Kənd yumurtası təhlükəlidir? – AÇIQLAMA

Kənd yumurtası təhlükəlidir? – AÇIQLAMA

"Kənd yumurtasının yığılıb-saxlanılmasına nəzarət olmadığından qida kimi daha təhlükəlidir. Birinin 5 toyuğu var və yumurtanı bir ay yığır. Nəticədə ilkin toplanılan yumurtanın vaxtından bir ay keçir”.

Aktual.az xəbər verir ki, bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, istehsalat şəraitində yumurta daha düzgün yığılır, soyuducuda yerləşdirilir: 

"Kənd yumurtası qida baxımından zəngin ola bilər, amma doğru saxlanılmadığından zərəri daha çox ola bilər. Toyuq yumurtalayandan sonra bəzən məhsulun üzərində yatır. Bu da kənd yumurtası arasında lax yumurtaların sayının çox olmasına gətirib çıxarır”.

İ.Abdullayev bildirib ki, quşçuluq müəssisələrində toplanan yumurtalar ovoskopla nəzarətdən keçirilməlidir:

"Həmin yumurtalar baytar həkimlərin nəzarəti altında ovoskopdan keçirilməlidir. Yumurta bu vasitə ilə güclü işıq altında yoxlanılır və onun içərisindəkilər tam aydın görünür. Yumurtanın ağının sarısına qarışması, məhsulda ləkələrin, kənar qarışıqların, müxtəlif qan ləkələrinin, xəstəliklərin olması müəyyənləşdirilir və kənarlaşdırılır. Gündəlik tədarük olunan yumurtalar çeşidlənməlidir. Dietik, süfrə və s. ayrılmalıdır. İstehsal tarixi üzərində qeyd olunmalıdır”.

Şöbə müdiri qeyd edib ki, yumurta istehsalatda istifadədən əvvəl dezinfeksiya olunmalıdır: 

"Bunun mikrobioloji cəhətdən əhəmiyyəti var. Əks təqdirdə toyuqda olan salmanioz və digər bakteroloji problemlər yumurta vasitəsilə insanlara keçə bilər. Bu baxımdan su quşlarının yumurtası daha təhlükəli sayılır. Çünki suda yaşadıqlarına görə, xüsusilə, salmanioz daha asanlıqla yayıla bilir. Gigiyena qaydalarına görə, ördək və qaz yumurtalarının iaşədə istifadəsinə icazə yoxdur”.

İ.Abdullayev hesab edir ki, rayon və kəndlərdən bazara çıxarılmış yumurtaya da ovoskopla baxılmalı və istifadədən əvvəl dezinfeksiya edilməlidir: 

"İstehsalat şəraitində yumurtanın yuyulma və qırılma qaydası var. Tutaq ki, 100 yumurta qırılıb. 101-ci qırılanda keyfiyyətsiz çıxa bilər. Buna görə də yumurtaların 5-dən artıq qırılmasına icazə verilmir. Eyni zamanda, əgər yumurta mayalanmışdırsa, isti havalarda rüşeymin inkişafı baş verə bilər”.
 
Aktual.az
Xəbər 696 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR