Hər bir azərbaycanlının Prezidenti

Hər bir azərbaycanlının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 12 il ötür.

2003-cü il oktyabrın 15-də ilk dəfə prezident seçilən İlham Əliyev seçkilərdə böyük səs çoxluğu ilə seçicilərin etimadını qazanıb.

Prezident İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi onun qələbəsini təmin etdi.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda bir milyona yaxın yeni iş yerləri açıldı. Ölkənin bütün sahələri inkişaf yoluna qədəm qoydu, yeni sənaye müəssisələri yaradıldı, irimiqyaslı infrastruktur layihələri həyata keçirildi, nəinki paytaxtımızda, ən ucqar rayon və kəndlərimizdə də belə müasir standartlara cavab verən müəssisələr tikilib istifadəyə verildi, beynəlxalq əhəmiyyətli iqtisadi uğurlara imza atıldı.

Azərbaycan neftinin ilk partiyası Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə Heydər Əliyev adına Ceyhan terminalına çatdı. Dünyada ən iri qaz-kondensat yataqlarından olan Şahdəniz yatağı Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı qazla təchiz etməyə başladı. Daha bir nəhəng layihə - Şahdəniz-2 yatağı ilə bağlı konsorsium imzalandı. Ardınca Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başlandı. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər inkişaf etmiş dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər. Belə layihələrin reallaşdırılması ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına güclü dəstək verir. Bu gün böyük maliyyə resurslarına malik olan Azərbaycan Trans-Anadolu qaz boru kəməri layihəsini reallaşdırmaq üçün xərclərin 80 faizini öz üzərinə götürüb. Bu, ölkəmizin iqtisadi qüdrətini göstərən ən önəmli faktlardan biridir. Ən vacib məqamlardan biri isə ölkədə qeyri-neft sektorunun inkişafı, Prezident İlham Əliyevin də söylədiyi kimi, neft kapitalından daha çox insan kapitalına yatırım qoyulması ilə bağlıdır. Müxtəlif sahələrə dair dövlət proqramlarının, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbulu dövlətimizin inkişafında zəmin rolunda çıxış edir.

Azərbaycan iqtisadi uğurlarla yanaşı, beynəlxalq miqyaslı uğurlara da imza atıb. Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş xarici siyasət nəticəsində beynəlxalq arenada "Azərbaycan modeli" tətbiq olunmağa başlayıb. O model ki, müstəqil, balanslaşdırılmış xarici siyasət kursunu və beynəlxalq siyasətdə milli maraqları öndə tutur.

İlk dəfə olaraq Avropa Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə dair qətnamə qəbul etdi. Ölkəmiz 2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu iki il ərzində Azərbaycan iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik etdi.

Azərbaycan bu illərdə elm, mədəniyyət, idman sahəsində də çox böyük uğurlara imza atdı. Qısa müddət ərzində yarışlara qatılmasına baxmayaraq, "Avroviziya-2012" beynəlxalq mahnı müsabiqəsi Bakıda keçirildi. Ölkəmiz bu ilk ilk dəfə olaraq Birinci Avropa Oyunlarına ev sahibliyi etdi. Möhtəşəmliyinə və yüksək səviyyədə hazırlığına görə, böyük rezonans doğuran bu tarixi idman hadisəsi ölkəmizin dünya miqyasında rolunu daha da artırdı, xarici turistlərin Azərbaycana axınını gücləndirdi. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycanda keçirilməsi qərara alındı.

Bütün bu uğurlarla yanaşı, Prezident İlham Əliyev ordu quruculuğu sahəsini bir an belə diqqətdən kənarda qoymayıb. Hazırda Azərbaycan 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Cənab Prezidentin səyləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü orduya çevrilib.

Məhz onun gərgin zəhməti nəticəsində Ermənistanın işğalçı mahiyyəti bütün dünyaya çatdırılır. Azərbaycan xalqının yaşadığı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının tanıdılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində çox ciddi işlər görülür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hər çıxışında, açıqlamasında Ermənistanın işğalçılıq siyasətini xatırladaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına dair çox ciddi mesajlar verir.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən 12 il ötür. İlham Əliyev gərgin iş qrafikinə baxmayaraq, daim xalqının yanındadır, regionlarda çoxsaylı görüşlər keçirir, ona pənah gətirən vətəndaşların problemlərini şəxsən dinləyərək, onların həllinə dair tapşırıqlar verir. Təvazökarlığı həyat tərzinə çevirən Prezident İlham Əliyev hər bir azərbaycanlının prezidenti olmağı bacardı. O, hər bir vətəndaşının problemini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edir. Və məhz buna görə, iştirak etdiyi bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini, etimadını qazanır.

O dəfələrlə sübut edib ki, parlaq zəkası, peşəkar idarəçilik qabiliyyəti və praqmatik yanaşması ilə Azərbaycanı daha böyük zirvələrə aparacaq.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR