Prostat xərçəngindən necə qorunmalı? – VİDEO

Prostat xərçəngindən necə qorunmalı?  – VİDEO

Araz Bayramov: “Prostat xərçənginin yaranma səbəbi multifaktorialdır”

Kişilər üçün prostat xərçəngi – qadınlar üçün döş xərçənginə bərabərdir. Prostat xərçəngi boğaz xərçəngindən sonra kişilər arasında yayılan ən birinici ölüm səbəblərindəndir.
Bu yazıda prostat xərçəngindən qorunmağın və müalicənin yollarından danışacağıq.

Müsahibimiz Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, tanınmış uroloq Araz Bayramovdur.

- Araz doktor, prostat xərçəngi nədən yaranır?

- Təsadüfi deyil ki, prostat kişinin “ikinci ürəyi” adlandırılır. Prostat vəzi kişilərdə cinsi fəaliyyəti tənzimləməklə yanaşı, həm də sidikçıxarıcı funskiya daşıyır. Bu mənada insan həyatı üçün olduqca mühüm orqanlardan biridir. Prostat xəstəlikləri kişi sonsuzluğuna gətirib çıxarır. Amerika və Avropa Uroloqlar Cəmiyyətinin, xüsusən də Dünya Səhiyyə Təşkilatının hazırda müzakirə etdiyi əsas mövzu – prostat xərçənginin erkən aşkar edilməsidir. Prostat xərçənginin yaranma səbəbi multifaktorialdır. Yəni, müxtəlif səbəblərdən yarana bilər. Bu sırada erkən prostat xəstəlilklərinin vaxtında aradan qaldırılmaması, genetik faktorlar, xüsusən ata, baba, əmi və dayılarda bu xəstəliyin olması, piylənmə, qan təzyiqinin yüksək olması, şəkərli diabet və s. göstərilə bilər.

- Prostat xərçəngi vaxtında aşkar edilərsə...

- Sözümüzü kəsir. Çox düzgün vurğuladınız. Prostat xərçəngi erkən aşkar edilərsə, onu fəsadsız aradan qaldırmaq mümkündür. Yuxarıda qeyd etdiyim kimi, prostat xərçənginin aşkar edilməsi üçün Avropada, o cümlədən dünyada yeniliklər tətbiq edilir. Bu yeniliklər içərisində qanda prostat xərçənginin onkomarkerləri (PSA, PCA) yoxlanılmalı, prostat vəzinin rektal, yəni düz bağırsaqdan müayinəsi aparılmalı, transrektal ultrasəs MR fuzion prostat biopsiyası həyata keçirilmədir. Nəzərə almaq lazımdır ki, 40 yaşdan yuxarı kişilər ildə bir dəfə mütləq bu müayinələrdən keçməlidirlər.

- Müasir urologiyada prostat xərçəngini hansı yollarla aradan qaldırılır?

- Əgər transrektal ultrasəs MR fuzion prostat biopsiyası zamanı prostat xərçənginin olması təsdiqini taparsa, biz o zaman xəstəni digər müayinələrə cəlb edirik. Bu müayinələr arasında MRT, bədən sümük kütləsinin scintiqrafiya yolu ilə müayinəsi, metastazların inkar olunması üçün müayinələr daxildir. Metastaz aşkar edilmirsə, radikal prostatektomiya əməliyyatını həyata keçiririk. Bu əməliyyatın prinsipi prostat vəzinin tam olaraq çıxarılmasıdır. Onu da qeyd edim ki, təcrübəmizdə həyata keçirilən laparoskopik və açıq radikal prostatektomiya əməliyyatlarından sonra xərçəngdən azad olunan çoxsaylı xəstələrimiz var.

- Əməliyatdan nə qədər sonra xəstələr yenidən aktiv həyata qayıdırlar?

- Azərbaycanda qazandığımız uğurlardan biri laparoksopik uroloji əməliyyatların, xüsusən böyrək xərçənginin böyrəyi qoruyaraq, laparoskopik üsulla çıxarılması, böyrək ləyəni-sidik axarı darlıqlarının laparoksopik üsulla plastika edilməsi, o cümlədən prostat xərçənginin laparoskopik radikal prostatektomiyasıdır. Bu laparoskopik üsulların üstünlüyü tam kəsiksiz olub, estetik yolla aparılması, xəstələrdə əməliyyat sonrası ağrıların az müşahidə edilməsi, xüsusən də iş qabiliyyətini qısa müddətə bərpa etməsi ilə xarakterikdir.

Adnan/Aktual.az

Xəbər 22383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR