Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış
  • DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasını uzatmaqla zamanın onun xeyrinə işlədiyini düşünürsə, bunun ağır nəticələri ilə üzləşə bilər.

Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Belyayev deyib.

"Paşinyan sülh müqaviləsinin imzalanmasını uğursuzluğa düçar edərsə, bütün siyasətini və dövlət başçısı kimi qarşısında açılan imkanları da puça çıxarmış olacaq. Halbuki onun Ermənistanın tarixində tamamilə yeni səhifə açmaq, o cümlədən Azərbaycanla nəqliyyat və iqtisadi əlaqələrin bərpası hesabına yeni iqtisadi imkanlar yaratmaq, gələcəkdə Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq və regiondan kənarda həyata keçirilən iri nəqliyyat-iqtisadi layihələrə qoşulmaq üçün böyük şansı var.

Ermənistan hazırda yol ayrıcındadır. Ölkə tam olaraq Rusiyanın yanında deyil, lakin hələ Avropa Birliyinə də tam yaxınlaşmayıb. İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri də dövlətlərarası əməkdaşlığın tam şəkildə həyata keçirilməsi üçün zəruri olan səviyyəyə çatmayıb. AB problemli ölkələri, eləcə də münaqişə və ya müharibə vəziyyətində olan dövlətləri üzvlüyə qəbul etmir. Bu baxımdan, sülh müqaviləsi imzalanmadığı müddətdə erməni revanşist qüvvələrinin mövcudluğu səbəbindən Ermənistanla Azərbaycan arasında münaqişənin yenidən alovlanması riski hər zaman qalacaq. Belə olan halda AB potensial münaqişə riski daşıyan bir dövləti niyə öz üzərinə yük götürərək üzvlüyə qəbul etsin? İrəvanın Rusiya ilə münasibətlərdə də uzun müddət ikili oyun aparması mümkün olmayacaq. Rusiya ilə əməkdaşlıq sayəsində əldə edilən bütün iqtisadi güzəştlər də qüvvədən düşəcək. Paşinyan hansısa daxili səbəblərə görə sülh müqaviləsinin imzalanmasını uzun müddət yubadarsa, nəticədə elə vəziyyət yarana bilər ki, Ermənistan nə bu, nə də digər tərəflə əməkdaşlıq edə bilsin. O, bütün imkanlarını itirəcək və bu, ölkə daxilində də onun siyasi karyerasının sonu olacaq. Uğursuzluğa düçar olacağı təqdirdə Paşinyan Ermənistanı bütün imkanlardan məhrum edən, ölkəni uçuruma sürükləyən, təkcə mövcud imkanları deyil, gələcək perspektivləri də puça çıxaran siyasətçi kimi tarixə düşəcək. Ermənistanın hazırkı Baş naziri sülh gündəliyinin həyata keçirilməsində daha qətiyyətli olmalıdır”, - o bildirib.
Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR