Həqiqətin qüdrəti və Qüdrət Həsənquliyev həqiqəti qarşısında məğlublar

Həqiqətin qüdrəti və Qüdrət Həsənquliyev həqiqəti qarşısında məğlublar

Son 30 ildə Azərbaycan siyasətində bir çox məsələlərə yanaşmada həm iqtidar, həm də müxalifət düşərgəsində bolşevizm elementləri mövcuddur. Azərbaycanda siyasət haqqında çox romantik, infantil və buna görə də təhlükəli fikirlər çox yayılıb. Tarixdən düzgün dərslər də çıxarmaqa tələsmirik. Elə buna görə məsələn, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bizə acı dadan həqiqəti deyəndə isə biz bu romantik baxışlarımıza görə həqiqəti görmək istəmirik, əksinə buna qıcıqlanırıq. Biz qəbul etmək istəmirik ki, dövlətlər zorun, gücün, qəddarlığın fundamenti üzərində qurulur. İqtisadi və siyasi islahatlar isə müxtəlif siyasi qüvvələrin, tərəflərin marağlarını real güc nisbətinə uyğun olaraq təmin edilməsinin nəticəsində mümkün olur.
Bir neçə gün öncə Q.Həsənquliyevin İTV-də Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı fikirlərində Rusiyaya yaxınlaşma, MDB-nin daha mükəmməl bir birliyə çevrilməsi haqda təklifləri bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Siyasi reallığı populist vətənpərvəlikdə dəfn edən bəzi "analitiklər” az qala BAXCP sədrini "vətən xaini” elan ediblər. Azərbaycan siyasətində romantika elementləri həmişə mövcud olub. Bu gün də mövcuddur. Lakin yetkin və ağıllı siyasi liderlər reallıq və maraqları heç bir zaman unutmurlar. Deputatın son aşıqlaması da ən sərt reallıqları belə milli maraqlara yönəltmək məqsədi güdən peşəkar siyasətçi yanaşmasıdır.
Əslində BAXCP sədri "Məni Moskvanın təbliğatını aparmaqda ittiham edən kuklalara demək istəyirəm ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir və Rusiya istəməsə, Ermənistan heç bir sülh sazişinə imza ata bilməz” fikri ilə həmin "politoloqlara” həqiqəti qısa və net şəkildə anladıb. Necə deyərlər anlayan bir damla ilə də anlayar, qanmaza dərya da bəs etməz. Buna görə də, sözügedən məqama xüsusi diqqət ayırmamaq da olardı. Amma bu məsələdə aysberqin görünməyən başqa bir məqamı da var. Ən yaxın dövrə və bu dövrdə Qüdrət bəyin ayrı-ayrı fikirlərinə və bu fikirlərə müxtəlif siyasi düşərgələrdən reaksiyalara diqqət edək. Q.Həsənquliyev Naxçıvan Muxtar Respublikasının problemlərini önə çəkir, ölkənin ən toxunulmaz məmurlarından birini hədəfə alır və bu zaman nə qədər maraqlı olsa da özünü radikal müxalifət adlandıranlar Muxtar Respublikanın gerçək durumunu görməzlikdən gəlib siyasi xülyalar uydururlar. Ardnca BXCP sədri növbədənkənar parlament seçkilərinin vacibliyini dilə gətirir və bu dəfə iqtidar təmsilçiləri bu fikri topa tutur.
Belə məqamlar çoxdur və bu kimi hallarda nə qədər maraqlı olsa da "müxalifətçilər” Q.Həsənquliyevi iqtidarın əlinə oynamaqda, hakimiyyət təmsilçiləri isə onu radikal müxalifətin dəyirmanına su tökməkdə ittiham ediblər. Nəticədə isə zaman onun dediklərini reallıq kimi möhürləyib. Maraqlıdır ki, antoqonist münasibətdə olan qüvvələrin ortaq hədəfi olmaq Qüdrət bəyin siyasi taleyində uzun bir tarixə malikdir. 2000-ci ilin sonlarında Elçibəy dünyasını dəyişəndən bir müddət sonra Qüdrət Həsənquliyev parçalanmış AXCP-nin bütövlüyü uğrunda fəaliyyətə keçdi və hər iki tərəflə danışıqlar aparararaq birləşməyi, birgə qurultaya getməyi, bu zaman kim sədr seçilərsə bu seçimə sayğı ilə yanaşacağını dönə-dönə bildirdi. Ancaq ambisiyalar bu çağırışa imkan vermədi, əksinə bir masa arxasında oturmağı belə qəbul etməyən trərəflər onun ideyasına qarşı birləşdi. O zaman da seçilən yolun düz olması nəticə olaraq özünü təsdiqlədi. Bu gün BAXCP ölkənin siyası həyatında mütləq mənada nəzərə alınacaq siyasi qüvvədir. Hazırda Qüdrət Həsənquliyevin sədrlik etdiyi partiya- BAXCP Əbülfəz Elçibəyin vəfatından sonra parçalanan AXCP-nin ən geniş sosial bazasını əhatə edir, üstəlik, cəmiyyətin yeni kəsimlərinə və elektoral seqmentlərinə açılmaq üçün ciddi potensiala malikdir. Məhz Qüdrət Həsənquliyevin şəxsi dünyagörüşü sayəsində BAXCP milli-demokratik siyasi idealların ən sistemli daşıyıcısı olaraq çıxış edir.
Reallıqda Azərbaycan cəmiyyəti iqtidar və müxalif mövqelərinin ənənəvi baxışılarından nəinki bezib, hətta bundan ziyan çəkir. Müxalifət bu gün xalqa nağıl danışır ki, biz bu reallıqda birdən uğurlu demokratik dövlət ola bilərik, hakimiyyət isə iqtisadi və institusional islahatların həyata keçirilməsi məsuliyyətindən yayınır, komfort zonasından çıxmaq istəmir. Bu baxışın, münasibətin və bütövlükdə siyasi sistemin dəyişməsi vacibdir. Dövlətin ehtiyacları və hakimiyyətin içində müdrik insanların özünüqoruma instinkti bu gün bunu tələb edir. Dövlətin və bu millətin marağları da bu gün ilk növbədə daha açıq və inklusiv siyasi-iqtisadi sistemin yaradılmasını diktə edir. Bu addım atılmadan biz irəliyə gedə bilmərik. Nə vaxtsa gələcəkdə simvolik yox, uğurlu və dayanıqlı demokratik dövlətin yaradılması üçün bizə güclü dövlət və varlı cəmiyyət lazımdır. Belə bir cəmiyyətin qurulması isə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev kimi siyasi mövqeyindən asılı olmayaraq mahiyyəti qaraguruh olan kəsimin reaksiyasına, səs-küyünə fikir vermədən millətə və dövlətə gərəy olan həqiqətləri dilə gətirməkdən keçir. Gələcək bu mövqenin yanındadır. Azərbaycanda yeni bir nəsil yetişib. Onlar çox praqmatikdilər, çox real hədəflərə inanırlar. Həmin gənclik və milli-azadlıq hərəkatının təcrübəsini özündə yaşadan Qüdrət Həsənquliyev kimi liderlər Azərbaycanın mərhələli inkişafını yaxın illər ərzində tam təmin edə də biləcəklər. 

Cumhuriyyet.az

 
Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR