Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Aktual.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, Milli Məclisin Avropa Parlamenti ilə əlaqədar qəbul etdiyi qərara münasibətinizi bilmək istərdik...
- Avropa Parlamenti Azərbaycana qarşı sistemli olaraq ədalətsiz və münasibətlərə ziyan vuran qərarlar qəbul eidr. Növbəti belə bir qərar 30 aprel tarixində qəbul olunub. Ermənistanla sülh sazişi Vaşinqtonda paraflanandan sonra çoxları düşünürdü ki, Avropa parlamenti mövqeyini dəyişə, sülhə töhfə verə bilər. Amma belə olmadı. Bizim bir el misalı var, "it əl çəkdi, amma motal əl çəkmədi". İndi Ermənistan Azərbaycanla sülh prosesini irəli aparmaq istəyir, amma Avropa Parlamenti əl çəkmir, revanşistləri stimullaşdıran təxribat xarakterli qərarlar qəbul edir. Ermənistanla münaqişə dövründə Qərbin çox ədalətsiz və beynəlxalq hüququ ayaqlar altına atan ikili standartlar siyasəti ilə üzləşmişik. Həmişə deyirəm ki, Qarabağda separatizmin alovlandırılmasında və onun qanlı savaşa çevrilməsində, tökülən qanlarda o vaxtkı Ermənistanın və Sovet İttifaqının rəhbərliyi ilə yanaşı Qərbin də böyük günahı var. Onlar separatizmi və işğalı qınamadılar. İşğalçı Ermənistana yox, bizə sanksiya tətbiq etdilər. Xocalı soyqırımını törətdiyinə görə fəxr etdiyini deyən Ermənistan prezidenti Sarkisyan və həmin insanlıq əleyhinə olan qanlı cinayətin digər iştirakçılarının üzərində beynəlxalq tribunalın qurulmasını tələb etmək əvəzinə, AŞPA-nın sesiyasında onu ayaq üstündə alqışladılar. Milli Məclisin iclasında həm spiker, həm də deputat həmkarlarım bu barədə geniş danışdılar. Sifarişlə, islamafob və rüşvət qarşılığında başqa maraqlara xidmət edən, təzyiq alətinə çevrilmiş Avropa Parlamenti ilə əməkdaşlığın davam etdirilməsinin artıq mənası qalmayıb. Görünür onları həm də Rusiya ilə münasibətlərin bərpa olunması istiqamətində atılan addımlar və ABŞ Prezidenti ilə isti əlaqələr də ciddi narahat edir.
- Milli Məclisin qərarından və Xarici İşlər Nazirliyinin təqdim etdiyi notadan sonra Avropa Parlamenti öz mövqeyini dəyişə bilərmi?
- Onlar bir dəfə 2015-ci ildə bu barədə söz versələr də, sözlərini tutmadılar. Hər şey onlardan asılıdır. Azərbaycan Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirməkdə həmişə maraqlı olub.
- Münasibətlərin pozulması bizə hansı ziyanı vura bilər?
-Bizim Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlığa dair sazişimiz var. Azərbaycan Avropanın enerji təhlükəsizliyində müəyyən rol oynayır və ABŞ-İran savaşı səbəbindən körfəz ölkələrindən neft ixracında problem yarandığı üçün hazırda onların bizə daha çox ehtiyacı var. Azərbaycan onlardan tələb etmir ki, biz sizə enerji daşıyıcıları satdığımız üçün susun. Azərbaycan tələb edir ki, ikili standartlar siyasətinə son qoyun və bizə münasibətdə ədalətli olun. Yeri gəlmişkən onu da deyim ki, mən onların yanlış informasiyalar əsasında bizə qarşı ədalətsiz qərarlar qəbul etməsi barədə deyilənləri də qəbul etmirəm. Onlar regionda və Azərbaycanla bağlı baş verənləri çox gözəl başa düşürlər. Parlamentarilərin bir qismi bunu öz hökumətlərinin tapşırığı əsasında, bir qismi rüşvət, bir qismi isə islamafobik baxışlarına görə edir. Avropa Parlamenti ilə əməkdaşlıqdan imtina bütövlükdə Avropa İttifaqı ilə əməkdaşlığa son qoymaq demək deyil.
Xəbər 46 dəfə oxunub.