Prezident İlham Əliyev 15 may 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edib.
Aktual.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra idarəedici təşkilatla (operatorun mülkiyyətində olan infrastruktur obyektlərinə münasibətdə ‒ operatorla) texnoparkın infrastrukturunun icarəsinə dair bağlanılmış müqavilə əsasında texnoparkın ərazisində sahibkarlıq fəaliyyətini (texnoparkın rezidentlərinə mal, iş və xidmətlərin təqdim edilməsini) həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs texnoparkın qeyri-rezidenti hesab olunacaq.
İdarəetmə sazişində başqa qayda nəzərdə tutulmayıbsa, həmin sazişin müddəti bitdikdə, operatorun mülkiyyətində olan infrastruktur obyektləri tərəflərin qarşılıqlı razılığı və ya sazişdə nəzərdə tutulan kompensasiya şərtləri əsasında idarəetmə sazişində müəyyən edilən təhvil-təslim proseduru əsasında, üçüncü şəxslərin hüquqları və yüklülüklər nəzərə alınmaqla, idarəedici təşkilatın mülkiyyətinə verilə bilər. Elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması məqsədilə texnoparkın rezidentinin vəsaiti hesabına qurulan istehsal sahəsi, avadanlıq və qurğular rezidentin mülkiyyəti hesab edilir.
Bundan başqa, Əsasnaməyə aşağıdakı yeni anlayışlar daxil edilib:
rəqəmsal texnologiya – məlumatların rəqəmsal formada yaradılmasını, toplanılmasını, emalını, saxlanılmasını, ötürülməsini və istifadəsini təmin edən, proqram təminatı, qurğular, vasitələr, telekommunikasiya şəbəkələri və əlaqəli sistemlər toplusu olan, iqtisadi, sosial və idarəetmə fəaliyyətlərinin avtomatlaşdırılmasına, optimallaşdırılmasına və innovativ inkişafına xidmət edən texnoloji həllər;
süni intellekt texnologiyası – statistika və ya digər riyazi texnika ilə bağlı hesablama metodlarından istifadə edərək, insan zəkası tələb olunan funksiyaları (proqnozlaşdırma, planlaşdırma, təsnifatlaşdırma, nümunənin tanınması, təşkili və qavrayışı, nitqin, səsin və şəklin tanınması, mətnin, səsin və şəklin yaradılması, dil tərcüməsi, ünsiyyət qurma, öyrənmə, problemlərin həlli və s.) yerinə yetirən, bununla da insanlar tərəfindən müəyyənləşdirilmiş məqsədlər çərçivəsində məzmun, ehtimal, məsləhət və ya qarşılıqlı əlaqədə olduqları mühitlərə təsir edən qərarlar kimi nəticələr yaradan, insanların qərar qəbul etmələrinə və digər proseslərə kömək edən, onları əvəzləyə bilən alqoritmik sistem və ya belə sistemlərin kombinasiyası;
innovasiya məhsulu – texnoloji qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmiş, yeni yaradılmış və ya xassələrinə, tətbiq sahəsinə və (və ya) istifadə formasına görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən (əsaslı şəkildə təkmilləşdirilmiş), iqtisadi, sosial və ya ekoloji səmərə verən, istehlakçıya təqdim edilmiş (bazara çıxarılmış) və ya təcrübədə tətbiq olunmuş, yaxud normativ hüquqi aktlara uyğun olaraq patent (ixtira, faydalı model və sənaye nümunəsi) kimi qeydiyyata alınmasını təsdiq edən sənəd ilə təsdiqlənmiş məhsul (iş, xidmət) və ya texnoloji həll;
kibertəhlükəsizlik – informasiya infrastrukturunun kibertəhdidlərdən, kiberhücumlardan və kiberinsidentlərdən mühafizə edilməsi və kiberdayanıqlılığının (kiberinsidentlərə qarşı davamlılıq, həmin insidentlər zamanı fəaliyyətin saxlanılması və sonradan operativ bərpası qabiliyyəti) təmin edilməsi;
elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri – elm və texnologiya sahəsində mövcud elmi və ya texnoloji qeyri-müəyyənliklərin aradan qaldırılmasına, yeni biliklərin əldə edilməsinə, habelə yeni və ya əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş texnologiyaların, proqram təminatlarının, məhsulların, xidmətlərin və ya proseslərin yaradılmasına yönəlmiş, həmçinin yenilik, yaradıcılıq, sistemlilik və təkrar istehsal oluna (ötürülə) bilmə meyarlarına məcmu şəkildə cavab verən fəaliyyət;
bulud hesablama xidmətləri – proqram təminatı, tətbiqlər, platformalar, o cümlədən infrastrukturun, platformanın və proqram təminatının xidmət kimi təqdim edilməsi modelləri daxil olmaqla, şəbəkələr, serverlər, məlumat saxlama sistemləri və digər konfiqurasiya edilə bilən hesablama resurslarının ortaq fonduna internet və ya digər telekommunikasiya şəbəkələri vasitəsilə məsafədən, istifadəçinin tələbinə uyğun çıxışın təmin edilməsi fəaliyyəti.
Xəbər 66 dəfə oxunub.