Kim daha güclüdür: Ərdoğan, yoxsa Putin?

Kim daha güclüdür: Ərdoğan, yoxsa Putin?

Rusiya ilə Türkiyə arasında davam edən siyasi qalmaqal pik həddə çatıb. Suriya sərhədində “Su-24” təyyarəsinin vurulmasından sonra başlayan skandal region ölkələrini də narahat etməyə başlayıb.

Tərəflər münasibətlərin normallaşması üçün bir o qədər də maraqlı görünmürlər. Rusiya Ankaranı iqtisadi sanksiyalarla hədələyir, Türkiyə isə əksinə Qərb ölkələrinə güvənərək Moskvanın həmlələrinə cavab verməklə məşğuldur.

Aktual.az aznews.az-a istinadən bildirir ki, Ərdoğan və Putin mətbuat vasitəsilə bir-birilərinin ünvanına sərt ifadələr işlətməklə, sanki güc nümayişinə çıxıblar. Görünən mənzərə onu deməyə əsasə verir ki, liderlər bu qalmaqalda ölkə maraqlarından çox, şəxsi ambisiyaları əsas götürərək çıxış edirlər.

Ərdoğan daha gücülü liderdir

Politoloq Qabil Hüseynli hesab edir ki, hazırki durumda Ərdoğanla Putini müqayisə etmək çətindir: “Putin dünyanın ikinci hərbi qüdrətinə malik dövlətin başçısıdır. Ona görə də Putinin bir çox nöqsanlarını rəhbəri olduğu dövlətin hərbi gücü örtür. Ərdoğan əxlaqına, siyasi intuisiyasına və bir çox cəhətlərinə görə Putini üstələyir. Türkiyədə korrupsiya və rüşvətxorluq halları Rusiya ilə müqayisədə yox dərəcəsindədir. Bu mənada Ərdoğan daha güclü liderdir”.

Politoloqun sözlərinə görə, Putin nüvə silahının kölgəsində Ərdoğandan daha güclü ölkə başçısı kimi görünür.

“Nə etmək olar, dünyanın təzadı belədir. Yəni, güclü ilə hesablaşırlar”, - deyə Q.Hüseyli təəssüflə qeyd edib.

Rusiya-Türkiyə müharibəsi başlayacaq?

Politoloq Zərdüşt Əlizadənin fikrincə, hərbi qüdrətinə görə Rusiya Türkiyədən daha güclü dövlətdir: “Nüvə silahına sahib olmasını nəzərə alsaq, Rusiya Türkiyədən daha güclü dövlətdir. Amma, iqtisadiyyatının inkişafı və Qərbə inteqrasiyası baxımından Türkiyə güclüdür. Düşünmürəm ki, bu iki dövlət arasında müharibə olacaq. Münasibətlərin soyuqlaşması, kəskinləşməsi hər iki dövlətə böyük siyasi və iqtisadi ziyan gətirir. Münasibətlər daha da kəskinləşərsə, bu, o deməkdir ki, onlar hansısa xarici qüvvələr tərəfindən idarə olunur, uzaqgörən siyasətçilər deyil”.

Politoloq deyir ki, Ərdoğan və Putin özünü görkəmli siyasətçi kimi aparır: “Siyasətçinin görkəmli olması onun qonşularla münasibətləri korlaması ilə yox, yaxşılaşdırması ilə ölçülür. Onların hər ikisi müsbət rollarını cəmiyyətləri üçün oynayıblar. Hesab edirəm ki, onların hər ikisinin siyasətdən getməsi həm özləri, həm də cəmiyyətləri üçün yaxşı olar.

Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiyanı xilas etdi. O, ölkəni dağılmağa qoymadı. Ərdoğan da hakimiyyətinin ilk illərində Türkiyəni inkişaf etdirməyə başladı. Amma, Ərdoğan sonradan çoxlu səhvlər buraxdı”.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən ilin noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Bu hadisədən sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskin pisləşib. Hətta Rusiya birtərəfli qaydada Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.

Bu insidentdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Putinlə dəfələrlə görüşmək istəsə də, Rusiya lideri hər dəfə bundan imtina edib.

// Aktual.az

Xəbər 8313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR