Şairə Xatirə Xatun: “Ən maraqlı kitabım... nəvəm olacaq”

Şairə Xatirə Xatun: “Ən maraqlı kitabım... nəvəm olacaq”

"Qəzəl ədəbiyyatın riyaziyyatıdır”


 

Xatirə xanımla eyni dövrdə, qonşu məktəblərdə təhsil almışıq, ümumi dost-tanışlarımız olub. Şair Camal Yusifzadənin təbirincə desəm, eyni şəhərin yağışında islanmışıq. Xatirə xanım mədəniyyətə, incəsənətə marağı, fəallığı ilə yaşıdlarından seçilirdi. Sonra ömrünü-gününü pedaqoji sahəyə bağladı, müəllim kimi çalışdığı kollektivin, şagirdlərin hörmətini qazandı.

Və günlərin birində mətbuatda Xatirə Xatun imzası ilə şeirləri dərc olundu. Artıq 2 kitabın müəllifidir, Vaqif Yusifli, Baba Vəziroğlu, Qulu Axsəs kimi tanınmış alim və şairlər Xatirə Xatunun şeir və qəzəlləri, ədəbi yaradıcılığı barədə dəyərli fikirlər bildiriblər.

 

- İlk şeirlərinlə biz dostları xeyli təəccübləndirdin. Ötən illər ərzində bu bacarığını bizdən necə gizli saxlaya bildin?

- Doğru deyirlər ki, şair olmurlar, şair doğulurlar. Görünür içimdə bu potensial var imiş, sadəcə, məqamını gözləyirmiş. Burda genetik kodlar məsələsi də var, rəhmətlik babam, atam gözəl ədəbiyyat biliciləri olublar, Vaqif Hüseynov, Elçin Mirzəbəyli kimi tanınmış şairlərlə qohumam. Bütün bunlara rəğmən, ədəbiyyata, poeziyaya gəlişim özüm üçün də bir qədər gözlənilməz oldu, bir də hiss etdim ki, yazmaq, düşüncələrimi poeziyanın vasitəçiliyi ilə çatdırmaq daxili bir tələbata çevrilib. İlk vaxtlar şeir yazdığımı ən yaxınlarımdan belə gizlədirdim, utanırdım... Daha çox ithaf şeirləri yazırdım, anama, müəllimlərimə şeirlər həsr edirdim, evdəki hadisələri, mənə maraqlı gələn olayları misralara köçürürdüm. Sonra Kərim və Sərxan dünyaya gəldi, başladım övladlarıma şeirlər yazmağa. Yəqin elə bu üzdən "Bu sevgidən nə qalacaq görəsən?” adlı ilk kitabımda daha çox ithaf şeirləri toplandı. Poeziya vasitəsi ilə öz hislərimi, duyğu və düşüncələrimi daha rahat ifadə edə bilirəm. Baxmayaraq ki, hələ də özümü şair hesab eləmirəm. Çünki bu, çox məsuliyyətli bir missiyadır.

Düşünürəm ki, istedadlı insan hansı sahədə öz bacarığını daha rahat və yaxşı realizə edə bilirsə, o sahə ilə ciddi məşğul olmalıdır. Mən dovşan şəkli çəksəm, pişiyə oxşayacaq, pişik çəksəm dovşana. Amma bayaq dediyim kimi, poeziyada düşüncələrimi rahat ifadədə etməyi bacarıram. Savadına, bədii zövqünə inandığım insanlardan biri deyir ki, nəsr yazsan poeziya səndən küsər. Amma içimdə elə məqamlar var ki, onları nəsrlə qələmə almaq daha maraqlı alınardı. Nə bilim, görünür nə zamansa poeziyanı özümdən küsdürməli olacam. Yaradıcılıq prosesi başdan-başa sirr, müəmmadır, öncədən heç nə planlamaq olmur. Bəzən aylarla bir misra belə yaza bilmirsən, bəzən isə hansısa bir qüvvə səni məcbur edir ki, bütün işi-gücünü kənara qoyub ancaq yazasan. Məncə şeir əvvəl beyində yaranır, sonra isə qələmə dolur. Elə yazı-pozu adamı var deyir, mən yaradıcılıq formamı saxlamaq üçün yazıram, eləsi də var ki, deyir qarşıma şeir yazmaq məqsədi qoyanda, oturub yazıram. Sözün doğrusu, belə yanaşmanı anlaya bilmirəm.

- "Unut məni unutmağı” adlı ikinci kitabında dostumuz Qulu Ağsəsin sənin haqqında yazdığı maraqlı fikri oxudum-Xatirə Xatun sərhəd bölgəsində doğulub, həmişə də sərhədləri aşmaq istəyib”...

- Özümü tanıyandan heç bir sözümü, fikrimi pərdələməyə, maskalamağa çalışmamışam. Ürəyimdə nədirsə, dilimdə də odur. İndiki zamanda elə bunun özü də sərhədləri aşmaq, stereotipləri qırmaq cəhdidir məncə.

- Üstəlik zərif çiynini ağır bir yükün altına vermək-qəzəl yazmaq...

- Qəzəl janrına meyl göstərməyimdə də boya-başa çatdığım mühitin təsiri olub. Atam evdə həmişə Füzulidən, Racidən, Heyran xanımdan, Vahiddən qəzəllər deyərdi, mən də onlardan bəzilərini yaddaşıma köçürərdim. Yəni qəzələ üz tutmağım, qələmimi bu janrda da sınamağım qəfil bir qərar deyildi, mən özümü uzun bir zaman idi ki, bu prosesə hazırlayırdım. Qəzəl çətin bir janrdır, öz qayda-qanunları, çərçivələri var, heç təsadüfi deyil ki, qəzəli poeziyanın riyaziyyatı adlandırırlar. Mən də bu riyaziyyatı dərindən mənimsəməyə çalışıram, çox mütaliə edirəm, öyrənirəm. Klassik ədəbiyyatımızı bilmədən qəzəl yazmaq mümkün deyil. Ümumiyyətlə götürəndə bədii yaradıcılıqla məşğul olan adam yazar olmazdan qabaq öncə yaxşı oxucu olmalıdır.

- Bu gün sosial şəbəkələrdə istənilən mövzu ətrafında, o cümlədən də bədii ədəbiyyatla bağlı geniş müzakirə və mübahisələr aparılır. Bildiyim qədərilə sən bu müzakirələrdə fəalsan. Yaradıcı adamın paytaxtda və ya bölgədə yaşaması bölgüsü də artıq yavaş-yavaş aradan çıxır...

- Paytaxt-bölgə məsələsi, bölgüsü həmişə olub, təəssüf ki, bu stereotip hələ də qalmaqdadır. Səninlə qismən razıyam, sosial şəbəkələr məsafəni aradan götürüb, müzakirələrə qoşulub fikirlərini bildirə bilirsən, amma bəzi məqamlarda necəyə deyərlər, lazımı anda lazımı yerdə ola bilməmək bölgədə yaşayan yaradıcı adama öz mənfi təsirini göstərir.

- Sosial şəbəkələrdə səni də tənqid edirlər?

- Klassikləri, dünya şöhrətli yazıçı və şairləri də tənqid edirlər. Bəziləri bu iş üzrə əməlli-başlı "ixtisaslaşıb”. Tənqidə dözümlü yanaşan birisiyəm, Napoleon qızılı deyiləm ki, hamının xoşuna gəlim... Bəzən şeir və qəzəllərim haqqında tənqidi fikir paylaşanlar olur, amma daha çox tərif yazırlar.

- Təriflərin səmimiyyətinə inanırsan?

- Səmimi münasibətlə yalançı tərifləri ayırmağa çalışıram, uzun illər pedaqoq kimi çalışmağımın bu işdə mənə köməyi dəyir. Hesab edirəm ki, ədəbiyyatdan anlayışı olmayan 50 adamı tərifindənsə bu sahənin bilicisi olan bir nəfərin tənqidi daha önəmlidir. Bu baxımdan tanınmış alim Vaqif Yusiflinin həm tərifini, həm də bəzi iradlarını qəbul edirəm.

- Şagirdlərini sənin şeirlərini əzbərləməyə məcbur eləmirsən?

- Yox, belə şeylər xarakterimə tam yaddır. Sinif otağına daxil olanda tamam başqa bir adam oluram. Həm də indi hansı zamandır ki, məcburən şeir əzbərlədəsən? Heç övladlarıma belə şərt qoymamışam. Oğlum Sərxanla arada mübahisəmiz yaranır, qəzəllərimdəki bəzi ərəb-fars sözlərinə etiraz edir, deyir İlqar Fəhminin qəzəlləri daha anlaşılandır.

- Yaradıcılıq işlərinə, yazı-pozuya daha çox zaman ayırırsan, bəs Kərimi, Sərxanı evləndirmək barədə nə vaxt düşünəcəksən?

- Evimizdə ən çox dartışılan mövzudur... Elə müsahibəyə gələndə də oğlanlarımla mübahisə eləmişəm, hər gün onlara deyirəm ki, qayınana olmaq, nəvə görməkistəyirəm. Düşünürəm ki, ən maraqlı kitabım... nəvəm olacaq.

Etibar CƏBRAYILOĞLU

 

Xəbər 6946 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR