Naxçıvanın Babək rayonu ərazisində yerləşən Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar bölgənin qədim tarixinə dair mühüm nəticələr ortaya qoyub.
Aktual.az xəbər verir ki, Babək rayonunun Göynük kəndi yaxınlığında, dəniz səviyyəsindən 1430-1450 metr yüksəklikdə yerləşən Bülövqaya yaşayış yerində aparılan qazıntılar başa çatmaq üzrədir.
Araşdırmalar nəticəsində məlum olub ki, e.ə. VI-V minilliklərdə Şimali Mesopotamiya və Urmiya hövzəsi ilə Naxçıvan arasında geniş iqtisadi və mədəni əlaqələr mövcud olub.
Bildirilib ki, yaşayış yerindən aşkar olunan sadə və boyalı keramika nümunələri Ubeyd mədəniyyətinin xüsusiyyətlərini əks etdirir. Tapıntılar Urmiya hövzəsinin şimalı, Şərqi Anadolu və Naxçıvanı əhatə edən ərazidə yeni arxeoloji mədəniyyətin – Bülövqaya mədəniyyətinin formalaşdığını təsdiqləyir.
Arxeoloqların qənaətinə görə, köçəri maldarlıqla məşğul olan qədim tayfaların Naxçıvana doğru hərəkəti Cənubi Qafqazın zəngin obsidian və mis yataqları, eləcə də geniş otlaq sahələri ilə bağlı olub.
Tədqiqatlar həmçinin göstərir ki, həmin tayfalar maldarlıqla yanaşı, sənətkarlıq və mədənçiliklə də məşğul olublar. Onların Naxçıvanda Dalmatəpə mədəniyyəti ilə təmsil olunan tayfalarla qarşılıqlı əlaqədə yaşadıqları da müəyyən edilib.
Xəbər 85 dəfə oxunub.