"Barselona"nın sabiq futbolçusu Lionel Messi klubdan ayrılması ilə bağlı fikirlərini bölüşüb.
Qaynarinfo xəbər verir ki, argentinalı futbolçu şəxsi sosial şəbəkə hesablarında bu ayrılığa münasibətini açıqlayıb: "Başqa cür getmək istərdim, amma güman edirəm ki, vidalaşma heç vaxt xoş ola bilməz. Mən burada oynamaq üçün hər şeyi etdim, sonda, olmadı. Uzun illər məni "Barselona"da dəstəkləyənlərin hamısına yalnız təşəkkürlərim var. Mənə bütün sevgilərini həsr edən azarkeşlərə göy-narıncı formada eyni cür cavab verməyə çalışdım. Gedirəm, amma vidalaşmıram, sonra görüşərik”.
Argentina millisinin futbolçusu bir neçə gün öncə "Barselona" ilə yollarını ayırıb. Klub maliyyə məsələlərinə görə 34 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməyib.
2003-cü ildən "Barselona"nın formasını geyinən hücumçu onqat İspaniya çempionu, 7 dəfə ölkə kubokunu, 8 dəfə superkuboku qazanıb. Çempionlar Liqasının kubokunu 4 dəfə başı üzərinə qaldıran təcrübəli hücumçu 3 dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.
Messi ötən mövsüm La Liqada 35 matçda iştirak edərək, 30 qola, 11 məhsuldar ötürməyə imza atıb. O Çempionlar Liqasında meydana çıxdığı 6 oyunda 5 qol və 2 məhsuldar ötürmə müəllifi də olub.
Xəbər 544 dəfə oxunub.