Prezident: "Aparılan islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək"

Prezident:

Xəbər verdiyimiz kimi, mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs "Qurani-Kərim"in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirdi.
Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete çıxış etdilər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli Şeyx həzrətləri.
Hörmətli din xadimləri.
Xanımlar və cənablar.
Hər il olduğu kimi, mübarək Ramazan ayında Şeyx həzrətlərinin iftar süfrəsində görüşürük. Bu, gözəl ənənədir. Bu ənənə yaşayır və yaşayacaq. Bu, dövlət-din münasibətlərinin bariz nümunəsidir. Dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır.
Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanırlar. Onların şəxsi dostluğu, bir-birilərinə olan hörməti dövlət-din münasibətlərinin inkişafına çox böyük təsir göstərmişdir. Mən onun şahidiyəm ki, Şeyx həzrətləri və ulu öndər Heydər Əliyev bir-birinə çox yaxın insanlar olmuşlar və onların xalq, Vətən qarşısında gördükləri işlər bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratmışdır.
1993-cü ilə qədər dövlət-din münasibətlərində müəyyən boşluqlar var idi. 1993-cü ildən sonra bu sahədə də bütün istiqamətlər üzrə işlər ən yüksək səviyyədə tənzimlənir. Mayın 10-da, Ulu Öndərin anadan olmasının 96-cı ildönümü günündə onun xalq, dövlət qarşısında gördüyü işlər haqqında danışdıq. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri var. Bugünkü müstəqil Azərbaycan onun əsəridir. Dövlətçiliyin əsaslarının qurulması, Azərbaycanın strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi məhz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur.
Hörmətli Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuza malik görkəmli din xadimidir və Azərbaycanı dünyada öz dəyərlərinə sadiq, eyni zamanda, müasir, tolerant ölkə kimi təqdim edir. Onun çoxşaxəli beynəlxalq fəaliyyəti Azərbaycanı dünyaya tanıtdırır, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə təqdim edir və Şeyx həzrətlərinin uğurlu fəaliyyəti ölkəmizi gücləndirir.
Ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi var. Konstitusiyaya görə din dövlətdən ayrı olsa da, əslində din və dövlət bir-birinin yanındadır. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanın uğurlu inkişafı dövlət-din münasibətlərinin uğurlu inkişafından böyük dərəcədə asılıdır.
Dünyada vəziyyət gərginləşir. Həm bölgəmizdə, həm dünyada yeni toqquşmalar, yeni münaqişə ocaqları yaranır, yeni risklər, təhdidlər meydana çıxır. Dünyanın gələcəyi ilə bağlı, sabitliyin gələcəyi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Bizim əsas vəzifəmiz Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdan ibarətdir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb. Azərbaycan inkişaf yolu ilə gedir. İnkişaf dinamikamız çox müsbətdir. Əminəm ki, gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.
Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq. Biz dünyada İslam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, İslam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.
Müsəlman ölkələri ilə bizim ənənəvi dostluq-qardaşlıq əlaqələrimiz vardır. Bu, xarici siyasətimizdə prioritet istiqamətlərdən biridir. Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əlaqələr qura bilmişdir və beynəlxalq müstəvidə biz daim bir-birimizi dəstəkləyirik. Eyni zamanda, ikitərəfli formatda çox fəal əməkdaşlıq edirik. Bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri ilə görüş əsnasında bu məsələlərlə bağlı fikir mübadiləsi apardıq.
Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və bu təşkilat çərçivəsində İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir. Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox tədbirlər keçirilir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dəyərlərinin qorunması işində apardığımız siyasətə çox yüksək qiymət verir. Biz bundan sonra da təşkilat çərçivəsində İslam həmrəyliyinin möhkəmlənməsi işində öz səylərimizi davam etdirəcəyik. Onu da bildirməliyəm ki, 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə kontakt qrupu yaratmışdır və təşkilat bu münaqişə ilə bağlı bizim haqq işimizi daim dəstəkləyir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var - Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Biz bu həqiqətləri dünyaya çatdırırıq. Əfsuslar olsun ki, münaqişə başlanan zaman münaqişə ilə bağlı dünyada kifayət qədər məlumat yox idi. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal altına düşmüşdür. Ölkəmizdə o vaxt yaşanan böhran, hərc-mərclik, xaos Ermənistana imkan verdi ki, bizim tarixi torpaqlarımızı zəbt etsin. O vaxt biz beynəlxalq təcriddə idik, öz səsimizi dünya ictimaiyyətinə çatdıra bilmirdik. Beləliklə, dünyada münaqişə ilə bağlı böyük dərəcədə təhrif edilmiş rəy formalaşdırılmışdı. Bizim müntəzəm səylərimiz nəticəsində artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi torpağımızdır. Münaqişəyə dair çoxsaylı kitabların çap edilməsi, təqdimatların, konfransların keçirilməsi dünya ictimaiyyətinə münaqişə ilə bağlı həqiqətləri çatdırır.
Hər kəs görür ki, münaqişə ilə bağlı ikili standartlar mövcuddur. Necə ola bilər, dünyanın ali orqanı olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edir, bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır və bu qətnamələr icra olunmur. Ona görə hesab edirəm ki, dünyada mövcud olan ikili standartlar ən böyük problemlərdən biridir. Münaqişənin həlli üçün biz səylərimizi davam etdirəcəyik. Biz iqtisadi gücümüzü artırırıq, siyasi çəkimiz artır, hərbi baxımdan Azərbaycan bu gün güclü ölkələr sırasındadır. Döyüş meydanında üstünlüyümüzü təmin etmişik. Vaxtilə işğal altına düşmüş torpaqların bir hissəsini azad etmişik. O torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda Şuşa məscidinin bənzəri olan məscid tikilmişdir, qəsəbə salınmışdır, oraya həyat qayıtmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu gün dirçələn və inkişaf edən Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Biz tarixi, dini abidələrimizi qoruyuruq və burada da dövlət və din bir yerdədir. Son illərdə yüzlərlə məscid tikilmiş və ya təmir edilmişdir. Onların arasında tarixi məscidlərimiz xüsusi yer tutur. Şeyx həzrətləri qeyd etdi, Təzəpir məscidinin ətrafında salınan möhtəşəm park həm şəhərə yeni nəfəs verəcək, yəni, 20 hektar ərazində salınan yaşıllıqlar bu zonada iqlimin yaxşılaşmasına xidmət göstərəcək, insanların rahatlığı üçün imkanlar yaradacaq, eyni zamanda, Təzəpir məscidinin əzəmətli görkəmi artıq bütün vətəndaşlara açıq olacaq. Çünki vaxtilə Təzəpir məscidinin ətrafında tikilmiş binalar imkan vermirdi ki, biz onu uzaq məsafədən seyr edək. Digər məscidlərimizin əsaslı şəkildə bərpası bizim niyyətimizi, siyasətimizi göstərir. Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərinin, "İmamzadə" tarixi-dini kompleksinin əsaslı şəkildə təmir edilməsi dövlət-din münasibətlərinin təzahürüdür. Heydər məscidinin tikintisi tarixi hadisədir.
Bildiyiniz kimi, keçən il prezident seçkilərindən sonra iştirak etdiyim birinci tədbir Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdur. Bu da təsadüfi deyil. Mən seçkilərdən sonra istənilən yerə gedə bilərdim. Məhz Hacı Cavad məscidinin yeni binasının açılışını birinci növbədə qeyd etməyimiz dövlət-din münasibətlərimizə, İslam dininə göstərdiyimiz hörmətdir.
Ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənir. Bu, artıq reallıqdır. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, çoxsaylı beynəlxalq tədbirlər məhz bizim təşəbbüsümüzlə ölkəmizdə keçirilir. Əgər biz bu təşəbbüsü göstərməsəydik, bu tədbirlər də keçirilməzdi.
Hörmətli Şeyx həzrətlərinin dediyi kimi, bu il Dünya Dini Liderlərinin II Zirvə Görüşü keçiriləcəkdir. Bu məsələ ilə bağlı qərar qəbul edildi. Şeyx həzrətlərinin yubileyi və fəaliyyətinin 40 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd ediləcəkdir. Əminəm ki, Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı olan ölkə, eyni zamanda, tolerant və multikultural dəyərləri təbliğ edən dövlət kimi öz reallıqlarını dünyaya bir daha təqdim edəcək.
Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər həm ölkəmiz, həm daxildə gedən proseslər, həm də dünya üçün böyük məna daşıyır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində yaşayır. Biz bir ailə kimi yaşayırıq və bizim gücümüz birliyimizdədir. Bu tədbirlərin dünya üçün də böyük əhəmiyyəti var. Çünki bu gün dünyada dinlərarası münasibətlərlə bağlı fərqli fikirlər var, yəni, birmənalı yanaşma yoxdur. Bəzi hallarda çox təhlükəli fikirlər səslənir, çox böyük fəsadlara gətirib çıxara biləcək addımlar atılır. Ona görə bizim təşəbbüslərimiz dünya üçün böyük əhəmiyyət daşıyır. Sonuncu böyük tədbir Mədəniyyətlərarası Dialoq Forumu idi. Bu Forum çərçivəsində çox önəmli məsələlər müzakirə edilmişdir və Azərbaycanın bu sahədəki müsbət rolu bir daha qeyd olunmuşdur. Biz bu sahədə öz səylərimizi davam etdirəcəyik. Bir daha demək istəyirəm ki, bu, bizim üçün lazımdır və bu, dünya üçün lazımdır. Çünki biz istəyirik ki, dünyada proseslər müsbət məcrada getsin, dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmasın, sülh olsun, bərabərlik olsun, ədalət olsun. Müqəddəs İslam dinimiz bunu tələb edir və biz dövlət olaraq bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin olunacaq, ölkə qarşısında duran vəzifələr icra edilir və ediləcəkdir, mövcud problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir. Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır. Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var.
Hörmətli mərasim iştirakçıları, mən hörmətli Şeyx həzrətlərinə, digər din xadimlərinə mənim haqqımda, ünvanıma deyilən bütün xoş sözlərə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bütün dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik etmək istəyirəm. Bütün dünya müsəlmanlarına sülh, əmin-amanlıq, rifah arzulayıram! Sağ olun.
X X X
Sonra iftar süfrəsi açıldı.
Xəbər 516 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR