Millət vəkili MM-də bütün cəmiyyəti insan alverinə qarşı mübarizədə daha fəal olmağa çağırıb

Millət vəkili  MM-də bütün cəmiyyəti insan alverinə qarşı mübarizədə daha fəal olmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva MM-də bütün cəmiyyəti insan alverinə qarşı mübarizədə daha fəal olmağa çağırıb və bəzi qanunların tezliklə qəbulunun vacibliyini vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva bu gün Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik hesabatının müzakirələrində çıxış edib və bu mübarizədə cəmiyyət olaraq fəallığımızı artırmalıyıq deyib: " İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik hesabatını dəstəkləyirik və insan alverinə qarşı mübarizədə hər zaman onların yanındayıq və fəaliyyətlərini dəstəkləyirik. İnsan alverinə qarşı mübarizə asan deyil. İnsan alveri böyük gəlir mənbəyi olduğu üçün cinayətkar şəbəkələr bu istiqamətdə fəaliyyətlərindən əl çəkmək istəmirlər. Ona görə də onlara qarşı sərt mübarizə aparılmalıdır və bu məsələdə və bundan sonra da polis orqanlarımızın, qeyri-hökumət təşkilatların, KİV-in birlikdə səyləri daha da güclənməlidir. Hesabatdan görünür ki, 2015-ci illə müqayisədə 2016-cı ildə 29,4% çox və ya 141 insan alveri faktı aşkarlanmışdır. Bu onu göstərir ki, mübarizənin daha da sərtləşməsinə böyük ehtiyac var. Eyni zamanda insan alveri qurbanlarına dəstək daha da artmalıdır. Onların peşə kurslarına cəlb olunması, iş yerləri ilə təmin olunması çox vacibdir ki, onlar təkrar insan alveri qurbanına çevrilməsinlər. İnanırıq ki, cənab Prezidentin 2016-cı 24 iyun tarixli 976 nömrəli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial  Fondunun İnsan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirlər həyata keçirmək, onlar üçün yardım mərkəzləri yaratmaq, həmin mərkəzlərin fəaliyyətinə nəzarət etmək səlahiyyətinin müəyyən olunması bu istiqamətdə işlərə özünün müsbət təsirini göstərəcək. İnsan alveri ilə məşğul olan və hüquq -mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunan və cəzasını çəkdikdən sonra təkrar insan alveri ilə məşğul olanlara qarşı cəzaların daha çox ağırlaşdırılması, ciddi sərtləşməsi çox vacib məsələdir. Eyni zamanda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik hesabatında qeyd edilir ki, küçə həyatına məruz qalan, dilənçilik edən, qeyri-qanuni qulluğa cəlb edilən 600-yə yaxın azyaşlı müəyyən edilmişdir ki, bu da ötən illə müqayisədə çoxdur. Bu məsələ ilə bağlı da tədbirlər və mübarizə daha artmalıdır ki, küçə həyatına məruz qalan, dilənçilik edən, qeyri-qanuni qulluğa cəlb edilən uşaqların sayı artmasın, tam əksinə daha da azalsın. Eyni zamanda "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi" haqqında Avropa Şurası konvensiyasının ratifikasiya olunması və "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" qanunun tezliklə qəbul olunması çox vacibdir. İnsan alverinə qarşı mübarizədə bütün cəmiyyət daha da aktiv olmalıdır və hər bir insanımızı buna çağırırıq."
 
Aktual.az
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR