Çox qazanmaq istəyən sürücülərə XƏBƏRDARLIQ

Çox qazanmaq istəyən sürücülərə   XƏBƏRDARLIQ

Fürsətdən istifadə edib daha çox qazanc əldə etmək məqsədilə nəqliyyat vasitələri ilə nəzərdə tutulduğundan çox sərnişin daşıyanlar sərt cəzalandırılacaqlar.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi qeyd edib ki, Novruz bayramı ilə bağlı elan edilmiş istirahət günlərinin bitməsi ilə əlaqədar sərnişinlərin xüsusilə paytaxt Bakıya doğru axını müşahidə edilir. Yaranmış vəziyyəti fürsət bilib bundan istifadə edərək bəzi sürücülər daha çox qazanc əldə etmək məqsədilə sərnişindaşıma qaydalarını kobud şəkildə pozurlar: "Sürücülər vətəndaşların həyatını təhlükəyə atmaqla əlavə qazanc əldə etməyə çalışırlar. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qəti xəbərdarlıq edir ki, nəqliyyat vasitələri ilə nəzərdə tutulduğundan çox sərnişin daşıyanlar qanunvericiliklə sərt cəzalandırılacaqlar. Sürücülərə və avtonəqliyyat vasitələrinin sahiblərinin həm cəzaya məruz qalmamaq, həm də insanların təhlükəsizliyini təmin etmək üçün diqqətli olmağa, yol hərəkəti, eləcə də nəqliyyat vasitələrinin istismarı qaydalarına ciddi əməl etməyə çağırırıq. Hamı bilməlidir ki, istər minik avtomobillərində, istərsə də avtobuslarda nəzərdə tutulduğundan çox insanın daşınması qayda pozuntusu hesab edilir və həmin nəqliyyat vasitələrinin sürücüləri və sahibləri məsuliyyətə cəlb olunurlar".  

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, Azərbaycanda bayram günlərində bu problem həmişə olub. Ona görə də bu məsələ kökündən kompleks şəkildə həll olunmalıdır.

Ekspert sərnişindaşıma qaydalarının pozulmasına görə qanunvericilikdə hansı cəzaların nəzərdə tutulduğunu da açıqlayıb: "İnzibati Xətalar Məcəlləsinə əsasən, minik avtomobillərində və avtobuslarda sərnişinlərin sayı nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş oturacaqların sayından çox olarsa, sürücülər bu qayda pozuntusuna görə 60 manat məbləğində pul və 3 cərimə balı ilə cəzalandırılırlar. Əgər avtobusda ayaq üstə durmaq üçün konstruksiya varsa, o zaman sürücü məsuliyyətə cəlb edilmir. Amma müvafiq konstruksiyası olmayan avtobus və ya mikroavtobuslarda sürücü sərnişinin ayaq üstə getməsinə və yaxud nəzərdə tutulan oturacaqların sayından artıq sərnişinin daşınmasına görə məsuliyyət daşıyır. Avtobusda nəzərdə tutulmayan əlavə oturacaq və avadanlıqların qanunsuz olaraq yerləşdirilməsinə görə isə həmin nəqliyyat vasitəsinin sahibi 150 manat məbləğində cərimə olunur. Bundan əlavə, əgər bu konstuksiya pozuntusunu yerindəcə düzəltmək mümkün olmazsa, yol polisi belə avtobusları "cərimə meydançasına" da aparmaq hüququna da malikdir. Sürücülər bilməlidirlər ki, bu qayda pozuntuları həm əlavə götürülmüş, həm də digər sərnişinlərin həyatı üçün ciddi təhlükə doğurur. Ona görə də sürücülər təkcə cəzalandırıla bilmək qorxusundan deyil, sadəcə anlayaraq belə qanunsuzluqlara yol verməməlidirlər".

Xəbər 678 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR