"Prezident İlham Əliyevin çıxışında üç əsas istiqamət ön plana çıxır: milli təhlükəsizliyin və milli kimliyin qorunması, iqtisadi inkişaf və əhalinin həyat səviyyəsinin yüksəldilməsi”.
Aktual.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov "Regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda bildirib.
Əli Əhmədov dünyada texnoloji, ideoloji və geosiyasi dəyişikliklərin sürətləndiyini qeyd edib. Onun sözlərinə görə, rəqəmsallaşma, robotlaşma və süni intellektin tətbiqi Azərbaycanın iqtisadiyyatına və insanların gündəlik həyatına birbaşa təsir göstərəcək.
Vitse-spiker ənənəvi güc mərkəzlərinin mövqelərinin dəyişdiyini, resurslar uğrunda mübarizənin və müharibələrin qlobal rəqabəti kəskinləşdirdiyini vurğulayıb. O bildirib ki, Prezidentin çıxışında müəyyənləşdirilən inkişaf istiqamətləri bu proseslər fonunda qiymətləndirilməlidir.
Əli Əhmədovun fikrincə, iqtisadi inkişafın nəticələrinin əhalinin rifahında əks olunması üçün regionlarda idarəetmə və yerli özünüidarəetmə təkmilləşdirilməlidir.
Xəbər 80 dəfə oxunub.