"Azərbaycanın təkləndiyi köhnə dövrlər arxada qalıb"-Qüdrət Həsənquliyev


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Aktual.az həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, İran Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi deyib ki, İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək. Münasibətinizi bilmək istərdik…

-Əvvəla, Azərbaycan Ermənistanın ərazisini işğal etməyə hazırlaşmır. İkincisi, Ermənistan Azərbaycanın torpaqlarının 20%-ni 30 ildən artıq bir müddətdə işğal altında saxlayıb, bir milyon müsəlmanı ev-eşiyindən didərgin salıb, amma İran quzu kimi, məlulcasına buna dözüb. İndi nə olub, qeyrətə gəliblər? İran Ermənistana yarınmaq istəyirsə, bunun başqa yolunu tapsın, bizim adımızı hallandırmasın. Biz Ermənistandan öhdəliklərini yerinə yetirməsini tələb edirik. İran bölgədə sülh və əməkdaşlıq istəyirsə, Azərbaycanın haqq işini müdafiə etməli, ürək bulandırmamalıdır. Zəngəzur dəhlizi açılmalıdır.

-Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib ki, Qarabağı tərk etmiş bir qrup erməni Azərbaycana qayıtmaq istəyir. Bu məsələyə necə baxırsınız?

-Ermənilərin Azərbaycan qayıtması Ermənistanla danışıqların predmeti olmalıdır. 200 minə qədər Qərbi Azərbaycanlı Ermənistana-Zəngəzura, Qarabağ erməniləri isə Azərbaycana qayıda bilər. Bu iş paralel aparılmalıdır. Birtərəfli qaydada ermənilərin Azərbaycana buraxılması səhv, münaqişə ocağının gələcək nəsillərə, xarici güclərin bizim daxili işlərimizə müdaxilə imkanlarının saxlanması olardı. Bundan başqa, qayıdan ermənilər içərisində Azərbaycan dövlətinə və xalqına silah qaldırmış hər kəs cəzəlandırılmalıdır. Prezident qan tökülməməsi üçün vaxtında amnistiya təklif etdi, amma onlar qəbul etmədi.

-Prezidentin Paşinyanla görüşdən imtina etməsini necə qarşıladınız?

-Prezident bununla Qərb mediasına Azərbaycana qarşı total əks-təbliğat kampaniyası aparmaq göstərişi vermiş siyasi dairələrə, Avropa Parlamenti kimi bəzi beynəlxalq qurumlara başa salmaq istədi ki, riyakar və beynəlxalq hüquqa hayqırı açıqlamalarınızla, hədələrinizlə bizi qorxuda bilməzsiniz. Sizlər bir milyon azərbaycanlı qaçqını görməyib, könüllü Ermənistana köçmüş 90 min erməni barədə haray-həşir salıb, onların etnik təmizləməyə məruz qalması barədə müzakirələr açmaqla yalnız özünüzün nə dərəcədə əxlaqsız olmanızı nümayiş etdirə bilərsiniz. Ermənistanın bacısı Fransa danışıqlarda onun yanında olmaq istəyirsə bizim qardaşımız Türkiyə də orda olmalıdır. Artıq Azərbaycanın təkləndiyi köhnə dövrlər arxada qalıb.
Xəbər 2953 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR