TRAMP PUTİN KİMİ "SİYASİ FUTBOL" OYNAMAĞI BACARMIR

TRAMP PUTİN KİMİ

Dünyanın iki aparıcı siyasi liderinin - Vladimir Putinlə Donald Trampın çoxdan gözlənilən görüşü nəhayət ki, dünyanın sülh paytaxtlarından biri sayılan Helsinkidə (Finlandiya) baş tutdu və artıq tarixə çevrildi. Bu görüşü demək olar ki, hamı səbrsizliklə gözləyirdi. Biz azərbaycanlılar da bu iki liderin tet-a-tet görüşünü yaxınlaşdıran geopolitik prosesləri diqqətlə izləyirdik. Bəzi ölkələrin (Ukrayna, Baltikyanı ölkələr və s.) siyasi qüvvələri ümumiyyətlə, Trampı bu görüşdən imtina etməyə çağırırdılar. Görüşün bütövlükdə Qərb dünyası üçün məğlubiyyətlə sonuclanacağını proqnozlaşdıran Avropa və ABŞ siyasətçiləri də həyəcan təbili çalır və D.Trampı Putinlə görüş keçirməkdən çəkindirməyə çalışırdılar. Ancaq Tramp bu çağırışların və o cümlədən, öz administrasiya əməkdaşlarının tövsiyələrinin heç birinə məhəl qoymadı və Helsinkiyə gəldi. Rusiya mediasının ifadəsi ilə desək, ABŞ və Rusiya liderləri arasında "tarixi görüş" və ya "əsrin görüşü" baş tutdu.

Görüşün necə deyərlər, V.Putinin qələbəsi ilə bitdiyini hiss etmək, görmək üçün psixoloq və ya politoloq olmaq lazım deyil. Elə Amerika mediasının və siyasi isteblşmentinin nümayəndələri də bu görüşü Trampın böyük məğlubiyyəti kimi dəyərləndirirlər. Senator Con Makkeyn və MKİ-nin keçmiş direktoru Con Brennan`dan tutmuş ABŞ vitse-prezidentliyinə keçmiş namizəd Nensi Pelosi və keçmiş qubernator-aktyor A.Şvarseneggerə qədər - bir çox tanınmış şəxslər Trampın Putin qarşısında özünü alçaltdığını və bu görüşün ABŞ-ın və demokratik dünyanın maraqlarına xəyanət olduğunu qeyd etdilər. Odur ki, bu görüşdən sonra, indi Trampı ABŞ-ın özündə çox çətin günlər və sınaqlar gözləyir. Onsuz da Trampın hər addımını kəskin tənqid edən konqressmenlər və KİV nümayəndələri bu görüşdən sonra Trampa qarşı psixoloji təzyiqləri ikiqat artıracaqlar.

Ancaq Tramp isə öz opponentlərindən fərqli olaraq bu görüşü dünyada sülh və sabitliyi qorumaq üçün yaxşı başlanğıc hesab edir. Bu görüş həqiqətən də dünyada sülhün bərqərar olması, konfliktlərin çözülməsi üçün əhəmiyyətli rol oynaya bilər. Görüşdə bir çox önəmli məsələlər, o cümlədən Suriya böhranı, İranın nüvə problemi, "Şimal axını-2" məsələsi və sair bu kimi önəmli məsələlər ələ alındı, müzakirə edildi. Əlbəttə, görüşdə müzakirə edilən məsələlərin tam siyahısı açıqlanmır, amma bu görüş Ukrayna üçün, Gürcüstan üçün, İran və Türkiyə üçün əhəmiyyət daşıdığı kimi bizim üçün də çox önəml idi. Çünki müzakirə edilən məsələlərin bir çoxu Azərbaycanın strateji maraqları ilə də bu və ya digər şəkildə kəsişən və ya toqquşan məsələlərdir. Görüşdə Krım, Abxaziya və Cənubi Osetiya məsələləri kimi Qarabağ məsələsinin də taleyi açıq qaldı. Tramp bu məsələlərin həlli üçün təşəbbüsü Rusiyanın əlindən almaq istiqamətində heç bir cəhd göstərmədi. Bir sözlə, NATO ölkələrinin liderləri və Böyük Britaniya kraliçası qarşısında özünü dünyanın ağası kimi, Putinin qarşısında isə dərsini bilməyən günahkar məktəbli kimi aparan Donald Tramp bu cür ziddiyyətli davranışı ilə əslində qlobal dünya proseslərində qeyri-müəyyənlik mərhələsinin başlanğıcını qoymuş oldu. Helsinki görüşündə Putin Trampa rəmzi futbol topu bağışlasa da, lakin Putindən fərqli olaraq Tramp "siyasi futbol" oynamağı bacarmır.


Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR