“Qələbəmə inandım və qalib gəldim” -Elşən Musayev

“Qələbəmə inandım və qalib gəldim”  -Elşən Musayev

Elşən Musayevin ən böyük amallarından biri ona səs verən insanların etimadını doğrultmaq, özünü onlara daha da sevdirə bilməkdir

Milli Məclisə keçirilən növbəti seçkilərdə qalib elan edilənlərin 24 faizi yeni simalardır. Həmin şəxslər arasında hakim partiyanı təmsil edən, müstəqil ictimai-siyasi fəaliyyətlə məşğul olanlarla yanaşı, cəmiyyətdə kifayət qədər yaxşı tanınan başqa partiya sədrləri də var. Onlardan biri də Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, politoloq Elşən Musayevdir.

 Aktual.az Kaspi-yə  istinadən  müsahibəni təqdim edir:

- Elşən müəllim, öncə, Sizi namizəd olduğunuz dairədən ən çox səs toplamağınız, bununla da qalib elan edilməyiniz münasibətilə təbrik edirik. Çox maraqlıdır, millət vəkilliyinə namizəd olan və ilk dəfə qalibiyyət sevinci yaşayan biri kimi hansı hissləri keçirirsiniz?
- Təşəkkür edirəm. Var olun. Həqiqətən də parlament seçkilərində qələbə qazanmaq bir siyasətçi üçün son dərəcə böyük uğurdur. Eyni zamanda, məsuliyyətdir. Ümid edirəm ki, seçicilərimin etimadını tam anlamı ilə doğruldacam. Hisslərə gəlincə isə, bunu sözlə ifadə etmək mümkün deyil. Bir o xatirimdədir ki, hamı anidən üzərimə gəlib, boynuma sarılıb məni təbrik eləməyə başladı. Telefonum susmadı. Özüm isə ilk zəngi qızıma etdim. Çünki qeyri-adi həvəslə, bir az da narahatlıqla xəbər gözləyirdi. Hətta Bakıdan Zaqatalaya gedəndə üzündən öpüb bərk-bərk tapşırmışdım ki, ata qalib gəlməsə, pərt olma. Demişdi yaxşı və xoş xəbəri ona söyləyərkən səsi titrədi. Daha sonra qışqıraraq ağladı. Təbii, sevincdən. Bir o səs, bir də anamın həyəcanlı səsi güman ki, ömrümün sonuna qədər qulaqlarımdan getməyəcək. Özüm isə hələ tutqunam. Bir az da kövrək və yorğun. Amma paralel olaraq həm də son dərəcə xoşbəxtəm.

- Bu yola çıxarkən, yəni millət vəkilliyinə namizədliyinizi irəli sürərkən qalib gələcəyinizə əmin idinizmi?
- Siyasətin ən önəmli komponentlərindən biri özgüvəndir. Yəni bir insan çıxdığı yolun ümidsizliyinə deyil, o yolun ümid və güman tərəfinə köklənməlidir. Hətta sonda məğlub olacaqsa belə. Mən də o cür etdim. Qələbəmə inandım və qalib gəldim.

- 110 saylı Zaqatala seçki dairəsindən Sizinlə bərabər daha bir neçə nəfər deputatlığa namizədliyini irəli sürmüşdü. Onları üstələmək, seçicilərinizin daha çox səsini toplamaq üçün təbliğat-təşviqatınızı necə qurdunuz?
- 110 saylı Zaqatala dairəsində məndən başqa daha 5 namizəd var idi. Hamısı da biri-birindən səviyyəli, dəyərli insanlar. Fəqət seçki marafonunda bütün namizədlər rəqib olur və bu minvalla da hər kəs fərqli taktika ilə seçki kampaniyasını qurdu. Sonuc isə ortalıqdadır. Daha doğrusu, nəticə bu qənaətə gəlməyə əsas verir ki, mənim təbliğatım dəyərli rəqiblərimdən daha uğurlu olub və buna görə də böyük səs üstünlüyü ilə önə keçmişəm. O ki qaldı təşviqat metodlarına, əgər diqqət etdinizsə, təxminən 1 ay boyunca mediadan uzaq idim, yəni keçirdiyim görüşlərlə bağlı materialları nə sosial şəbəkələr nə də media üzərindən paylaşırdım. Baxmayaraq ki, mətbuatda kifayət qədər sayda əziz dostlarım var və heç biri də məhz bu dönəmdə xahişimi geri çevirməzdilər. Hətta özləri israr edirdilər ki, yazı, foto, videomaterial göndərim. Amma istəmədim. Sadəcə, namizəd olduğum dairədə lokal şəkildə işləməyə üstünlük verdim.. Zaqatalanı qarışbaqarış gəzdim, insanları yaxından tanıdım, bütün kəndlərdə oldum, görüşlər keçirdim, əhali ilə səmimi, sıx münasibət qurdum.Və bir məqama xüsusən toxunum ki, Zaqatala camaatı dövlətə, dövlətçiliyə son dərəcə bağlı olan camaatdır. Ölkə Prezidenti cənab İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Ayrıca, bu faktor seçki prosesi boyunca mənim də köməyimə çatdı. Yəni insanlar Elşən Musayevin qatı iqtidar tərəfdaşı, təəssübkeşi və təbliğatçısı olduğunu bilirdilər və hesab edirəm, qələbəmi şərtləndirən əsas amillərdən biri də məhz bu oldu.

- Sizinlə eyni dairədən namizədliyini irəli sürənlər arasında özünüzə əsas güclü rəqib kimi daha çox kimi görürdünüz?
- Mən bütün rəqibləri əsas rəqib gözündə görürdüm. Fəqət, eyni zamanda, öz gücümə və potensialıma da əmin idim. İçimdə olan həmin inam, əzm isə məni qələbə anına qədər daşıdı.

- Müxalifət funksionerlərindən də Sizinlə eyni dairədə deputatlıq uğrunda mübarizə aparan var idimi?
- Rəqiblərimin siyasi mənsubiyyəti haqda məlumatlı deyiləm. İnanın, heç bununla bağlı maraqlanmadım da. Sadəcə, öz işimi gördüm və sona qədər mübarizə apardım.

- Qeyd etdiniz ki, seçicilərlə görüşlər keçirmisiniz. Çox maraqlıdır, seçiciləriniz qarşısında çıxış edərkən onlara hansı vədlər verdiniz, hansı problemlərin həllinə nail olacağınızı söylədiniz? Ümumiyyətlə, seçiciləriniz hansı məsələləri qaldırır, nədən şikayət edirdilər?
- Zaqatalada hər gün 3 görüş keçirirdik. Qrafik üzrə. Və mən bütün bu görüşlər boyunca insanların dilindən bir dənə də olsun şəxsi problem eşitmədim. Yalnız və yalnız kəndin ya da qəsəbənin ümumi problemlərindən danışırdılar. O kiçik problemlərin də yaxın zamanlarda həll olunacağına kimsə şübhə etmirdi. Bilirsiniz ki, 2012-ci ildə Zaqatalada dəhşətli zəlzələ baş verib və təbii fəlakətdən sonra bu rayon ölkə başçısının birbaşa diqqəti və dövlətimizin köməyi sayəsində az qala yenidən qurulub. Müxtəlif kəndlərdə 4 min ev sıfırdan, yəni bünövrədən tikilib, xeyli sayda bərpa işləri aparılıb, məktəblər, baxcalar, digər dövlət təyinatlı obyektlər ərsəyə gəlib. İnsanlar isə bu yaxşılığı, bu qayğını unutmurlar. Yəqin eyniadlı səbəbdəndir ki, onların hər cümləsinin əvvəli də, axırı da İlham Əliyevdir. Bu camaatda həqiqətən minnətdarlıq hissi, kübarlıq, Prezidentə sevgi, dövlətə və dövlətçiliyə bağlılıq yüksək həddədir.

- Bəs bütövlükdə seçki prosesini necə qiymətləndirirsiniz?
- Seçki son dərəcə sakit, demokratik və qanunlar çərçivəsində keçdi. Güclü olan, seçicinin rəğbətini qazanan da qalib oldu. Və bunu bir tək biz demirik, yüzlərlə, minlərlə yerli, beynəlxalq müşahidəçi də eyni qənaətdədir.

- Bundan sonra seçicilərinizlə necə ünsiyyət quracaqsınız?
- Hər ayın son bir həftəsini rayonda keçirməyi düşünürəm. Zaqatalada qərargahımız davamlı olaraq fəaliyyət göstərəcək, orada daimi nümayəndəm, köməkçim olacaq. Hazırda ən böyük amallarımdan biri mənə səs verən insanların etimadını doğrultmaq, özümü onlara daha da sevdirə bilməkdir. Ümid edirəm, bunu bacaracam.

- Gələcək 5 il üçün planlarınız nədən ibarətdir?
-Çalışmaq, çalışmaq, yenə də çalışmaq. Mən işləməyi sevən biriyəm. Həyatda, eyni zamanda, siyasətdəki aktiv tərzimə də çoxları bəlləddir. Ümid edirəm, bundan sonrakı fəaliyyətimlə də dövlətim və millətim üçün yararlı olaram. Mənim İlham Əliyev kimi ləyaqətli Prezidentim, Azərbaycan kimi gözəl məmləkətim var. Prezidentimin əsgəri, ölkəmin isə alnıaçıq vətəndaşı olaraq yoluma davam edəcəm.

- Bəzi Qərb dairələri, eləcə də Azərbaycandakı radikal müxalifət seçkinin nəticələrinə kölgə salmağa cəhd edir, bu məqsədlə müxtəlif bəyanatlar verirlər. Sizin buna münasibətiniz necədir?
- Azərbaycanın uğurlarını görməmək, seçkinin nəticələrinə kölgə salmaq üçün ya Avropanın bəzi dairələri kimi kar, ya da radikalistlərin “gözmuncuğu” Əli Kərimli kimi kor olmaq lazımdır. Allahın bədbəxtləridir bunlar. Danışmağa da nələrisə qalmayıb. Ona görə isterikaya qapılıblar. Hay-küy salmaqla nəyəsə nail olacaqlarını düşünürlər. Amma əbəs yerə. Belələrinin erasi bitib. Həm də çoxdan. Avropanın saxta danosçuları, qrant mafiozları, qərəz ustaları, ya da Əli Kərimlinin mediadakı, sosial şəbəkələrdəki uğursuz, urvatsız gədələri böhtan və iftira ilə heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan uğurlu yoldadır. Bu yolun qarşısına heç bir məkrli niyyət sipər çəkə bilməz.

Xəbər 2162 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR