"Seçki islahatların təsdiqi üçün ən gözəl indikatordu" - Günel Səfərova seçicilərinə səsləndi


2020-ci il fervral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyini irəli sürənlərdən biri də hüquqşünas, "Vətəndaş” İctimai Birliyinin rəhbəri Günel Səfərovadır. 
Təbliğat-təşviqat kampaniyasına ciddi hazırlaşan və seçicilərinin hər birinə diqqət ayıran Günel Səfərova Correct.az saytına müsahibə verib. 
Müsahibəni oxucularımıza təqdim edirik: 
2015-ci ildə parlamentə keçirilən seçkilərdə namizədliyinizi 21 saylı Nəsimi birinci seçki dairəsindən vermişdiniz. Orada sizi dəstəkləyən ciddi bir seçici kütləniz var idi. Niyə bu seçkilərdə məhz həmin dairədən deyil, 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyinizi irəli sürdünüz? 
-    Mən həmin dairədə əhalini inandırırdım ki, gəlin seçkilərə, iştirak edin, səsvermə hüququnuzdan yararlanın. Orada 309 bina evi, 447 fərdi yaşayış evi var idi. Mən ciddi hazırlaşmışdım. Əhali seçkiyə gəldi, lakin seçkinin nəticələri onları qane etmədi. Gördülər ki, nəticə onların seçdiyi kimi yox, təyinat əsasında oldu. Kifayət qədər saxtakarlıq, karusel, topa bülleten atılması və s.  kimi saxtakarlıqlar oldu. Düşündüm ki, bu dəfə fərqli yerdə, yaşadığım Binəqədi rayonunda işləməliyəm. Bu ərazi mənə yad deyil. Bu seçkilərdə xalqa başqa mesajlar verildi, islahatlar həyata keçiriləcəyi,  qərarverici qismində xalqın əsas rol oynayacağı bildirildi. Seçki islahatların təsdiqi üçün ən gözəl indikatordu. Biz bu dəfə sınayacağıq, görək islahat var, yoxsa yox. 

Ötən seçkilərdə əhalinin seçkiyə, ölkənin ictimai-siyasi həyatına baxış tərzi ilə, bu seçkilərdəki düşüncə tərzi, yanaşma tərzi eynidirmi, yoxsa müsbət istiqamətdə dəyişklik, canlanma var? 
-   Eyni olan əhalinin seçkiyə inamının az olmasıdır. Mən bir neçə istiqamətdə təbliğat aparıram. Birincisi, əhalini təşviq edirəm ki, seçkiyə, seçdiklərinə inansınlar, seçkidə iştirak edib səsvermə hüquqlarından istifadə etsinlər. İkincisi, mən onlara nə üçün mənə səs verməli olduqlarını, mənim platformamı digərlərində nə ilə fərqləndiyini izah edirəm. Üçüncüsü isə qadına qarşı streotipləri qırıram. Streotiplər qırılmalıdır ki, qadının gücü var olduğunu bilsinlər. 
Bugünə qədər məni izləyən, fəaliyyət sahəmi bilən, gördüyüm işlərdən xəbərdar olanlar asanlıqla mənə səs vermək qərarına gəlirlər. Ən çox çətinliyi əhalini seçkiyə inandırmaqda çəkirik. Ötən seçkidən bu seçkini fərqləndirən, əhalidə ümid işartıları yaradan bu islahatlardır. Bir çox sahədə islahatlar oldu, Prezident Adminstrasiyasında kadr dəyişiklikləri həyata keçirildi, önəmli kadrlar vəzifələrini itirdilər, digər sahələrdə həyata keçirilən kadr dəyişiklikləri insanlara ümid verdi. Lakin əhalinin mənə ünvanladığı bir neçə suallar var ki, məndə o suallara cavab yoxdur. Məsələn, buraxılan parlamentin üzvləri niyə yenidən öz namizədliklərini irəli sürdülər, yaxşı idilərsə, onları niyə buraxdılar? Bu suallara düşünürəm ki, hökumət, hakim partiya cavab verməlidir, mənim onların sualına veriləcək məntiqi bir cavabım yoxdur. Mən çətin də olsa onları inandırıram ki, seçkiyə gəlsinlər, bu seçkili strukturdur, təyinatlı yox. Xalq inanmalıdır ki, seçkilər bizim iradəmizə bağlıdır. 

Təbliğat-təşviqat zamanı sakinlər, seçiciləriniz ən çox sizə nədən gileylənirlər? Onların problemləri nədir? 
-   Öncə qeyd edim ki, mən imzatoplama kampaniyasında hiss etdim ki, əhalinin böyük narazı kütləsi var. Bu ona görə deyil ki, biz hakim partiyadan deyilik və biz bunu belə formalaşdırırıq. Mən radikal müxalifətçi deyiləm. Hamı bilir ki, yenilikçi, təhsil layihələrinə, qızların təhsil almasına önəm verən, vətəndaş cəmiyyətinin inkişafında maraqlı olan bir insanam. Mənim elə bir dağıdıcı maraqlarım yoxdur. Mən seçicilərin qapılarını döyəndə hamı mənə deyir ki, partiya üzvüsünüzsə, biz sizə nə imza, nə də səs vermirik. Lakin bitərəf olduğumu, şəxsi təşəbbüsümlə namizədliyimi irəli sürdüyümü deyəndən sonra məni dinləyirdilər. Bir dəfə təsadüfən getdiyim evdə mənim "YouTube"də  videolarıma baxdıqlarının, çıxışlarımı dinlədiklərinin şahidi oldum. 
Əhalinin ciddi narazılığı var və onu işini bacarmayan, vətəndaşları qapıda gözlədən məmurlar yaradıb.  Ən çox narazılıq isə sərəncam verilməsinə rəğmən sənədsiz qalan evlərlə, kanalizasiya, infrastruktur, pensiya yaşının çox olması ilə bağlıdır. Məsələn, "Xutor”da evlər o qədər sıx tikilib ki, bir evdə yanğın olsa bütün "Xutor” külə dönəcək, əhali bundan narazıdır.  Mən başa düşürəm deputat gedib yol çəkdirmir, su çəkdirmir, amma deputat dövlət qurumlarına sorğular göndərməli, onları işləməyə təşviq etməlidir. 
Sizin təbliğat-təşviqat kampaniyanıza, ümumiyyətlə namizədlik platformanıza maraq göstərənlərin yaş həddi təxminən nə qədərdir? Seçicilərinizin sizdən gözləntiləri nələrdir? 
-   Fərqli yaş kateqoriyaları var. Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəçisi kimi tanındığım üçün mənim tərəfdarlarımın əksəriyyətini valideynlər təşkil edir. Xanımlarla bağlı həyata keçirdiyim layihələrə görə, qadınlara bərabər hüquqların yaradılması istiqamətində etdiyim çıxışlarla bağlı qadınlar da mənim platformama və seçilməyimə maraq göstərirlər. Eyni zamanda çox sayda gənc dəstəkçim var. Gənclər sektorunda geniş fəaliyyətimin də burada böyük rolu var, həmçinin təbliğat-təşviqat kampaniyamda gənc könüllülər də iştirak edirlər. Onların da mənə verdiyi məlumata görə, gənclər məni ciddi şəkildə dəstəkləyirlər. Həmin insanların diqqətini çəkən isə mənim boş-boş, mənasız vədlərim deyil. Mən bir hüquqşünas olaraq seçicilərimin yanındayam.  

Gender məsələsi ilə bağlı çətinlik yaşayırsınızmı? Qadın namizəd olaraq təbliğat-təşviqat aparmaq sizə nə kimi çətinliklər yaşadır? 
-   Təşviqat kampaniyasında bəzən çətinlik yaşayıram. Kişilərin heç vaxt hakimiyyəti qadınlara verməyəcəklərini, seçilməyimə imkan yaradılmayacağını deyirlər.  Mən onlara başa sala bilmirəm ki, mən deputatlığa kişilərin əlindən hakimiyyəti almaq üçün seçilmirəm. Bəziləri isə məni təqdir edirlər. Deyirlər ki, bu qədər kişiyə qarşı sinə gərirsən. Seçicilərin böyük əksəriyyəti bu dairədən mənim seçilməyimi, deputatlarının qadın olmasını, onları daha yaxşı başa düşən birinin olmasını istəyirlər. 
Rəqiblərinizi izləyirsinizmi, onların platformalarında nə kimi çatışmazlıqlar var? Seçicilər niyə rəqiblərinizə deyil sizə səs verməlidirlər? 
-   Mən rəqiblərimi izləyirəm və izləməliyəm də. Dairədə 15 namizəd var onlardan yalnız 5-nin fəaliyyəti nəzərə çarpır. Digər namizədlərin fəaliyyəti demək olar ki, görünmür. Rəqiblərdən biri Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndəsi, bu seçki dairəsinin əvvəlki deputatıdır. İmzatoplama kampaniyasından tutmuş, təbliğat-təşviqat kampaniyasına qədər bütün inzibati resurslar məhz həmin şəxs üçün işləyir. YAP-ın , yerli icra hakimiyyətinin, bütün büdcə təşkilatlarının inzibati resursları həmin şəxsə işləyir. Digər namizədlərdən Ülvi Həsənlidir ki, o da seçicilər arasında təbliğat-təşviqat aparır. Bizi narazı salan odur ki, hər namizəd üçün bərabər imkanlar yaradılmır. Bizə yaradılan imkanlarla hakim partiyanın namizədinə yaradılan imkanlar arasında yerlə göy qədər fərq var.  Bu, çox böyük ədalətsizlik və qanunaziddir. Nəyə görə mənim şəkillərim lövhələrdən cırılır? Nəyə görə mən hansısa bir tədbir-görüş keçirdikdən sonra icra hakimiyyətinin adamları həmin əraziyə gedib tədbirdə iştirak edən seçicilərə etirazını bildirir? Mənim təbliğat-təşviqat kampaniyamı aparan uşaqlar mənə deyirlər ki, bizi dəstəkləyən seçicilər şəxsiyyət vəsiqələrinin yığılmasından, kodlarının alınmasından narazılıq edirlər. Nə üçün bu inzibati resurslar onlar üçün işləməlidir? Biz bu məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət ərizəsi ilə müraciət etmişik, lakin heç bir reaksiya-cavab yoxdur. Bu ilkin siqnallardır ki, seçki şəffaf keçirilməyəcək. 
Seçicilər mənə ona görə səs verməlidir ki, mən ixtisasca hüquqşünasam. Qanunlarda olan boşluqları dərhal sezə bilirəm və boşluqların aradan qaldırılması, qanun layihələrinin zənginləşdirilməsi üçün təkliflər hazırlaya, ideal bir qanunvericilik bazasının yaradılmasına nail ola bilərəm. Mən seçicilərim üçün susan deputat olmayacam, həqiqətən parlamentdə onları təmsil edən vəkil olacam. Lakin namizədlərin platformasını dərindən incələməmişəm. YAP-ın namizədinin platformasını araşdırsam nə dəyişəcək ki?! 5 il ərzində heç bir təşəbbüs irəli sürməyib və əhaliyə "xidmət”i də göz qabağındadır.  

Təzyiqlərə, təhdidlərə məruz qalırsınızmı? 
-   Namizədliyimi irəli sürdükdən sonra ilk olaraq Kəmaləddin Qafarova, mənə yaxın olan dostlardan müxtəlif təkliflər gəldi ki, namizədliyini geri götür, bunun müqabilində həm mənim özümə, həm dəstək qrupuma müxtəlif şeylər də təklif edildi. Sonra gördülər ki, bu metodun heç bir effekti yoxdu, keçdilər təhdidlərə. Bildirdilər ki, seçkidən sonra o Azərbaycanda yaşayacaq, bəzi şeyləri nəzərə alsın və s. Dəstək qrupumda olan insanlar işlərini itirməkləri ilə təhdid edildilər. Bəzi xanım namizədlər bu kimi təhdidlərə görə namizədliklərini geri götürdülər, bəziləri depressiyaya düşdülər. Məni istər təhdid eləsinlər, istər hədə-qorxu gəlsinlər, nə istəyirlər etsinlər mən mübarizəni davam etdirəcəm. Mən şəxsi biznesimin mübarizəsini aparmıram! Mən tibbi avadanlıq, uşaq bezləri, restoran, aptek, xəstəxana biznesimi qorumaq üçün yox, seçicilərimin səsini qorumaq, onların etimadını doğrultmaq üçün mübarizə aparacağam, həm də sonuna qədər. Kifayət qədər yaxşı təhsil almışam, istəyirəm ki, idarəetmədə xalqın içindən çıxan, xalqı başa düşən bir insan iştirak etsin. 
Virtual səsvermələri göstərici kimi qəbul edirsinizmi? 
-   2015-ci ildə bütün virtual səsvermələrin qalibi mən idim, lakin qutudan surpriz çıxdı. Gecə saat 12-də səsvermə bitən kimi biz həmin saata olan səsvermə nəticələrinin şəklini çəkdik. Mən qalib idim. Səhər yuxudan durduq ki, başqa adam seçilib. Mən "Facebook”un deputatı yox, parlamentin deputatı olmaq istəyirəm. Hakim partiyanı sosial şəbəkələrdə dəstəkləyənlərin sayına və kimliyinə fikir versək əksər hissəsini Aykalar, Zaykalar təşkil edir. Belə saxta dəstək mənə lazım deyil. Mən daim dürüst olmuşam, həmişə də dürüst olacağam.
Seçilsəniz platformanızı və görəcəyiniz işləri, fəaliyyət planınızı açıqlamısınız, seçilməsəniz və buna hansısa saxtakarlıq səbəb olsa hansı işlər görəcəksiniz? 
-   Mən Azərbaycanı çox sevən insanam. Bir müdət hətta ölkədən kənarda da yaşamışam. Beynəlxalq təşkilatlarda fəaliyyət göstərmişəm və çox asanlıqla ölkəni tərk edə, başqa bir ölkədə yaşaya bilərəm, amma mən Azərbaycanı sevirəm. Mən bu ölkənin bir parçasıyam, vətəndaşıyam, hətta təşkilatımın adı belə Vətəndaş İctimai Birliyidir. Kifayət qədər ictimai fəal adamam. İl ərzində minlərlə insanla işləyirik, təlimlər, tədbirlər keçirir, araşdırmalar aparır, sorğular göndəririk. Biz yerimizdə sayan insanlar deyilik ki, seçkidən sonra fəaliyyətsiz dayanaq. Əgər bu seçkilərdə də saxtakarlıq olsa, sonuna qədər mübarizə aparacağam. Avropa Məhkəməsinə qədər müraciət edəcəyəm, mənim itirəcək heç nəyim yoxdur. Əlimdən gələni edəcəyəm ki, ölkəmizdə həqiqi islahatlar olsun. Seçkilərin şəffaf olmasında bizdən, müstəqil, bitərəf namizədlərdən daha çox hakimiyyət, hakim partiya maraqlı olmalıdır. Çünki artıq islahat mesajı yüksək səviyyədə verilib, seçkidə saxtakarlığın olmayacağı ilə bağlı mesajlar verilib. Əgər seçici bu seçkilərdə saxtakarlıq görsə, daha bundan sonrasını mən bilmirəm. Kim bundan sonra islahata inanar ki? 
Seçicilərinizə müraciətiniz nədir? 
-   Mən ATƏT-in seçki missiyasının üzvüyəm, bu səbəbdən digər ölkələrdə seçkiləri müşahidə edirəm. Ukraynada prezident seçkilərində gördüm ki, yaşlı, uşaq, cavan hamı bir nəfər kimi səsverməyə gəlir, yüksək səviyyədə iştirak edirlər. Seçkilərdə iştirak etməyi namus, vicdan məsələsi kimi bilirlər. Seçicilərimdən gözləntim budur. Mən namizəd olsam da gedib səsvermədə iştirak edəcəyəm. Bəyəndiyim, dəstəklədiyim namizəd isə Xəyal Məmmədxanlıdır.
Müsahibə: Rövşən Əsədov
Fotolar: Pərviz Həşimi
Xəbər 37107 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR