Yeni tədris ilinin başlamasına hələ iki aydan artıq vaxt qalsa da, valideynləri düşündürən əsas məsələlərdən biri məktəbli formalarının qiymətləridir.
Bu il məktəbli formaların qiyməti bahalaşacaq?
Aktual.az xəbər verir ki, məsələ ilə bağlı satıcı Günel Salmanovanın sözlərinə görə, hazırda qiymətlər ötən illə müqayisədə dəyişməyib:
"Ətəklər 15-25 manat, köynəklər 15-20 manat, şalvarlar isə 15-25 manat arasında satılır. Onun sözlərinə görə, hələlik qiymət artımı gözlənilmir və məhsulların dəyəri əsasən keyfiyyətindən, həmçinin Türkiyə də daxil olmaqla xaricdən gətirilməsindən asılıdır".
Mövzuya dair "Bakı Tikiş Evi"ndən bildirilib ki, hazırda istehsal üçün kifayət qədər parça ehtiyatı mövcuddur. Lakin qarşıdakı dövrdə tələbat artarsa və əlavə xammal alınarsa, qiymətlərə yenidən baxılması mümkündür. Satış şöbəsinin müdiri Etibar Əzimov qeyd edib ki, məhsulların qiymətləri hər il istehsal xərcləri nəzərə alınaraq yenilənir.
Təhsil eksperti Elçin Əfəndi isə çoxuşaqlı ailələr üçün məktəbli formalarının alınmasında güzəştlərin tətbiqini məqsədəuyğun hesab edir. O bildirir ki, ailədə oxuyan uşaqların sayını təsdiqləyən sənəd əsasında həmin ailələrə məktəbli formaları daha sərfəli qiymətlə təqdim oluna bilər. (milli.az)
Xəbər 76 dəfə oxunub.