Avqustun
29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nəsimi Rayon İcra
Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini mərasimlər: ənənəvilik və
müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Rayon hüquq mühafizə orqanlarının
rəhbərləri, Milli Məclisin deputatı, İcra Hakimiyyətinin nümayəndələri,
ağsaqqallar, din xadimləri, dindarlar və gənclərin iştirak etdiyi tədbirdə
əvvəlcə DQİDK-nın tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun
sifarişi ilə çəkilmiş "Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi
nümayiş olunub.
Daha sonra çıxış edən RİH başçısının
birinci müavini Gülarə Verdiyeva rayondakı dini durum barədə məlumat verib və
qeyd edib ki, Nəsimi rayonunda 3 məscid fəaliyyət göstərir. Gülarə Verdiyeva,
eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə
sahəsindəki fəaliyyətini yüksək qiymələndirib.
Dövlət Komitəsinin sədr müavini
Səyavuş Heydərov DQİDK tərəfindən maarifləndirmə məqsədilə paytaxtda və
bölgələrdə ardıcıl olaraq dəyirmi masalar və konfransların keçirildiyini qeyd
edərək vurğulayıb ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd dövlət-din
münasibətlərinin, ölkəmizin tolerantlıq ənənələrinin, mənəvi dəyərlərinin
qorunması və daha da inkişaf etdirilməsidir. Sədr müavininin sözlərinə görə,
radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün
cəmiyyətdə, xüsusilə gənclər arasında milli-mənəvi, o cümlədən dini dəyərlərin
təbliği düzgün aparılmalıdır.
Dövlətin dinə qayğısından da bəhs
edən Səyavuş Heydərov deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan mənəvi dəyərlərimizə dövlət qayğısı siyasəti bu gün ölkə başçımız cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Din xadimlərinə maddi dəstəyin
verilməsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondu tərəfindən ibadət yerlərinin tikintisi və əsaslı təmiri
ölkə rəhbərliyinin dinə və dindarlara qayğısının bariz nümunəsidir”,-deyə sədr
müavini əlavə edib.
Səyavuş Heydərov bildirib ki, ən
qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan müxtəlif millətlərin və
dinlərin sülh şəraitində birgə yaşayışı baxımından dünyaya nümunədir. Bəzi
dairələr tərəfindən respublikamızda ictimai-siyasi və dini sabitliyin
pozulmasına, eləcə də yad dini ideologiyaların ölkəmizə ixrac edilməsinə
müəyyən cəhdlərin edildiyini diqqətə çatdıran natiq bu kimi mənfi halların
qarşısının qətiyyətlə alındığını söyləyib.
Natiq xurafat, dini ekstremizm və
radikalizmlə mübarizədə dini icmaları, din xadimlərini fəal olmağa çağırıb və
eyni zamanda qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar tövsiyələrini verib.
Xəbər 275 dəfə oxunub.