“Trampdan Maska, İsfəndiyardan Osmanqızına qədər...”

“Trampdan Maska, İsfəndiyardan Osmanqızına qədər...”

Trampın xarici siyasətdə tətbiq etdiyi və "ticarət savaşı” adlandırılan yeni layihə heç şübhəsiz ki, fikri digər hansısa qlobal mövzudan yayındırmaq üçündür. Məsələn, Rusiya - Ukrayna müharibəsindən.
Buna diplomatiyanın və siyasətin ağır cayılları "sağ göstərib, sol vurmaq” deyirlər...

Bəli. O boyda haqq-hesab, görüş, sülh danışıqları, 30 günlük razılaşma-filan. Amma nəticə yoxdur. Daha dəqiqi, sıfırdır.
Qınaq olacaqdımı? Əlbət, olacaqdı. Və kimə olacaqdı? Təbii, ABŞ-yə. Ki, bəs 1 həftə ərzində müharibə dayanırdı, "nooldu”?
Hətta mövzu ilə bağlı İlon Maskın tənqidi də heç şübhəsiz, əvvəldən hesablanmış gedişdir. Və ya, necə ola bilər ki, adam rəsmən iqtisadi planlamanı həyata keçirən əsas fiqurlardan, rəsmi şəxslərdən biri olsun, fəqət, məsələdən təxminən 14 gün sonra xəbər tutsun? Mümkündürmü bu? Deyil!
Eyni zamanda İranla bağlı diplomatik qarşıdurmanın, müharibə anonslarının da söz savaşından o yana keçməyəcəyini düşünürəm.
Çünki eyni ritorika "Soyuq müharibə” dövründən başlayıb, 1979-cu il inqilabından sonra şiddətlənib və İraqda Səddam rejimi devriləndən sonra daha fərqli rakurs, görkəm, rəng alıb. Üstəlik, İran gözəl bilir ki, ixtiyari təhdidin, ehtimal edilən müharibənin əlamətləri, işartıları olmalıdır və...bu basabasda, bu vurhavurda Tramp öz resursunu əsla və əsla kənara xərcləməz. Ayrıca, İran Türkiyə kimi demokratik ölkə də deyil ki, bu minvalla daxildə kritika yaradasan, lazım olan anda "FETÖ”nun düyməsini basasan, hansısa formada ölkəni qarışdırasan. Yox. Tam əksi. Xarici siyasətini sırf xüsusi xidmət orqanlarının gündəlik məruzələri əsasında formalaşdıran dövlətlər adəti üzrə yalnız real təhlükə anında dövrəyə girirlər, adekvat reaksiya verirlər. Amma bir şərtlə ki, dediyim kimi: məlum icraat provokasiya deyil, məhz real təhlükə xarakteri daşısın.
Əlqərəz. Görüntü başqa. Deyilən başqa. Reallıq başqa.
Görüntü, deyiliş və reallıq fərqindən danışmışkən...

Bəlkə də tam uyğunsuz və əlaqəsiz bir misal olacaq. Fəqət, yenə də dəyərli oxucularla paylaşım: 2 gün öncə "Şərurlu İsfəndiyar” kimi tanınan məşhur iş adamı İsfəndiyar Axundov yerli media qurumlarından birinə verdiyi müsahibədə deyib ki, o da İlon Mask kimi təhsilsizdir. Daha doğrusu, İlon Mask "müəllim” kimi.
Qısası, Maskın iki dənə diplomu (Pretoriya və Pensilvaniya Universiteti) gedib işinin dalınca. Daha dəqiq desəm: Şərurlu İsfəndiyar həmin diplomları ya ümumən tanımayıb, ya da kimsə onu inandırıb ki, sən MTK yaradacağına, vaxtında "SpaceX”dən zaddan bir şey yaratsaydın indi Maskın səviyyəsində bir adam idin.
Və... bu da öz fikrində Maskın yanına üzüyuxarı qalxmaq əvəzinə, Maskı salıb üzüaşağı öz yanına.
Nəhayət. Növbəti və son misal. Yenə də görüntü və deyiliş ilə reallığın fərqi barədə.

Keçən həftə Osmanqızının verilişinə (canlı) baxırdım və adam İstanbul hadisələrindən danışırdı. Demək, danışdı, danışdı, bir xeyli danışdı və...əsas məqama çatanda müdrikyanə görkəm alaraq belə bir ifadə işlətdi: "Bələdiyyə sədri Əkrəm Əylislinin həbsindən sonra onu əvəz edəcək adam mütləq və tezliklə tapılacaq” (Videonu yazının sonunda paylaşacam. Amma... bu arada bir məqamı da bölüşüm ki, həmin vaxt mən, günün ikinci şokunu yaşayırdım. Çün, günorta iştirak etdiyim koloritli bir tədbirdə adını unutduğum məruzəçi qəfildən qayıtmışdı ki, "qadınlarda analıq hissi kişilərə nisbətən daha yüksək olur”)
Xülasə. Sevincin videosuna düz 3 dəfə baxdım. Matım-mutum qurudu. İmamoğlu hara, Əylisli hara?

Niyə Əylisli? Niyə başqası yox, məhz Əylisli?!
Nə baş verir, Sevinc?
Nə baş verir, cənablar, xanımlar, bəylər?
P.S. O boyda Amerikada həqiqətənmi müalicə alası bir normal psixatrik xəstəxana, resept yazası bir savadlı həkim, hallüsinasiyanı aradan qaldırası bir effektli dərman yoxdur?!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri


Xəbər 1491 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR