Kəlbəcərin önəmi:  Həm alınmaz qalamız, həm təbii su fabrikimiz, həm də turizm cənnətimiz

Kəlbəcərin önəmi:       Həm alınmaz qalamız, həm təbii su fabrikimiz, həm də turizm cənnətimiz

Sözsüz ki, müqəddəslik baxımından Vətən torpağının hər qarışı eyni dərəcədə əzizdir. Ölkənin daşı da, qayası da, çayı da, bataqlığı da istənilən vətənpərvər üçün eyni anlam ifadə edir və etməlidir də. Bununla yanaşı, etiraf etməliyik ki, bəzi coğrafiyaların hərbi-strateji, iqtisadi potensialı digərlərindən fərqlənir. Bəzən hər hansı bir yüksəklik hərbi-strateji əhəmiyyəti baxımından bir neçə şəhərdən daha qiymətli olur. Nədən ki, həmin yüksəkliyin əldə olunması bir çox hallarda təkcə şəhərlərin deyil, bütünlüklə müharibənin taleyində həlledici rol oynayır. Bunun ən bariz örnəyini Azərbaycanın müzəffər ordusunun Şuşanı işğaldan azad etməsi zamanı gördük. Şuşa işğaldan azad olunan gün İrəvan ağ bayraq qaldıraraq kaputilyasiya aktına qol çəkdi. Çünki Xankəndinin yuxarısında yer alan bu şəhər Dağlıq Qarabağın boğazı sayılırdı və işğalçı ordunun boğazı əsgərlərimizin əlinə keçmişdi. Dirənişin davam etməsi düşmənin tamamilə məhvi demək idi və rəsmi İrəvan kaputilyasiya aktına qol çəkməyəcəyi təqdirdə 20-30 min əsgərini tamamilə itirəcəyini rəsmən etiraf edib.

Azərbaycan Ordusunun bu gün bir güllə belə atmadan işğaldan qurtardığı Kəlbəcər də hərbi strateji baxımdan heç də Şuşadan geri qalmayan ərazilərimizdəndir. Rayonun yüksək dağ silsiləsində və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşməsi Ordumuza böyük üstünlüklər verir, erməni separatizminin bütün ümidlərini ortadan qaldırır.

Xatırladım ki, Kəlbəcər Dağlıq Qarabağla Ermənistan arasında kommunikasiya əlaqələrinin keçdiyi ərazidir. Dağlıq Qarabağın ən önəmli nəfəsliyi sayılan Kəlbəcər-Vardenis yolu erməni separatizmini diri tutur, ölkəmizin ərazi bütövlüyünü təhlükə altında qoyurdu. Bu rayonun işğaldan azad edilməsiylə faktiki erməni separatizmi böyük ölçüdə mühasirə altına düşdü. Bu ayın sonunadək Laçının da Azərbaycan ordusuna təhvil verilməsi mühasirə həlqəsini tamamlayacaq və Dağlıq Qarabağdakı ermənilər ya bayrağımızın altından keçib vətəndaşlığımızı qəbul edəcək, ya da ölkəmizi tərk edib Ermənistana gedəcəklər.

Kəlbəcər iqtisadi potensial baxımından da Azərbaycana böyük faydalar gətirəcək.

Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər meşə örtüyü ilə də füsunkar gözəlliyə malikdir. Bu da həmin rayonda turizmin inkişafına münbit imkanlar yaradır. Rayonun hər bir kəndi, qəsəbəsi, dağı, çayı gözəl təbiət mənzərələri ilə ölkəmizə çoxsayda turisti cəlb edə bilər və yəqin ki, Kəlbəcərin yenidən bərpası prosesində bu amillər nəzərə alacaq.

Rayonun su ehtiyatı da Azərbaycanın kənd təsərrüfatına böyük imkanlar qazandıracaq. Ölkəmizin ən böyük çaylarından olan Tərtər öz suyunu Kəlbəcər dağlarından alır. Kəlbəcər dağları bol sulu bulaqları ilə yanaşı buxarı suya çevirmək özəlliyi ilə də əsl "su istehsalı müəssisəsi” kimi "fəaliyyət göstərirlər”. Azərbaycanın digər rayonlarında illik yağıntı miqdarı 200-300 mm arasında dəyişdiyi halda Kəlbəcərdə bu göstərici 700-900 mm-ə qədər yüksəlir. Üstəlik, mülayim və soyuq hava temperaturlu rayonda buxarlanma miqdarı yağmur miqdarından xeyli aşağıdır və bu da rayonun su ehtiyatından başqa bölgələrimizin rifahı üçün faydalanmağa imkan verir. Ölkəmizin su sarıdan ciddi əziyyət çəkdiyini nəzərə alsaq, Kəlbəcərin bu potensialından yetərincə yararlana və uğurlu su-meliorasiya siyasəti nəticəsində bir sıra rayonlarımızda aqrar sektorun inkişafına nail ola bilərik.

Təsadüfi deyil ki, sovet hakimiyyəti illərində 7-8 rayonu su ilə təchiz edən Sərsəng su anbarı indiki Kəlbəcərin ərazisində salınmışdı. Düzdür, Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda Sərsəng su anbarı Ağdərənin ərazisinə şamil olundu, dolayısıyla hələlik ermənilərin nəzarəti altındadır, amma ölkəmizin Dağlıq Qarabağa heç bir status verməməsi bu su ehtiyatından da rahatlıqla istifadə etmək şansı yaradır. Bu zamana qədər isə ermənilər Sərsəng su anbarından bizin aqrar sektora zərbə vurmaq üçün faydalanırdılar. Quraqlıq dövründə su anbarının bəndlərini bağlayır, suyun bol olduğu zamanlarda isə bəndləri açırdılar.

Nəticədə Sərsəng su anbarından qidalanan əkin yerlərimizdə məhsuldarlıq aşağı düşürdü. Kəlbəcərin işğaldan azad edilməsiylə bu problemin də qarşısı alınacaq. Rayonda bundan əlavə Alagöllər, Qaragöl, Zalxa gölü və s. kimi göllər var ki, ölkəmiz bu su ehtiyatlarından da müxtəlif məqsədlər üçün faydalana biləcək.

Kəlbəcərin yeraltı zənginlikləri də Azərbaycanın mədən sənayesinə böyük qazanclar gətirəcək.

Dünyanın ən zəngın qızıl yataqlarının bu ərazidə yerləşməsi xüsusilə əlvan metallurgiyasının inkaşfına töhfə verəcək. Kəlbəcər dağları qızıl yataqlarından başqa civə, xrom və s. kimi faydalı qazıntılarla da zəngindir.

Kəlbəcər bu yazının müəllifi üçün həm də böyüyüb boya-başa çatdığı torpaqlara yaxınlığı baxımından da əzizdir. Göyçə mahalına ən yaxın rayonlarımızdan olan Kəlbəcərin bizdə olması doğma diyarımızın qoxusunu almaqla qalmır, bir gün zamanı gələndə qəsb olunmuş digər ərazilərimizin də işğaldan azad edilməsi şansını artırır.

Mən bu böyük uğura imza atmış Azərbaycan Ordusunu və Ali Baş Komandanımız İlham Əliyevi təbrik edir və qələbələrimizin davamını arzulayıram.//Yeni Müsavat

Xəbər 154 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR