"Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır" - Qüdrət Həsənquliyev


Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib.

Aktual.az açıqlamanı təqdim edir:

- Qüdrət bəy, Birinci Beynəlxalq İslam Sivilizasiyası Konfransına Siz də qatılmışdınız, təəssüratlarınızı bölüşməyi xahiş edirik...

- Mən və deputat həmkarım Cavanşir Paşazadə həmin Konfransa hörmətli Şeyx Həzrətləri Allahşükür Paşazadənin dəvəti ilə qatılmışdıq. Konfransa dünyanın müxtəlif ölkələrindən tanınmış din xadimləri, islamşünas və şərqşünas alimlər, ictimai-siyasi xadimlər, dövlət adamları qatılmışdı. Konfransda Azərbaycandan Şeyx Həzrətləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış etdilər.

Səfərlə bağlı ən böyük təəssüratım Şeyx Həzrətlərinin 55 il keçməsinə baxmayaraq, Buxarada və Daşkənddə dini təhsil aldığı zaman dostluq etdiyi ailələrlə bugünə qədər çox isti və səmimi münasibətləri qoruyub saxlaması oldu. Bu, bütün gənclər üçün örnək ola biləcək nümunədir.

Daşkənddə möhtəşəm İslam Sivilizasiya Mərkəzi tikilib. Bura muzey kimi istifadə olunmaqla yanaşı, həm də müxtəlif tədbirlər keçirmək üçün əlverişli bir məkandır. Daşkəndə səfər edən hər bir soydaşımıza ora mütləq getməyi tövsiyə edərdim. Özbəkistan Türkiyədən sonra bizə ən yaxın ölkə olub, bizi daim müdafiə edib. Prezident Mirziyoyev Azərbaycanı sözü ilə əməli üst-üstə düşən dost və qardaş ölkə adlandırır. Özbəkistanda iqtisadi azadlıqlar genişləndikcə, ölkə iqtisadiyyatına daxili və xarici investisiya qoyuluşu artır, iqtisadiyyat böyüyür, insanlar bunu öz həyatlarında hiss edirlər. Konfrans həm də Səmərqənddə davam etdi. Şeyx Həzrətləri orada da çıxış etdi. Şeyx Özbəkistanı özünün ikinci vətəni hesab edir, özbəklər bunu çox yüksək qiymətləndirirlər. Ona göstərilən böyük hörmətin şahidi oldum. Onun İlham Əliyevlə Şövkət Mirziyoyevin Azərbaycan və Özbəkistan dostluğunun möhkəmlənməsinə verdikləri töhfələri əks etdirən "Qardaşlıq və Müttəfiqliyin Zirvəsi" kitabının Daşkənddə böyük təqdimat mərasimi keçirildi. Özbəkistan prezidenti Şeyx Həzrətlərini islam xalqlarının birliyinə, islama əsaslanan milli-mənəvi dəyərlərin təbliğinə, islamda islahatların aparılması istiqamətində göstərdiyi səylərə, Özbəkistan və Azərbaycan arasında dostuğun inkişafına verdiyi töhfələrə görə "El-Yurt Hörməti" ordeni ilə təltif etdi və şəxsən təqdim etdi.

Mirziyoyev dini ekstremizmə qarşı mübarizəni islam maarifçiliyində görür. O, Səmərqənddə İmam Buxarinin məqbərəsinin və məscidin yenidən qurulmasını təmin edib, muzey, insanlar üçün ziyarət və istirahət kompleksi yaradıb. Tövsiyə edərdim ki, vətəndaşlarımız yay ayları isti olduğu üçün yaz və payız aylarında Səmərqəndə, Buxaraya səfər etsinlər. Buxaraya səfər zamanı biz Şeyxlə birlikdə şəhər ətrafında yerləşən Şeyx Bahaəddin Nəqşibənd kompleksini, onun məzarını ziyarət etdik. Restavrasiya olunmuş XVI əsrə aid bu abidələri görmək lazımdır. Şeyx Həzrətləri ilə birlikdə Buxarada onun 7 illik təhsilini 3 ilə başa vurduğu mədrəsəyə, tələbəlik illərindən dostluq etdiyi evə də getdik. Çox təsirli səhnələr idi.

İslam sivilizasiyasının təbliğinə, dini maarifçiliyin yayılmasına, islami birliyə, sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır və buna görə Özbəkistan ən xoş sözlərə layiqdir.

Xəbər 90 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR