Şah damarım - İBRAHİM YUSİFZADƏNİN DOĞUM GÜNÜNƏ

Şah damarım - İBRAHİM YUSİFZADƏNİN DOĞUM GÜNÜNƏ

Anar Yusifoğlu

Yardımlıya gedirdik, maşını mən sürürdüm. Birdən qarşıda uzun müddətdir qardaşımın ayağının altını qazan, onun haqqında olmazın şər-böhtan danışan, nüfuzdan salmağa çalışan həmkəndlimi gördüm. Heç vaxt icazə verməmişdi ki, bu adama qarşı hansısa hərəkət edəm. Ona görə illərin hikkəsi yığılıb qalmışdı içimdə.
Bilirdim ki, yenə də hansısa addım atmağa imkan verməyəcək. Ona görə yolun ortasındakı çalada yığılan çamura yaxınlaşanda maşını yavaşıtdım – istəyirdim, həmin şəxs də o çalaya yaxınlaşsın, bərabərləşəndə heç olmasa üst-başını palçığa batırmaq fürsəti əldə eləyim.
Qağamın başının söhbətə qarışıq olduğunu zənn etməkdə yanılmışdım. Niyyətimi hiss elədi:
– Saxla maşını! – dedi.
– Qoy, bu çalanı keçim, rahat yerdə saxlaram, – deyib özümü bilməz kimi göstərdim.
– Yox, elə indi saxla!
Saxladım. Dərhal maşından endi, illərlə işi-peşəsi ona pislik etməklə keçmiş adama sarı yönəldi. Və...
Həmkəndlim yolunu dəyişib dərəyə endi, Qağam da ardınca. Adam üz-üzə gəlməmək üçün yenidən yola qalxdı, yenə Qağam qarşısına çıxdı və adıyla hayladı:
– Xeyri yoxdu, mənim salamımı almamış burdan keçə bilməyəcəksən – deyə yolunu kəsdi.
– İbrahim, məni öldürdün, vallah, yer aralansaydı, yerə girərdim, – həmkəndlim dedi.
Heç nə olmayıbmış kimi Qağam adamla isti-isti görüşdü, xeyli hal-əhvallaşdı...
Bu hadisənin üstündən 20 ilə yaxın zaman keçib. Nə o vaxt soruşdum bunun səbəbini, nə də sonra. Amma indi özüm anlamağa başlayıram, deyəsən.
Qağam nəsilə ancaq dost qazanıb, düşmən yox!
lll
50 ildir kənddə yaşamır Qağam. Ancaq məzuniyyətinin bir hissəsini mütləq kənddə keçirir. El-obada gördüyü iş isə həm də küsülüləri barışdırmaq olur...
Hər dəfə barışdırma mərasimindən sonra bir adamın üstündə qərarlaşırdı fikir. Məlum olurdu ki, aranı qatan, söz aparıb-gətirən, şayiə yayan odur.
Bir dəfə incikliyi unutdurub hamını yenə bir süfrə arxasında oturtmağa nail olandan sonra həmin adamı da çağırdı – açdı sandığı, tökdü pambığı. Axırda naəlac qalan adam niyyətini etiraf etməyə məcbur oldu:
– Ağılları varsa, qatılmasınlar da, niyə mənim sözümə uyurlar?
Qağama də elə bu lazım idi:
– Camaat, eşitdiz dediyini? Niyə bu adama imkan verirsiz ki, sizi ələ salsın? Yəqin aranı qarışdırandan sonra sizə içində gülür də. Bundan sonra kim heç nədən söz-sov salsa, artıq onun ağlına şübhə edəcəyəm...
lll
...Elimizdə məşhur məsələ çevrilən bir hadisə də var.
Bir dəfə Qağam kənddən qayıdanda qonşu obada yaşayan ağsaqqal qohumumuzu görür. Qohum atamdan inciyibmiş, "ənənəyə” uyğun hamımızla küsü saxlayırmış.
Qağam maşından enib ağsaqqala tərəf gedir. Qardaşımın xarakterini bilən qohum dərhal üzünü çevirib addımını yeyinlədir. "Qaçdı-qovdu” başlayır. Axır ki, qohum bir hasara dirənib qalır – getməyə yer olmadığından naəlac geri çevrilir. Qağam deyir ki:
– Əmi, belə səndən qorxuram, sənə yaltaqlanıram, başına dönüm, salamımı al, çıxım gedim.
Əmim Qağamın boynuna sarılıb, hönkür-hönkür ağlayır.
Odu-budu, bizim eldə kimsə bir-birindən incik düşəndə Qağamın məsələ çevrilən bu hərəkəti köməyə gəlir.
Bir dəfə cəsarətlənib bu addımının səbəbini soruşdum:
– Bizim onlardan başqa kimimiz var ki! – dedi. – Doğmalarsız, dostsuz həyat nəyə lazımdır?
lll
Qağam kimi yol yoldaşını ancaq arzulamaq olar. Bu adamla səfərə çıxmağın özü bir xoşbəxtlikdi. Onunla darıxmaq mümkün deyil, söhbətindən doymaq olmur, baməzə hərəkətləri ancaq fərəh gətirir.
Ən gərgin anlarda, ən çətin günlərdə belə Qağamla bir anlıq ünsiyyətə girmək kifayətdir ki, bütün ovqatın, mübarizə əzmin yerinə gəlsin.
Qağam həm də hamımızın güvənc yerimiz, istinadgahımızdır...
Ağır qəza olmasa da, maşını möhkəm əzmişdim, qanım qaraydı. Gecə yarı olduğundan Qağama xəbər eləməyə qıymırdım. Bir də içimdə bir qorxu da vardı: bu yaşda belə idealımın ümidlərini doğrultmamaqdan doğan narahatlıq içimi gəmirirdi.
Təbii ki, xəbər tutmuşdu və anında da gəldi. Bizə yaxınlaşanda bir üzümə baxdı, bir də dostlara nəzər saldı:
– Bir dəmir nədir ki, bu qədər üzülmüsünüz? Canınız sağ olsun. İçməmisiz, artıq hərəkət eləməmisiz ki, utanasız da! Hadisədir də, olub. 
Dostların qırışığı açıldı, elə mənim də. Amma Qağamın heç vaxt unutmayacağım sözü bundan sonra oldu:
– Anarın bir telinə yüz maşın qurban olsun. Şükür ki, salamatlıqdır...
lll
Mən Ondan tərbiyə almışam, məni böyüdən, cəmiyyətə hazırlayan o olub.
Uşaq vaxtı əlimdən tutub böyüklərin məclisinə aparardı, məni onlarla ünsiyyətə çağırardı. Deyərdi, istəyirəm Anar özünü ifadə etməkdə çətinlik çəkməsin, onunla bağlı arzularım var.
Nə idi arzuları, məni necə görmək istəyirdi?
Bu yaxınlarda 8-ci sinifdə oxuyarkən xatirə dəftərimə yazdığı qeydlərinə bir daha nəzər saldım. 27 il öncə mənə yazmışdı: "Əziz qardaşım Anar. Qeyrətli, namuslu, vicdanlı, təmiz bir adam ol həyatda. Valideynlərinə, özündən böyüklərə, bütün qohum-əqrəbaya hörmətlə yanaş ki, sənin də onların arasında hörmətin olsun. 
Sənə uzun ömür, can sağlığı arzulayıram. 
Səninlə fəxr eləyən, arxan, dirəyin, köməyin və sənə ümidlər bəsləyən qardaşın İbrahim Yusifzadə. 27.05.1989”.
Mən bütün həyatım boyu bu sözlərlə yaşamağa, bu ümidləri doğrultmağa çalışdım, bundan sonra da çalışacam.
Təki Qağam məni özünə layiq qardaş saysın!
lll
Qağam rayon mərkəzində işləyirdi, ancaq şənbə-bazar, istirahət günləri kəndə gəlirdi.
Şənbə-bazarları elə həsrətlə gözləyirdim ki!
Çox vaxt məktəbdə dərs qurtaran kimi qaçıb dağın başına çıxırdım, kəndimizi rayonla birləşdirən yola dikilirdim.
Bilirdim ki, bu gün Qağamın gələn günü deyil; bilirdim ki, bu gün bu yollar heç bir halda Qağamı gətirməyəcək.
Amma yola saatlarla dikilib qalırdım.
Bu yollar Qağamın soraqçısıydı...
Aradan illər keçib – indi eyni şəhərdə, eyni binada yaşayırıq, istənilən vaxt görüşmək imkanımız var, müasir texnologiya hər an onun səsini eşitmək imkanı verir mənə.
Amma indi görüşlərimizi şərtləndirən səbəb də lazımdır, axı: iş-güc, ev-eşik, bitməyən qayğılar.
Tez-tez onu görməyin "min bir bəhanəsini” düşünürəm. Bu düşüncələr kənddə baxdığım yolların başqa şəklidir mənimçün...
lll
İbrahim müəllim – diplomunu almaq çox çətin olan böyük bir həyat məktəbidir: həyatın özüdür sanki, bu məktəbi ömrünün sonuna kimi öyrənsən də, bitməz, tükənməz.
İbrahim müəllim – hər zaman hamının pay götürməsi mümkün olan böyük bir işıqdır.
İbrahim müəllim – təkcə Böyük qardaş deyil, həm də Böyük dost, Böyük məsləhətçidir.
Ötən il iyunun 10-da, Qağamın ad günündə demişdim ki, sən mənim şah damarımsan.
Mən özümü bu "şah damarsız” təsəvvür etmirəm.
Tanrı hamıya Qağam kimi dost, Qağam kimi mayak, Qağam kimi işıqlı qardaş qismət etsin.

Xəbər 6208 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR