Soyadının haqqını verə bilməyən İNSANOV! – Deputatdan sillə kimi sözlər…

Soyadının haqqını verə bilməyən İNSANOV! – Deputatdan sillə kimi sözlər…

Bunu hər kəs təsdiqləyə bilər: həbsdə olan biri haqda yazmağı və danışmağı sevmirəm. Günahlı-günahsız, fərq eləmir – münasibət bildirmirəm. Hətta İlqar və Mehman məsələsində də məlum prinsipi gözləmişəm və çox nadir, fors- major hallar mövzu predmeti olmalıdır ki, bu gedişat pozulsun, istisnalar baş versin. 
İnsanov barəsində isə 2005-dəki gərgin tele-debatlar və fərdi efir çıxışlarım zamanı 1-2 dəfə danışmışam. O da şəxsiyyətinə deyil, dövlətçiliyə münasibət kontekstində. Üstəlik, eks-nazir olduğu üçün deyil, açıq xəyanət üslubunda + əlində balta, bıçaq, yaba dövlət üzərinə gəldiyi üçün. Və namərdcə gəldiyi üçün!
Əli İnsanov həmin vaxt nə elədiyini, nə işlər çevirdiyini, hansı mərhələdə hansı məqsədlə hansı addımlar atdığını özü gözəl bilir. 
Özü və siyasətin tam dərinliyində olanlar. Ayrıca, barəsindəki məhkəmə işi də onun siyasi riyakarlığını deyil, törətdiyi konkret cinayətləri ehtiva edib. Yəni, paralel xətdə adamın rəzil xəyanət tablosu, həmin tablodakı çalarlar, dizdə "stkoç”la belə yapışıb-qalmayan çörəyin fəlsəfəsi, nankorluq "istedadı”nın birəbir təftişi çox açılıb-ağardılmayıb. Heç indi də böyük kütlə təfsilatları bilmir. Bəlkə heç zaman da bilməyəcək.
Amma və böyük bir amma! Oldu-bitdi. Həbs edildi, bağışlandı. Günahsız olmadığı da dəqiq. Daha doğrusu elədiklərinin miqyası elə böyük idi, 14 illik məhbəs həyatı o miqyası ödəmirdi, kompensasiya eləmirdi. Sadəcə keçmişə deyil, gələcəyə baxmağı sevən Prezidenti kimlərsə inandıra bildi ki, İnsanovla bağlı humanist addım atılsın. Atıldı. Adam çıxdı "bayıra”. Fəqət, o inancın, təbliğatın, ideya müəlliflərinin gümanına belə gəlmədi ki, tibbdəki "kifoz” diaqnozu ilə (onurğanın üst nahiyəsindən bel donqarlaşması), el dilindəki "qozbel” ayamasının fərqi çox böyükdür. Daha dəqiqi, "kifoz”u korset düzəldə bilər. Amma "qozbel”inki ancaq qəbirdi. Eynən ataların müdrik kəlamında deyildiyi kimi.
Əli İnsanov! 
Sən oğru dünyasından, onların qanunlarından danışa, həyatını öz aləmində həmin qanunlarla uzlaşdıra bilərsən. Sərbəstsən. Sən "qərbi azərbaycanlıları” ermənistanlı kimi təqdim edib, ermənicə atalar misalı söyləyib, erməni xiffəti çəkib azərbaycanlı olmaq missiyasından tamamən imtina edə bilərsən. Sərbəstsən. Sən İlham Əliyevin 15 illik hakimiyyət dövrünü öz müsahibəndə 13 il kimi səsləndirib, arada qalan 2 ili skleroz beyninlə, "fil yuxusuna getmiş” obrazınla, ovqatınla görməzdən də keçə bilərsən. Yenə sərbəstsən. Amma sən ədalətdən, insan haqqından, mərdlikdən, kişilikdən danışa bilməzsən! Bilməzsən ki, bilməzsən. Bax bu dəqiqdir! Yoxsa mərdlik də, haqq da, kişilik də, ədalət də çıxar söz obrazından, qəlibindən, girər insan cildinə və qışqırar, bağırar, kükrəyər. Ki, ta...sən də yox da!!!
Mən atamı, ölkənin ən böyük ziyalılarından birini 2004-də itirmişəm. Xəstəxanada! Reanimasiyada! Sən nazir olanda. Yeriyərək, danışaraq gətirmişdim, gözü yumulu çıxardım. 24 yaşım varkən. Sonradan həkim özü etiraf etdi ki, müalicəni tərsə-məssəf aparıb. Üzərinə yeridiyimdə isə cavabı belə oldu: "Mən Əli İnsanovun adamıyam, mənə kimsə toxuna bilməz. Ümumən burada Əli İnsanovun adamlarına kimsə toxuna bilməz”. Ağır söz idi, müqavimət gücü olmayan birinə həmin söz güllə kimi dəyirdi, amma neynəməli ki, düz deyirdi. Həm də...düz deyirdi. Çünki sənin məhz cəllad missiyası ilə təyin elədiyin bəzi xüsusi təyinatlılar həmin vaxt gerçəkdən toxunulmaz idi. Bax, o vaxtdan nifrət edirəm sənə. Məni atasız, qızımı babasız qoyduğun üçün nifrət edirəm. 
Amma bu nifrət müqabilində belə həbsdə yatdığın zaman adını çəkmədim. Əvəzində içimi çəkdim. Səbrimə sığındım. Sadəcə həmin vaxtların ən çox yadımda qalan görüntüləri bilirsənmi nədir? – Sənin nazir kimi səhlənkarlığın ucbatından bir iynəyə görə həyatını itirən körpələr, 5 manatlıq tabletə görə başsız qalan ailələr, reanimasiya qapılarında dizini yerə qoyub ağlayan analar, meyit daşıyan maşınlar...
Səni bu iqtidar yox, bax həmin insanların ahı-naləsi, göz yaşı, haqqı vurub!
Hə, ədalət naminə onu da deyim. Bildiyim qədər "91”lərdən biri olmusan. Üstəlik, alimliyin, ixtiraların, kitabların öz yerində. Hətta 2003-ə qədər olan fəaliyyətin də ciddi nöqsanlarla yadda qalmayıb. Amma 2003-dən sonra səni kim fitvaladısa, kim yoldan çıxardısa sanki beynin çöndü. Hər mənada çöndü. Bütün elədiklərinin üzərindən qara xətt çəkdin. Üstəlik, bu qara xətti öz iradənlə, şüurlu formada çəkdin və ahıl vaxtında "yabanı dövrə” qədəm qoydun.
Sən və sənin timsalında bəzi riyakarlar var ha, deyirlər, bu hakimiyyətin formalaşmasında bizim xidmətimiz olub. Gözünüzə girsin o xidmət! Bir yaralı barmağa pambıq qoyub, yod sürtüb, üç gün sonra həmin barmağı xəncərlə kökündən qoparmaq cəhdi xidmət deyil, nadanlıqdır. Xidmət axıra qədər olur, birsifətlə, bir sima ilə olur, bütöv olur. Ac qalanda da olur, tox qalanda da. Vəzifə kürsüsünə minəndə də olur, düşəndə də. Xidmət – yalnız işinə yarıyarkən edilən icraat deyil, İnsanov! 
***
Nə tərzini dəyiş, nə vicdanını. Nə xasiyyətini dəyiş, nə fantaziyalarını. Xarakterinlə düşündüklərin zatən bir-birinə çox yaxın. Hətta çirkin xislətin qotur və bulanlıq arzulardan qidalanmağı da ayrı bir məntiq hicabı və ya pəncərə-qapaq sistemi kimi millimetrlik dəqiqliklə ölçülüb-biçilən bir şey. 
Heç rənginə də əl gəzdirmə. Dəyişmə. Zatən istəsən də dəyişə bilmərsən. Çün, açıq - orta açıq rəngin üzərindən qara çəkmək mümkündür. Amma qaranın üzərindən heç nə getmir, gedə bilmir! Yəqin, bu səbəbdəndir ki, TÜND qaranın ZİL qaradan savayı tək dostu ZÜLMƏT qara olur. Həmin trionun ayrılmaz hissəsi kimi qal, mövcudluğunu saxla, sona qədər də öz rəngindəki qara kölgənlə, qara nəfsinlə, qara nəfəsinlə burun-buruna, daban-dabana dayan. 
Amma yox, illah dirənsən ki, nəyisə dəyşməliyəm, ilk öncə bilirsənmi nəyi dəyiş? Öz də təcili? – Soyadını!
Bax onun haqqını dəqiq verə bilməmisən...

Elşən Musayev, 
Milli Məclisin deputatı
Xəbər 2481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR