Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib.
Aktual.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, müştərilər bank və BOKT-lara yazılı müraciət edərək istehlak kreditinin məsafədən rəsmiləşdirilməsinə və ya kredit limitinin artırılmasına məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.
Banklar və BOKT-lar kredit verərkən müştərinin belə məhdudiyyət qoyub-qoymadığını öz sistemləri ilə yanaşı, kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı olacaqlar. Məhdudiyyət qoyulmuş şəxslə məsafədən istehlak krediti müqaviləsi bağlamaq və ya kredit limitini artırmaq mümkün olmayacaq.
Məhdudiyyət qoymuş şəxs sonradan məsafədən kredit götürmək və ya kredit limitini artırmaq üçün müraciət etdikdə, bank və ya BOKT müştərini bu barədə mobil tətbiq və ya SMS vasitəsilə dərhal məlumatlandıracaq.
Əlavə olaraq, yeni qaydalara əsasən, məsafədən verilən istehlak kreditlərində və ya artırılan kredit limitlərində vəsait dərhal təqdim edilməyəcək. Belə ki, gün ərzində verilən və ya artırılan vəsait minimum əmək haqqının iki mislinədək olduqda, pul müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra veriləcək. Məbləğ minimum əmək haqqının iki mislindən çox olduqda isə vəsait 24 saat sonra təqdim olunacaq.
Bundan başqa, istehlak krediti müqaviləsində borcalanın verilmiş və ya artırılmış kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa da nəzərdə tutulacaq. Məsafədən rəsmiləşdirilən istehlak krediti müqavilələrində və ya kredit limitinin artırılması ilə bağlı müqavilə dəyişikliklərində borcalanın məsafədən kredit götürməyə məhdudiyyət qoyub-qoymadığı barədə məlumat da əks olunacaq.
Qeyd edək ki, qərar oktyabrın 1-dən qüvvəyə minəcək.
Xəbər 47 dəfə oxunub.