Vidadi Zeynalov: "Rəhbərliyin göstərişini yerinə yetirmişəm" - YENİLƏNİB

Vidadi Zeynalov:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalov ifadə verib. O, ifadə verməyi düşünmədiyini, ifadə verənlərin dediklərindən heç bir cinayət əməli törətmədiyinin üzə çıxdığını bildirib: "İlkin ifadəmdə göstərdiyim kimi, rəhbərliyin göstərişlərini yerinə yetirmişəm. Amma ictimaiyyətə məni cinayətkar kimi təqdim etdilər. İfadə verirəm ki, qorxduğumu düşünməsinlər. Çox insan çıxışımı səbirsizliklə gözləyirdi. Deyəcəklərim çoxdur, lakin özümü yormaq istəmirəm. Səbəbkar vicdan əzabı çəkəcək. İstəmirəm, kiməsə problem yaransın. İttihamın yazdığı rəqəmlərlə razı deyiləm. Məhkəmədə bir az ədalət olsa, "1+1 = 2" yazılar. Əgər etməyəcəksə, sağ olsunlar. Əsl günahkarların cəzalandırılmasına çox az qalıb. Mən və həbsaxanda olan digər şəxslər də bu günü gözləyir".

V. Zeynalov bank, maliyyə, xəzinə ilə bağlı qanunların hazırlanmasında iştirak etdiyini bildirib: "Evlərimi satıb İqtisad Universitetini təmir etdirmişəm. Beş dərs vəsaiti yazmışam. Xarici jurnallarda məqalələrim dərc olunub. Məsul şəxs olmamışam, heç bir sənədlərin altında imzam yoxdur. Günahım odur ki, əlavə tapşırıq veriləndə qəbul eləmişəm. Buna görə övladlarımın gələcəyinə ləkə gətirdim. Buna görə, xalqımdan və prezidentdən üzr istəyirəm. Allah günahımdan keçsin. İstintaq dövründə dəymiş ziyanı ödəmək istədim, imkan vermədilər.

İstintaq qrupunun rəhbərinə də dedim ki, bunları qaynadan, Əli Abbasovun yerinə keçmək üçün çalışan İltimas Məmmədov niyə həbs edilmir? Heç olmasa, obyektivlik naminə çağırılıb ifadəsi alına bilərdi. Neçə dəfə təxribat törədib, pul hamıdan çox ona çatıb. Bu işlərdə daha çox günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. Məhkəmə kimdən və niyə çəkinir?

Vaxtilə mənə və qardaşıma ölkədən köçməyimiz məsləhət görülmüşdü. Dedilər ki, burada biz ancaq çoban, ya balıqçı ola bilərik, getməsək, peşman olacağıq. Əhəmiyyət vermədik. Günahkar olsaydım, əmlaklarımı ailə üzvlərimin, yaxınlarımın adına keçirməzdim. Başqaları kimi xaricə çıxarardım. İndi də imkan vermirlər ki, əmlaklarımı satıb, dəymiş zərəri ödəyim. Məhkəmədən də xahiş edirik ki, ekspertlərin də müəyyən etdiyi məbləğlə əmlaklarımın satılmasına şərait yaradılsın. Buna da razı deyillərsə, desinlər, müştəri axtarmayaq.

Həmin dövrdə hesablamalar dollarla olduğu halda ittiham aktında manatla yazılaraq qiymətlər 25 faizə qədər şişirdilib. Yoxlama aparanları yaxşı tanıyıram. İnanmıram ki, onlar bu ittiham aktında göstərilən məlumatları, məbləğləri, nöqsanları öz iradələri ilə yazıblar. Maliyyə Nazirliyi iki şey bilir - yoxlama və hesab çıxarmaq. Bu qədər "ağa" "qara" yazmaq allahsızlıqdır. İttiham aktını oxuyanda səhvləri yox, düzü axtarmağa məcbur olmuşdum. Bunlar baş vermiş hadisəyə istintaq orqanın münasibətini göstərir".

V. Zeynalov səhhətinin yaxşı olmadığını deyərək, fasilə verilməsini xahiş edib. İclas mayın 10-na təxirə salınıb.
 
******* 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə nazirliyin nümayəndəsi Vüqar Babayev çıxış edib.

O bildirib ki, təqdirləndirilən şəxslərdən N.Məmmədov, E.Məmmədov və S.Hümbətov dəymiş zərəri ödəyiblər. V.Babayev həmin şəxslərə qarşı mülki iddialarının olmadığını deyib.

V.Zeynalovun vəkili Bəylər Məmişov nazirliyin nümayəndəsinə sual verib. O, 3 nəfər tərəfindən ödənilən məbləğin ittihamda yazılan ümumi 153 milyon manatdab çıxılıb-çıxılmamasını soruşub.

V.Babayev isə buna yekunda məhkəmənin qərar verəcəyini söyləyib.

Daha sonra məhkəmə V.Zeynalova sərbəst ifadə vermək üçün müraciət edib. Bu zaman onun vəkili Elxan Süleymanlı vəsatətlərinin olduğunu deyib. O, vəsatətlətlərində qeyd edib ki, həm Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, həm də məhkəmə istintaqında ciddi prosesual qayda pozuntuları var: "İttihamda 153 milyon manatın mənimsənildiyi göstərilib. Amma mülki iddiaçı dəqiq olaraq, hansı məbləği müdafiə etdiyini açıqlamır. İstintaq dövründə bəzi şəxslər dəymiş zərəri ödəyib, lakin bu məbləğ məlum deyil".

Müdafiəçinin digər vəsatətləri isə ekspertlərin, əlavə şahidlərin, mütəxəsislərin dindirilməsi ilə bağlı olib. O bildirib ki, cinayət işi materiallarında olan ekspert rəyləri məhkəmədə elan edilməli və müzakirə olunmalıdır.

V.Zeynalovun vəkilinin qaldırdığı vəsatətlərə digər təqsirləndirilən şəxslərin bəzi müdafiəçiləri etiraz ediblər.

M.Məmmədovun vəkili Şahin Rəfiyev deyib ki, təqdirləndirilən şəxslərin dəymiş zərəri ödəməsi ilə bağlı istintaq materiallatında məlumat var. Müdafiəçi bu səbəbdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərilməsinin mənasız olduğunu və digər vəsatətlərin də əsassız olduğu üçün təmin edilməməsini istəyib.

Vəsatətlərə münasibət bildirən sabiq Aparat rəhbəri V.Zeynalov çıxış edib. O, öz vəkilinin birinci vəsatətinin təmin edilməməsini istəyib: "Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərməyə ehtiyac yoxdur. Hər adama nə qədər məbləğ yazılması qara hərflərlə istintaq materiallarında var. Mənə maraqlı deyil ki, kim nə qədər ödəyib".

V.Zeynalov digər iki vəsatətin təmin edilməsini, Maliyyə Nazirliyinin nümayəndələrinin, ekspertlərin dindirilməsini və sənədlərin elan edilərək məhkəmədə müzakirə edilməsini tələb edib.

Vəsatətlər təmin edilməyib.

Məhkəmə sərbəst ifadə vermək üçün V.Zeynalova fasiləyə qədər vaxt verib.

Proses fasilədən sonra davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində "Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, "AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və "Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb.
Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İttiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.
V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.

Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR