Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi maksimuma çatdı

Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi maksimuma çatdı

“Təəssüflər olsun ki, bu ilin 7 ayı ərzində obyektiv səbəblərdən ticarət dövriyyəsinin həcmi 23,2 faiz azalıb”

“Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün Moskvada keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 15-ci iclasında komissiyanın Rusiya tərəfdən həmsədri, baş nazirin müavini Dmitri Roqozin deyib.

D. Roqozin iclasın gündəliyində Rusiya-Azərbaycan əməkdaşlığı, enerji, sənaye, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin durduğunu deyib.

O bildirib ki, iki ölkə siyasi, ticarət, mədəni və humanitar sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığı aktiv inkişaf etdirir: “Bu bizim ölkələrin strateji maraqlarına cavab verir. 2014-cü ilin yekunlarına əsasən, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 12 faiz artaraq tarixi maksimuma çatıb. Ticarət dövriyyəsinin həcmi 4 milyard ABŞ dolları olub. Bu, MDB ölkələri arasında ticarət göstəricilərinin dinamikasına görə ən yaxşı nəticələrdən biridir”.

D. Roqozinin sözlərinə görə, 2009-cu ildən indiyə kimi Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi iki dəfədən çox artıb: "Azərbaycan MDB ölkələri arasında Belarus, Ukrayna və Qazaxıstandan sonra Rusiya ilə ticarət dövriyyəsinə görə 4-cü, Rusiya isə Azərbaycanla ticarət dövriyyəsində İtaliya və Almaniyadan sonra üçüncü yerdədir. Təəssüflər olsun ki, bu ilin 7 ayı ərzində obyektiv səbəblərdən ticarət dövriyyəsinin həcmi 23,2 faiz azalaraq 1,7 milyard dollar olub. Hesab edirəm ki, bugünkü iclasda bu məsələni detallı müzakirə edəcəyik”.

D. Roqozin onu da deyib ki, Rusiya ilə Azərbaycan arasında ticarətdə sənaye və kənd təsərrüfatı məhsulları əsas yeri tutur. Rusiyadan Azərbaycana daha çox sənaye və maşınqayırma məhsulları, Azərbaycandan Rusiyaya isə kənd təsərrüfatı məhsulları ixrac olunur: “İkitərəfli münasibətlərdə energetika sahəsi vacib aspektdir. Rusiyanın neft kompaniyaları Azərbaycan bazarında uğurla fəaliyyət göstərir. Onlar bundan sonra da Azərbaycan tərəfi ilə qarşılıqlı fəaliyyətin dərinləşməsi və genişlənməsində maraqlıdırlar. Bu fəaliyyətin intensivləşməsi üçün biz yüksək səviyyədə ikitərəfli enerji qrupu yaratmışıq”.

Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR