“Kişi açıq yaşıl rəng şalvarda çölə çıxsa, mən ona gülərəm”

“Kişi açıq yaşıl rəng şalvarda çölə çıxsa, mən ona gülərəm”

“O deyir ki” rubrikasında  bu dəfəki  müsahibimiz dəfələrlə “İlin stilisti” mükafatına layiq görülən sitilist və vizajist Anar Ağakişiyevdir.

Müsahibimizlə söhbətə onun işlərindən, hazırkı fəaliyyətindən danışmaqla başlayırıq. Anar bəyin sözlərinə  görə, indi onun işləri yalnız ölkə daxilində deyil, ölkə xaricində də tanınır. Belə ki, son zamanlar bir çox xarici  instaqram bloggerləri onun işlərini öz səhifələrində paylaşmağa başlayıb .

Allaha şükür, işlərim qaydasındadır, istədiyimə yavaş–yavaş nail oluram. Bir çox xarici instaqram bloggerləri mənim işlərimi paylaşmağa başlayıblar. Bu çox qürurverici haldır .

Çox vaxt görürəm ki, həm məşhur foto model Kim Kardaşyanın, həm də altı milyondan çox izləyicisi olan müxtəlif bloggerlərin səhifəsində erməni vizajistlərin daha çox təbliğatı gedir. Amma bizlərdən hələ heç kim o tilsimi sındıra bilməmişdi, bunu ilk mən etdim.

Müsahibimiz sənətə ilk gəlişini xatırlayır: Valideynləri onu diş həkimi kimi görmək istədiyi üçün Anar bir müddət bu ixtisas üzrə təhsil alır. Daha sonra ixtisasını yarımçıq qoyaraq öz seçdiyi sənətin arxasınca gedir. Səbəbini isə belə izah edir:

Qarşımdakı insanın canını ağrıdıb onu müalicə eləməyi bacarmaram, çünki insanlara acı verməyi bacarmıram. Bəli, sözlə bacarıram. Sözlə insanı elə vəziyyətə salaram ki, o bəlkə də, bir ay depressiyadan çıxa bilməz, amma bunu hərəkətlə edə bilmərəm. Ona görə də diş həkimliyini yarıda qoydum və sevdiyim peşənin ardınca getdim.

Anar Ağakişiyev dünyada analoqu olmayan yeni bir salon açmaq niyyətindədir. Onun sözlərinə görə, bu salonun artıq demək olar ki, hər şeyi hazırdır.

Açmaq istədiyim salonun yalnız Avropada deyil, dünyada belə analoqu yoxdur. Ola bilsin ki, “Jack Dessange” set salonları hardasa mənim istədiyim salon modelinə yaxındır. Bu salon üçün nəzərdə tutulan biznes planım bütünlüklə hazırdır, amma maddiyyat baxımından bu planı müəyyən müddət ertələməli olmuşam.

Bəlkə də bir az patriotik hisslərdən irəli gəlir, amma mən bir işi görürəmsə, çalışıram ki, onun ən yaxşısı bizdə – Azərbaycanda olsun. Bu işə də həmçinin elə yanaşıram.

“Evlilikdən öncə övladın olmağına pis baxmıram”

Evlilik haqqında düşünmürəm. Ata olmaq barədə isə bu il çox ciddi düşünməyə başlamışam. Bəlkə də ata oldum, amma evlilik bir neçə ildən sonra oldu. Çünki  mən həm müasir, həm də bir az milliliyi qoruyan insanam. Əgər evlənmədən övlad sahibi olsam, mütləq iki-üç il sonra evlilik olmalıdır. Çünki milliyi qorumaq  lazımdır. Mən, əslində, belə şeylərə pis baxıram.

 Bunun səbəbi o ola bilərmi ki, mental dəyərlərə əhəmiyyət verirsiniz?

Yox. Mentalitet sözündən, ümumiyyətlə, bu sözün ifadə etdiyi mənadan heç xoşum gəlmir. Mental dəyərlər deyə-deyə biz yerimizdə addımlayırıq. Fikrimcə, mentalitetimizi daha çox daxilimizdə, ruhumuzda və ailəmizdə qorumalıyıq. Müasirlik isə heç də çoxlarının düşündüyü kimi küçə-bacada lüt gəzmək deyil. Sadəcə olaraq dəblə ayaqlaşmağı bacarmaq lazımdır .

Ailə məsələsinə gəldikdə isə mən bunu mentalitetlə deyil, qanun-qaydalarla əlaqələndirirəm. Mən gözümü açandan görmüşəm ki, qadınla kişi evlənir, sonra isə uşaq olur. Öz ailəmin də belə olmasını istəyirəm. Ən əsası isə, məncə, ailə sevgi üzərində qurulmalıdır.

Peşə sirləri haqqında danışan Anar Ağakişiyev səfər etdiyi ölkələrdə bahalı restoranlarda oturmaqdansa, müxtəlif moda nümayişlərində olmağı üstün tutur.

Mənim dəbdən heç zaman geri qalmamağım bir çox həmkarlarımı maraqlandırır. Düşünürlər ki, mən dəbdəki bu qədər yenilikləri izləməyi necə bacarıram? Elə eksklüziv olaraq sizin sayt üçün açıqlayıram. Bunun üçün ilk növbədə çoxlu səyahət edirəm. Səyahət etdiyim ölkələrdə mütləq mağazaları gəzirəm, “show-room”lara, moda nümayişlərinə  dəvət alıram, dəvət olunmadığım zaman isə özüm bilet alıb gedirəm. Xaricə səfər zamanı bahalı restoranlarda oturmaqdansa, “hot dog” yeməyi üstün tuturam. Bunun əvəzinə, oradakı moda həftələrində iştirak etməyə çalışıram. Moda nümayişlərində olduğum zaman mənə maraqlı görünən hər şeyi yaddaşıma həkk edirəm, amma gördüklərimi gəlib burada olduğu kimi təkrarlamıram. Onun hər hansı  elementini dəyişirəm. Məsələn, “Coco Chanel”in və ya “Dolce&Gabbana”nın moda nümayişindəyəm. Model səhnəyə şişirdilmiş saçlarla, mirvarilərlə və yaşıl rəngdə taftadan olan uzun parçalarla çıxır. Mən o ideyanı gətirəndə yaşıl paltarı saxlayacam, saçları şumal yığacam, mirvariləri də zəncirlə əvəz edəcəm. Yəni, onu özününküləşdirməklə auditoriyaya başqa cür çatdıracam. Dəb, bax, belə gedir, mən də belə inkişaf edirəm .

“Sergey Ziverevi öz müəllimim hesab edirəm”

Bir stilist olaraq kimə sizin üçün bir günlük yeni stil yaratmağa icazə verərdiniz?

Sergey Ziverevdən özəl dərs almasam da, onu öz müəllimim hesab edirəm. Bir günlük mənə yeni bir stil yaratmağı da ona həvalə edərdim. Yerli stilisitlərdən isə heç kimə həvalə etməzdim, çünki yerlilərdən hətta bir stəkan su istəməyə belə qorxuram. Bizdə o dərəcədə qeyri-sağlam rəqabət var ki, mən onların verdiyi suyu içməyə belə qorxaram. Necə ki, Hürrəm sultanı dəfələrlə zəhərləməyə çalışırdılar, bax mənim də başıma eyni vəziyyət gələ bilər.

Sağlam rəqabətin yaranması üçün onlar öz üzərilərində işləməli və paxıllıq hissini kənara qoymalıdırlar. Əgər bu işi səndən daha yaxşı görən varsa, bunu qəbul et, vəssalam. Mən bir stilist kimi özüm haqqında onu deyə bilərəm ki, nə qədər  gücüm var birinciliyi əldən verməyəcəm. Nə vaxtsa hiss etsəm ki, bir az büdrəmə var , həmin gün sadəcə çəkiləcəm bir kənara sonra yenidən qayıdıb partlayış edəcəm .

“Bəzi kişilərdə sinə tükləri düz saqqala qədər birləşir və köynək kimi görsənir”

Sizcə, Azərbaycan kişisi hansı normalar daxilində baxımlı olmalıdır?

İlk növbədə Azərbaycan kişisinin dırnaqları təmiz və qısa olmalıdır. Balaca barmaqda uzun dırnaq olmamalıdır. İkinci məqam Azərbaycan kişisi qaş ala bilməz . Doğrudur, Türkiyədə qaşını alan oğlanlar var. Onlarda bu pis görünmür, amma özümüzünkülərə mən onu yaraşdırmıram, hətta mən özüm belə almıram. Həmçinin, kişidən  gözəl ətir gəlməlidir. Bizim kişilərin heç cür qəbul etmədiyi bir vəziyyətə toxunmaq istəyirəm: bəzi  kişilərdə sinə tükləri düz saqqala qədər uzanır və köynək kimi görsənir. Onu lazer eləsinlər, burada heç bir qəbahət yoxdur .

Digər bir məsələ:30 yaşdan sonra bəylərimiz yaraşdı-yaraşmadı klassik stildə geyinməyə başlayırlar. Mən azərbaycanlı kişini o yaş dövründə belə təsvir edərdim: makasin ayaqqabı, dar olmayan cins şalvar və üzərində polo köynək.

Sizcə, xanımlar hansı tərzdə geyinən kişilərə daha çox diqqət yetirir?

Əgər avropalı iş qadını haqqında danışırıqsa, onların diqqətini idman, street  fashion və ya gündəlik, sadə geyimdə olan gənc bir oğlan cəlb edir. Onlar üçün sadəlik əsasdır, amma bizdə əksinə, xanımları klassik geyimdə olan kişilər cəlb edir .

Kişilərə geyimlərində necə aksesuarlar seçməyi tövsiyyə edərdiniz?

Aksesuarlar daha çox bədən formasına uyğun olmalıdır. Məsələn, dolu bədənə malik bəy nazik, balaca saat taxa bilməz, onlar daha böyük, həcimli saat taxmalıdırlar. Yaxud da qoluna qolbaq taxarkən onu bir az boş saxlamalıdır ki,daha dəbli görsənsin. İkinci bir məqam aksesuar həm də geyindiyin paltara  yaraşmalı, onunla uyğunlaşmalıdır.

Belə düşünülür ki, moda dünyasında kreativ beyinlər kişilərə məxsusdur. Bəs sizcə, qadınlar kişilər üçün ideal geyim tərzi yarada bilirlərmi 

Kifayət qədər güclü, bacarıqlı xanım dizaynerlər var. Amma onlar ideal geyim tərzini yaratmaqda çətinlik çəkirlər. Səbələrdən biri odur ki, kişi dəbi daha çərçivəlidir. Əsas geyimlər kostyum, köynək, şalvardan ibarətdir. Ancaq Samiraldo kimi əndrabadi stilist kişilər xalat-malat tipli geyimlər geyinərlər.

Ən əsas səbəb isə ondan ibarətdir ki, xanımlar paxıl və qısqancıdırlar. Kişilərdə isə bu vəziyyət fərqlidir. Mənim üçün fərqi yoxdur, vizaj etdiyim yaxınımdır, dostumdur ya düşmanım. Bu zaman əsas düşündüyüm onu maksimum dərəcədə gözəlləşdirməkdir. Deməzdim ki, xanım vizajistlər də bu cür düşünür. Çox güman ki, xanım vizajist belə vəziyyətdə işini yarımçıq qoyub gedər.

Amma bizdə isə qadın modelyerlər dominantlıq edir. Fəxriyyə  Xələfova, Lelya Əhmədova kimi məşhur modelyerlərin adını çəkə bilərik. Birinci bu işi elə Fəxriyyə Xələfova yaradıb. O moda sahəsində böyüyümüz sayılır. Bizdə qadınların öndə olmağı ondan irəli ki, onlar paxıl deyillər. Bizdə nadirən tanıdığım kişi modelyerlər var. Onlar da sənətdə yüksələ bilmirlər. Müəyyən bir vaxtlardan sonra bu peşəni atırlar. Bizdə xanımlarımızın fantaziyası daha güclüdür. Bəlkə də, bu uşaqlıq dövrü, uşaqlıq xatirələrindən də irəli gəlir. 21 il öncəyə  qayıtsaq, 20  Yanvar, müharibə və s. Ola bilsin ki, bəylərimizin beynində o xatirələr həkk olunub, buna görə yaradıcılıqları təkşaxəli inkişaf edir. Bəlkə bizdə də 10 – 15 il sonra kişilər moda sahəsində dominant olacaq.

Azərbaycanda ən yaxşı  stilistlərin top 3- lüyünü yaratsaq, həmin üçlüyə kimləri daxil edərsiniz?

O siyahıda illərdir ki, dostluq elədiyim Nigar İbrahimovanın, vizajistlər arasında Ruxa və Nərmin İbrahimovanın adını çəkə bilərəm.

Stilistlərdən biri müsahibəsində qeyd etmişdi ki, biz Azərbaycansayağı geyinməyə öyrənmişik. Bu yay ölkədə Avropa oyunları keçirildiyinə görə Avropasayağı geyinməyə çalışmalıyıq. Sizin üçün Azərbaycansayağı və Avropasayağı geyinmək nə anlama gəlir?

Vallah, mənim  üçün Azərbaycansayağı və Avropasayağı geyinmək deyə anlam yoxdur. Onsuz avropalılar da bizim kimi geyinirlər, bəlkə də biz onlardan qat – qat yaxşı  geyinirik. Bu yaxınlarda Hollandiyaya getmişdim onların geyimin görüb şoka düşdüm. Və belə qənaətə gəldim ki, biz qat-qat yaxşı geyinirik. Dünyada ən yaxşı geyinən millətlərin top onluğu yaradılsa, Azərbaycan orada 4 və ya 5–inci yerdə olar.

Bilindiyi kimi, 2010-cu ildə Validə Abbasova ilə birlikdə “Best Model of  Azerbaijan” yarışmasına rəhbərlik etmisiniz. Həmin dövrdə kişi modellərlə də işləmisiniz. Sizcə, həmin dövrdə və indi azərbaycanlı kişi modellərdə hansı  çatışan və çatışmayan cəhətlər var?

O vaxtlar kişi modellərimizdə əsas nöqsan kompleksli olmalarında idi. Digər bir kompleksləri də bədənlərindəki tükün götürülməsi ilə bağlı idi. İndi isə deyə bilərəm ki, kişi modellər çox irəlliyiş əldə ediblər, dünya standartlarına görə çox irəlidədirlər. Bu gün kişi modellərimiz xanım modellərimizdən daha üstündürlər. Bəzi xanım modellərimiz indi təbiilikdən tamam uzaqlaşıblar: ya gedib qaşın  aldırır,tatu  eləyir, burnunu kəsdirir, ya da yanaq qaynaq qoydururlar. Bir sözlə, xanım modellərimiz bərbad vəziyyətdədir .

Modellər demişkən, Azərbaycandan və dünyadan hansı modelləri bəyənirsiniz?

Dünyada bəyəndiyim  xanım  modellər arasında Adriana Lima, Keyt Moss və İrina Şeykin adını çəkə bilərəm. Azərbaycan  kişi modellərdən isə Rüstəm Cəbrayılovu deyə bilərəm .

Deyirlər: Gözəllik ondur, doqquzu dondur. Bu ifadə xanımlar üçün deyilib. Bəs, kişilər üçün bu deyimə oxşar necə bir ifadə səsləndirərdiniz?

Kişilər üçün, məncə, gözəllik ondur, doqquzu xarakterdir. Kişidə mütləq kişi xarakteri olmalıdır. Son vaxtlar kişilərimizin xasiyyəti qadınlardan betər olub: küsürlər, inciyirlər və istəyirlər ki, xanımlar onların nazın çəksin, xanım ona zəng vursun.

Bu gün Azərbaycanda gənclər arasında qlamur olmaq deyə tendesiya var. Sizə görə bu anlayış nə anlama gəlir?

Misal üçün, məşhur “Aşkı-Memnu” serialındakı Firdevs obrazı qlamurluğu ilə seçilirdi. Bu görünüş onun yaşına yaş qatırdı. Mən Sergey Ziverevi isə qlamurlar kralı hesab edirəm. Onu görəndə parıltısı qarşısında “alışdım-yandım”. Qlamurluq belə cazibə, şarm deməkdir. Amma 20 yaşında qız  özünə qlamur deyirsə, o heç bu sözün anlamını bilmir. Baxımlı  görsənmək  heç də qlamur olmaq anlamına gəlmir. Qlamurluq bir həyat tərzi deyil. Bu bir stildir.

Kişilər qarderoblarına geyim seçərkən hansı rəngdə paltarlara üstünlük versələr, yaxşı olar?

Kişilər geyim seçərkən tünd rənglərə üstünlük verməlidir, nəinki qışqıran rənglərə. Əgər kişi açıq yaşıl rəng şalvarda çölə çıxsa, mən şəxsən ona gülərəm. Çünki  gülünc görsənəcək. Gərək onun çox güclü zövqü olsun ki, o rəngdə şalvarı düzgün köynək, pencəklə uyğunlaşdıra bilsin.

Necə düşünürsünüz? Qadınlar üçün hansı rəngə üstünlük verən kişilər cəzbedicidir?

Öz gördüklərimdən deyə bilərəm ki, xanımlar üçün geyimlərində gözəçarpan rənglərə üstünlük verən bəylər daha cəlbedicidir. Məsələn, mən bəzən qışqıran rəngdə bir paltar geyinirəm, həmin dəqiqə müştəri  xanım “Nə gözəl geyinmisən!” deyir. Amma qara köynək, cins şalvar və yaxud da üstündən bir boz jiletka geyinəndə normal, ötəri  baxırlar.

Kişilər saç düzümü edərkən nələrə diqqət yetirməlidir?

Mütləq üz cizgilərinə fikir verməlidirlər. Məsələn, üzü girdə olan kişilər çalışmalıdırlar ki, saçların çox qısa etməsinlər. O zaman üzlərinin girdəliyi çox qabarıq görsənə bilər.

Kişilərin gözü ilə qadınlara baxsaq, Azərbaycan kişisi dəb-nöqteyi  nəzərindən qarşısında necə bir xanım görmək istəyir?

Azərbaycan kişisi nə açıq, nə də çox tünd olmayan saçlara, qalın qaşlara, bir sözlə, məsum simaya sahib qadın görmək istəyir. Azərbaycan kişisi xanımında sadəliyi sevir.Yəni, kişilər qadını həddindən artıq abartılı görkəmdə: hansısa tatuajla, şişirdilmiş dodaqlarla görmək istəmir .

Anar Ağakişiyev üçün Azərbaycan səhnəsində ən dəbli kişi sənətçilər kimlərdir?

Zamiq Hüseynov, Samir Cavadzadə və Fərid Məmmədovun adını çəkə bilərəm.

Bəs, zövqsüz kişi sənətçilər arasında kimlərin adın çəkə bilərik?

Aşıq Əli, Niyam Səlami.

2015-2016-cı il payız–qış mövsümündə dəbdə bizi hansı yeniliklər gözləyir?

Bu il paltarlarda aksesuarlar önə çıxacaq: çantalar və eynəklər diqqət mərkəzində olacaq. Çanta demişkən, qeyd edim ki, bu il bizi balaca və kobud çantalar gözləyir, balaca çamadanlar dəbdə olacaq. Paltolarda daha çox keçən ilki dəb olacaq. Aksesuarlardan şərflər isə o qədər də önə çıxmayacaq. Pencəklər, boğazı kobud sviterlər və platforma formada ayyaqabılar dəbdə olacaq. Bu il qış dəbində çox yeniliklər gözlənilir.

/ kishi.az

Xəbər 6082 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR