"Avropa Parlamenti açıq şəkildə Azərbaycana qarşı düşmən mövqe tutur" - Zahid Oruc


"Son vaxtlar Avropa Parlamenti demək olar ki, Azərbaycan münaqişələrinə, Qarabağ məsələsinə dair mövqeyini ortaya qoyarkən Ukraynanın ərazi bütövlüyünü dəfələrlə müdafiə edənlərin torpaqlarımızın işğalına necə haqq qazandırdıqlarını aydın görürük. 90-cı illərdə yalnız erməni əhalisinin humanitar böhranla üzləşdiyini iddia edən avrobürokratlar münaqişənin siyasi köklərini pərdələyərək separatizmi dəstəkləyib, "öz müqəddəratını təyin etmək hüququ”, "dondurulmuş münaqişə” və "status-kvo” kimi ifadələrlə işğalı legitimləşdirməyə, Qarabağ rejimini tanıtmağa çalışıblar".

Aktual.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc bildirdi.

Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində qələbəmizdən sonra Avropa Parlamenti məğlub dövlətlərin tribunasına çevrilərək, İrəvan hakimiyyətinin belə dilə gətirmədiyi "xristian irsinin qorunması” mövzusu ilə ölkəmizə qarşı hücumlarının intensivliyini artırıb:

"Tarixi əsərlər adı altında keçmiş işğalçıların revanşist istəkləri başqa formada təqdim olunur. Onların bu istiqamətdə siyasi mövqe nümayiş etdirməsi təəccüblü deyil. Avropa Parlamenti dünənki qərarı ilə sanki Nürnberqdə məhkum olunanlara bəraət verilməsi kimi yanaşma ortaya qoyub, lakin bu, bizim üçün qeyri-adi hesab edilməməlidir. Dünənki sənəddə "Dağlıq Qarabağ” termininin işlədilməsi işğalçıların təkcə Qarabağ deyil, Ermənistan daxilindəki digər bölgələrdə də maliyyə və siyasi dəstək vasitəsilə necə qidalandıqlarının sübutudur. Ermənistan hökuməti hələ də bu ifadələri işlədir, "Laçın-Bakı yolu” kimi terminlərdən istifadə edir. Ermənistanın daxili demokratik qüvvələrinin gücləndirilməsi, xarici müdaxilələrdən və Moskvadan gələn təzyiqlərdən qorunması məsələsi də qabardılır.

Əgər doğrudan da məqsəd bu idisə və ayrılan vəsaitlər, yardımlar bu istiqamətdə istifadə olunmalı idisə, belə sənədlərin Ermənistanı xarici informasiya hücumlarına məruz qoyması, regionda sülhə zərbə vurması, Paşinyanın seçim qarşısında qalmasına və Azərbaycanla normallaşma prosesinin pozulmasına səbəb olması aydın görünür. Bu isə həmin sənədin Ermənistanın maraqlarına xidmət etmədiyini və Azərbaycanın sülh prosesindəki roluna təhdid yaratdığını göstərir. Əlbəttə, bu proseslərdə iştirak edənlərin bir hissəsinin digər dövlətlərin təsiri altında olması ehtimalı da nəzərə alınmalıdır. Bu avrobürokratların və korrupsiyaya bulaşmış dairələrin fəaliyyəti iki xalq arasında düşmənçiliyin davam etməsinə və öz maraqlarının təmin olunmasına yönəlib. Qarabağ məsələsi gündəlikdən çıxdıqca keçmiş imperiya təsir dairələrinin varisləri narahatlıq keçirirlər. Enerji resursları üzərində təsir imkanlarının azalması da bu narahatlığı artırır. Şuşa Bəyannaməsi və gələcək sülh müqaviləsi imzalandıqdan, iki ölkə arasında diplomatik, siyasi və ticarət əlaqələri bərpa olunduqdan sonra bu qüvvələrin mövqeyi tarixdə mənfi səhifə kimi qalacaq.

Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışanlar Şuşa və Xankəndidə yaşayan azərbaycanlıları nəzərə almırlar. Paşinyanın əsas problemi daxildə göstərilən separatçı qruplar deyil, əksinə, xaricdə formalaşan təzyiq mərkəzləridir. Aprelin 11-12-də Parisdə keçirilən görüşdə iştirak edən 22 dövlətin təmsilçiləri və dünən bəyannaməyə səs verənlər bu kontekstdə diqqət çəkir. Son 35 ildə ilk dəfə olaraq sərbəst şəkildə İrəvana səfər edilərək, təhlükəsiz şəraitdə delimitasiya prosesinin aparılması sülhə doğru mühüm addım oldu. Belə bir məqamda barışa qarşı çıxan qüvvələrin qisas niyyəti açıq görünür. Bəs parlamentimizin cavabı nə olmalıdır? Biz bəyan etməliyik ki, sülh prosesinə qarşı çıxan qüvvələrə qarşı İrəvan və Bakı eyni mövqedən çıxış etməlidir. Ermənistan rəsmi şəkildə bəyan etməlidir ki, son 30 ildə işğalı legitimləşdirmək üçün qurulan infrastruktur, o cümlədən dini və milli dəyərlərin qorunması məsələsi xarici müdaxilə predmetinə çevrilməməlidir. Azərbaycan dövləti isə sülhün şərtlərini müəyyənləşdirərək beynəlxalq ictimaiyyətə təqdim etməlidir ki, regiona müharibə gətirmək istəyən qüvvələrin kimliyi aydın şəkildə görünsün. Hörmətli sədr, xahiş olunur ki, bu bəyanatın hazırlanması üçün Avropa Parlamenti ilə bağlı xüsusi komissiya formalaşdırılsın və həmin sənəd növbəti rəsmi cavabımız kimi qəbul edilsin. Keçən il aprelin 14-də qəbul edilmiş qərara necə səs vermişdiksə, bu sənədə də adekvat cavab verilməlidir". (Redaktor.az)
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR