"Bakı Natiqlik Məktəbi” İctimai Birliyi (BNM İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Natiqlik mədəniyyətinin regionlarda təbliği” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində natiqlik bacarıqlarının inkişafı, ictimai çıxış mədəniyyətinin təşviqi və bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Aktual.az xəbər verir ki, bu barədə BNM İB-nin sədri Nüşabə Fətullayeva məlumat verib.
Onun sözlərinə görə, layihə Bakıda və Ağsu rayonunda həyata keçiriləcək və müxtəlif yaş qruplarından olan iştirakçıların natiqlik sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.
Layihə çərçivəsində interaktiv görüşlər və praktik məşğələlərin təşkili planlaşdırılır. Tədbirlər zamanı iştirakçılara düzgün nitq quruculuğu, auditoriya ilə effektiv ünsiyyət, çıxış texnikaları və özünüifadə bacarıqları ilə bağlı praktiki biliklər təqdim olunacaq.
Təşkilat hesab edir ki, natiqlik mədəniyyətinin regionlarda təşviqi gənclərin və ictimai fəalların şəxsi inkişafına, həmçinin cəmiyyət daxilində sağlam kommunikasiya mühitinin formalaşmasına töhfə verəcək.
Layihə ilə bağlı əlavə məlumatlar növbəti mərhələlərdə ictimaiyyətə təqdim olunacaq.
Xəbər 142 dəfə oxunub.