Azərbaycan yeni qaz layihələri hesabına istehsal və ixrac imkanlarını genişləndirməyi planlaşdırır.
Aktual.az xəbər verir ki, bunu Bakı Enerji Forumunun "Qaz bazarları: İnfrastruktur, Strategiya və Geosiyasət” adlı sessiyasında energetika nazirinin müavini Kamal Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycanın təsdiqlənmiş təbii qaz ehtiyatları təxminən 2,6 trilyon kubmetr təşkil edir və bu resurslar ölkənin regional və qlobal enerji bazarlarında rolunu gücləndirir.
Kamal Abbasov bildirib ki, ötən il ölkədə qaz hasilatı təxminən 52 milyard kubmetrə çatıb.
Nazir müavininin sözlərinə görə, Azərbaycan hazırda 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac edir.
O qeyd edib ki, ölkə qaz istehsalını artırmaq üçün bir sıra yeni layihələr həyata keçirir.
"Abşeron” yatağının tammiqyaslı işlənməsi, "Şahdəniz” Kompressiya Layihəsi, AÇG Dərin Qaz Layihəsi və "Bahar” layihəsi istehsal potensialının artırılmasına xidmət edəcək”, – deyə Kamal Abbasov vurğulayıb.
Onun sözlərinə görə, AÇG Dərin Qaz Layihəsindən ilk qazın əldə olunması Azərbaycanın həm hasilat, həm də ixrac imkanlarını daha da genişləndirəcək.
"Gələcəyə baxdıqda planımız həm mövcud, həm də yeni layihələr hesabına qaz ixracını artırmaqdır”, – deyə energetika nazirinin müavini əlavə edib.
Xəbər 47 dəfə oxunub.