin, gəlməsin?..

Həmsədrlər gəlsin, gəlməsin?..

Hüseynbala Səlimov

Mümkündür ki, indi yalnız İrəvanda tez-tez xatırlayırlar ki, Dağlıq Qarabağ problemilə əlaqəli Minsk Qrupunun həmsədrlik institutu var, çünki indi yalnız onların maraqları üst-üstə düşür, özü də heç bir vaxt olmayan kimi: həmsədrlər ağaları qarşısında cavabdehdir, ermənilərəsə Bakıya və Moskvaya təsir etmək üçün əlavə bir imkan lazımdır.

Ötən həftə yerli KİV-lər və yaxın xaricin informasiya qaynaqları xəbər verdilər ki, guya həmsədrlər Polşada toplaşaraq regiona növbəti səfərin vaxtını və müzakirə ediləcək məsələlərin dairəsini müəyyən etməyə cəhd ediblər.

Amma Bakıda və hətta Moskvada onları heç kim gözləmir və heç kim buralara dəvət etmir. Ona görə ki, bu şəhərlərə, xüsusən də Bakıya gəlib onlar yenə də bizi inandırmağa çalışacaqlar ki, problemin hərbi həlli yoxdur, halbuki İkinci Qarabağ Savağı göstərdi ki, problemi yalnız və yalnlz hərb yolu ilə həll etmək olar, çünki ticari-iqtisadi sanksiyalar, hətta düşmənə qarşı regional izolyasiya tətbiq etmək arzuolunan nəticəni vermir, düşmən işğal altındakı əraziləri boşaltmır.

Həmsədrlərin fəaliyyəti həmişə ermənilərin maraqlarına cavab verib, çünki sonuncu Dağlıq Qarabağ ətrafında xeyli ərazi işğal etməklə özünə etibarlı "arxa cəbhə”, diplomatik sövdələşmə predemti təmin etmişdi. 

Bəli, Minsk Qrupunun həmsədrləri də vəziyyətin belə qalmasında maraqlı idi və hətta mövcud vəziyyəti barışmaq lazım gələn status-kvo və ya otuz il davam edən münaqişənin reallıqları kimi təqdim edirdilər.

Bundan başqa, demək olmaz ki, proses həmsədrlər üçün əlçatmaz və anlaşılmaz bir müstəviyə keçibdir. Yox, məlum olduğu kimi, Rusiya da həmsədr ölkədir və baş verən proseslərlə bağlı digər həmsədrlərlə məlumatları bölüşür. Burada qeyd edək ki, digər iki həmsədr həmişə Rusiyanın arxasınca hərəkət edib, çünki düşünüblər ki, həm tarixi, həm də coğrafi baxımndan Moskvanın problemi çözmək imkanları daha çox və daha genişdir.

Azərbaycanda da bəzi siyasi müşahidəçilər iddia edir ki, bura rusiyalı sülhməramlıların gəlməsinə, ümumiyyətlə, Rusiyanın prosesdə bu qədər qabarıq iştirakına ehtiyac yox idi. Amma bu, çox tələsik və səthi nəticədir. Biz Rusiyanın qismən də olsa neytrallığını təmin etmədən Dağlıq Qarabağ hərbi teatrında indiki kimi ciddi irəliləyə bilməzdik. 

Üstəgəl, digər həmsədr ölkələr və ya maraqlı dövlətlər çətin ki, belə tezliklə atəşkəs rejiminə nail ola bilərdi, çünki rusiyalı diplomatlar nahaq yerə daim demirdilər ki, bəs Dağlıq Qarabağ probleminin həllinin açarı Kremldədir.

Ermənistana gəldikdə isə, hazırda İrəvanın Rusiyadan başqa tutacağı yoxdur, N. Paşinyan özünün siyasi keçmişini və mənşəyini unudaraq yalnız və yalnız ona çalışır ki, Putinin rəğbətini qazansın, çünki bir daha deyirik ki, onun hakimiyyətinin taleyi Kremldən asılıdır. 

Amma ermənilər həmişə çoxkomponentli oyunlara üstünlük vetiblər və hazırda da bunu etməyə çalışırlar. Yuxarıda ərz elədik ki, MQ fəlsəfəsi və məntiqi Ermənistanın maraqlarına cavab verir. Amma düşünmürük ki, indiki halda həmsədrlər prosesə güclü korrektələr etmək gücündə və imkanında olsunlar. Hazırda müstəvi üzərində üç əsas vektor sezilir və bunlar Bakı, Ankara və Moskvadır. Öz hakimiyyəti dövründə Paşinyan Dağlıq Qarabağla bağlı çox sərsəm fikirlər səsləndirib. Məsələn, hələ ilk günlərdə o, demişdi ki, Dağlıq Qarabağ guya müstəqil qurumdur və Bakı onunla dil tapmağa çalışmalıdır. 

Əlbəttə, bu, heç vaxt olmayacaq və Bakı Qarabağdakı quldur dəstəsilə heç bir danışığa getməyəcək. Amma Dağlıq Qarabağdan bütün erməni qoşunlarını çıxarandan sonra Bakı bütün məsələləri Rusiya ilə müzakirə edib yoluna qoya bilər, çünki hətta Naxçıvanla da dəmir yolu əlaqəsinin bərpası daha çox Rusiyadan asılıdır, nəinki Ermənistandan. 

Əlbəttə ki, kommunikasiya infrastrukturunun bərpası, blokadanın götürülməsi və sərhəd–demarkasiya məsələlərinin həlli Ermənistanın da iştirakını vacib edir. Amma İrəvan daim Moskvanı nəinki özünün vəkili, hətta vassalı hesab edib. Bəli, bu taleyi o özü seçib və buna görə də kimisə, nəyisə qınamağa daha lüzum yox...

//qaynarinfo
Xəbər 28611 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR