"Qazaxıstanda dediklərimin hamısı baş verib, qalır son İttifaqa qoşulmaq barədə qərar"


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın suallarını cavablandırıb.
 
-Qüdrət bəy, Qazaxıstanda baş verən hadisələrin arxasında Qazaxıstanın Lukaşenkonun elan etdiyi yeni ittifaq dövlətinə cəlb edilməsi niyyətinin olmasını daha çox ehtimal etmişdiniz. KTMT-nin silahlı qüvvələrinin belə tezliklə Qazaxıstandan çıxarılacağına qərar veriləcəyini gözləyirdinizmi?
 
Hələlik yenə də həmin fikrimdə qalıram. Məncə Qazaxıstan hökuməti hiss edəndə ki, onun yeni ittifaq dövlətinə qoşulması barədə qərarı xalq tərəfindən narazılıqla qarşılanar və etiraz aksiyalarına səbəb ola bilər. Onlar həmin etiraz aksiyalarını təşkil və həmin aksiyalarda fəal iştirak edə biləcək passionar-sosial fəal insanları müəyyən edib repressiyalara məruz qoymaq - öldürmək, həbsə atmaq, cinayət təqibinə məruz qoymaq yolu ilə susdurmaq qərarına gələ bilərdilər. Bu zaman insanları küçəyə çıxarmaq üçün kimsə nüfuzlu bir şəxs öldürülə bilər, yaxud geniş kütlələrin maraqlarına toxunan qiymət artımı kimi addımlar atıla bilərdi. Belə bir qərardan sonra insanların küçəyə çıxması təşkil edilir, həmin vaxt əvvəlcədən hazırlanmış təxribatçı qüvvələr dinc aksiya iştirakçılarına qoşularaq iğtişaşlar törədir, ordunun və polisin xalqla birləşməməsi üçün onları alçaldan zorakılıqlar təşkil edilir, dinc insanların aksiyaları dəstəkləməməsi üçün onlara və şəxsi mülkiyyətə qarşı ağır cinayətlər təşkil edilir. Bundan sonra qeyd etdiyim repressiyalar başlanılır və bir müddət sonra qarşıya qoyulmuş məqsədə uyğun siyasi qərar qəbul edilir. Qazaxıstanda dediklərimin hamısı baş verib, qalır son İttifaqa qoşulmaq barədə qərar. Görün nə qədər adam öldürülüb, yaralanıb, həbs olunub, bundan sonra nə qədər insan istintaqa çağrılacaq və s. Biri var insanlar küçələrə Qazaxıstanın yeni ittifaq dövlətinə qoşulmasına görə tökülə, biri də var maye qazın qiymətinin qalxmasına görə. İndi Qazaxıstan Rusiya - Belarus ittifaqına qoşulsa etiraz aksiyasının baş verməsi az ehtimal olunandır. Bu baş versə belə kütləvi xarakter daşımayacaq. Ağıllı və təcrübəli insanlar başa düşməliydilər ki, hökumət ciddi ehtiyac olmadan öz əleyhinə yönələ biləcək bir qərar qəbul edirsə, deməli daha qeyri-populyar və xalqın ciddi narazılığına səbəb ola biləcək başqa bir  qərarın qəbuluna hazırlaşır.Bir daha qeyd edirəm hökumət istəsəydi ilk gündən hadisələrin qanlı xarakter almasının qarşısını ala bilərdi. Əksinə Tokayev proseslərin qızışdırılmasına yönələn və hakimiyyətsizliyin olması görüntüsü yaradan qərarlar qəbul etdi. Hiss olunurdu ki, ilk günlər polislərə insanların toplaşmasına mane olmamaq tapşırılmışdı. Nazarbayev Tokayevi vəzifəsindən kənarlaşdırmaq istəsəydi bunu qansız və kütləvi etiraz aksiyaları təşkil etmədən belə çox asanlıqla edə bilərdi. Həmin aksiyalar Nazarbayev tərəfdarları tərəfindən necə təşkil olunmuşdu ki, küçələrdə bir qism adam "qoca get" deyə qışqırır, onun heykəlini uçururdu.
 
Rusiyanın Qazaxıstandan tez çıxmasının səbəbi isə o oldu ki, ağsaqqallar Tokayevi xəyanətkar adlandırdı və Rusiya gördü ki, hərbçilərini orada çox saxlasa antirusiya hərəkatı başlana bilər, ona isə Ukrayna və Qazaxıstan arasında qüvvələrini bölmək indiki zamanda sərf etmirdi. Həm də artıq məqsədə çatılmışdı. Onu da söyləmişdim ki, hər şey qazax xalqının iradəsindən asılı olacaq. Nazarbayevin harada olması və niyə susması məsələsinə aydınlıq gələndən sonra çox şey  bilinəcək.
 
- Qüdrət bəy Tokayev parlamentdəki son açıqlamasında deyib ki, Nazabayevin sayəsində Qazaxıstanda bir qurup insan  çox zənginləşib və onlar onun elan etdiyi, icimai əsaslarla fəaliyyət göstərəcək sosial müdafiə fonduna mütəmadi olaraq pul köçürməlidir. Hətta zəngin adamların siyahısının çıxarılmasına dair hökumətə tapşırıq verib. Bu məsələyə də münasibətinizi bilmək istərdik.
 
Yəqin ona deyiblər ki, zəngin adamlar sənin hakimiyyətinə təhlükədir. Bundan sonra iri şirkətlər pullarını Qazaxıstnadan çıxaracaq. Onu idarə edənlərə də lazımdır ki, Qazaxıstan baş tutmamış bir ölkəyə çevrilsin. Son hadisələr artıq bir çox xarici investorda belə fikir formalaşdırdı. Bundan sonra ölkə iqtisadiyyatına investisya qoyuluşu kəskin aşağı düşəcək.Tokayev ekstremal vəziyyətdə həm beynəlxalq hüquqa, həm də  ölkə konstitusiyasına zidd, açıqdan-açığa yalan olduğu hamıya bəlli olan  çox biabırçı açıqlamalar verdi, qərarlar qəbul etdi. Bu da onlardan biridir. Kimsə zorla xeyriyyəçilik fəaliyyətinə cəlb oluna bilməz. Hüquqi dövlətdə belə bir şey mümkün deyil. Zərurət varsa çox qazananları daha çox vergilərə cəlb etmək olardı.
Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR