İcbari tibbi sığorta ilə bağlı tarix açıqlandı

İcbari tibbi sığorta ilə bağlı tarix açıqlandı

“Gələn ilin sonuna qədər pilot qaydasında icbari tibbi sığortanı sınaqdan keçirmək niyyətindəyik”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan” qəzetinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O qeyd edib ki, layihə bir müddət sınaqdan keçirildikdən sonra çatışmazlıqlar aradan qaldırılacaq və layihə geniş formada tətbiq olunacaq.

“Pilot layihəni sınaqdan keçirmək üçün təxminən 9 ay vaxt lazımdır. Əgər biz bu ilin sonundan başlasaq, təqribən 2017-ci ilin sentyabr-oktyabr aylarında layihəni də bitirməliyik. Nəhayət, 2017-ci ilin sonlarına doğru mərhələli şəkildə ölkə ərazisində icbari tibbi sığortanın tətbiq edilməsini nəzərdə tuturuq”.

Direktor vurğulayıb ki, dünyada icbari tibbi sığorta ilə bağlı çox model yoxdur. Bunlardan ən uyğunu sosialyönümlü modeldir. Belə ki, dövlət bu sistemdə vətəndaşlarla birgə fəaliyyət göstərir.

Zaur Əliyevin sözlərinə görə, agentlik Azərbaycanda da bu modeli tətbiq etmək istəyir. “Burada həm dövlətin, həm də vətəndaşların rolu olacaq. Vətəndaşlar illik olaraq müəyyən bir məbləğ ödəyir, yığımlarda çatışmazlıq olduqda ödəniş dövlət tərəfindən qarşılanır. Yaxud da dövlət konkret qruplar üçün tələb olunan sığorta haqlarını bütünlüklə üzərinə götürür. Bizim Azərbaycanda seçdiyimiz model daha çox sosial tibbi sığorta yönümlüdür. Aztəminatlı ailələrlə bağlı nəzərdə tutulan sığorta haqqını da dövlət öz üzərinə götürəcək. Burada hər kəsin bərabər hüququ olacaq. Bütün vətəndaşlar eyni xidmətlərdən yararlana biləcəklər. Dünyada həm sosial, həm də milli tibbi sığorta modelləri mövcuddur. Biz adətən Türkiyə və Almaniya modellərinin adını çəkirik. Əslində, bunlar hamısı mahiyyətcə eyni modellərdir. Yəni hamısı sosial tibbi sığorta modelidir. Bizdə tətbiq olunacaq icbari tibbi sığorta zamanı vəsaitin kim tərəfindən ödəniləcəyi və faizlərin necə olacağını yaxın zamanda açıqlayacağıq”.

Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR