"Ermənistanın paytaxtında keçirilən Avropa Siyasi Birliyi Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən videobağlantı ilə səsləndirilən çıxış yalnız diplomatik bəyanat kimi deyil, Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi reallığın açıq ifadəsi kimi qiymətləndirilməlidir" - bunu mediaya açıqlamasında Vəhdət partiyasının sədri Adəm İsmayıl Bakuvi bildirib.
Partiya sədri qeyd edib ki, Prezident bir sıra mühüm məsələləri Avropa liderlərinin diqqətə çatdırıb və vacib xatırlamalar edib: "Azərbaycan torpaqlarımın işğal altında olduğu dönəmdə təəssüflər olsun ki, Avropa institutları, istər Avropa Şurası Parlament Assambleyası, istər Avropa Parlamenti, istərsə də digər qurumlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində ciddi addımlar atmayıblar.
Azərbaycanın beynəlxalq hüquqla ərazi bütövlüyünü təmin etməsindən sonrakı altı il ərzində isə Avropa Parlamentində Azərbaycana qarşı 14 qərəzli qətnamə qəbul olunub. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş, əsassız ittiham və iddiaların yer alıb. Bu cür yanaşma qəbuledilməzdir və məhz bu səbəbdən mayın 1-də Azərbaycan Parlamenti Avropa Parlamenti və onun strukturları ilə əlaqələrin tam dayandırılması barədə haqlı qərar qəbul edib".
Vəhdət lideri bildirib ki, rəsmi Bakının bu addımı Azərbaycanın suveren hüquqlarını qorumaq və milli maraqlarını müdafiə etmək baxımından tam əsaslıdır: "Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil, balanslı və prinsipial xarici siyasət yürüdür. Ölkəmiz heç bir təzyiq qarşısında geri çəkilmir və öz milli maraqlarını qətiyyətlə müdafiə edir. Eyni zamanda, Azərbaycan regionda sülhün və əməkdaşlığın əsas təşəbbüskarı olaraq qalmaqdadır. Azərbaycan lideri İlham Əliyevin bu gün ortaya qoyduğu siyasi xətt təkcə region üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün nümunədir. Sülhə çağırış, əməkdaşlığa açıq olmaq, eyni zamanda milli maraqları qətiyyətlə müdafiə etmək müasir dövlət idarəçiliyinin ən optimal modelidir. Azərbaycan bu modeli uğurla tətbiq edərək həm regionda sabitliyə töhfə verir, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir".
Xəbər 179 dəfə oxunub.