“Heç kim məni məcbur etməyib ki, şeir yazım” - Elçin Mirzəbəyli

“Heç kim məni məcbur etməyib ki, şeir yazım”  - Elçin Mirzəbəyli

 "BayMedia” informasiya agentliyinin və "Xalq cəbhəsi” qəzetinin rəhbəri, tanınmış şair Elçin Mirzəbəyli ilə səmimi söhbətimizi  Aktual.az-ın oxucularına təqdim edirik.


– Bu yaşınıza qədər ədəbiyyat Sizə nələri qazandırıb və nələri itirməyinizə səbəb olub? 


- Ədəbiyyat da, incəsənət də insanın öz yaradıcılıq imkanlarını, istedadını büruzə verməsi üçün vasitədir. Bu baxımdan, istənilən yaradıcı insane, qazandıqlarına görə, ilk növbədə, öz istedad və bacarığına, əməyinə, onun yaradıcılığını dəyərləndirən oxuculara borcludur. O cümlədən mən də... 

Yaradıcı insan olmağım, hər şeydən əvvəl, məni başqalarından fərqləndirib, əldə etdiyim uğurlara vəsilə olub. Əgər həyatımda nələrisə itirmişəmsə, bu, ilk növbədə, mənim seçimimlə, ətrafımda cərəyan edən hadisələrlə, səhvlərimlə, yanlışlıqlarımla bağlı olub. Nə ədəbiyyatın, nə də yaradıcı insan olmağımın burada heç bir günahı yoxdur. Heç kim məni məcbur etməyib ki, şeir yazım... Bu mənim seçimimdir... Mən özümü poeziya, publisistika vasitəsi ilə daha yaxşı ifadə edirəm. Bu, ədəbiyyatdan, oxucudan daha çox, mənim özümə lazımdır. Bu səbəbdən, sovet dövründə deyildiyi kimi, mən özünü ədəbiyyata, incəsənətə "qurban verənlərin” səmimiyyətinə inanmıram.


 Bəzən insanlar öz xidmətlərini böyütmək üçün Lenindənqalma metaforik ifadələrdən istifadə etməyi xoşlayırlar. Ola bilsin ki, kimsə, məsələn, hansısa müğənni, yaxud ədəbiyyat adamı daha çox şöhrət qazanmaq, önə çıxmaq üçün nələrinisə "qurban” verib. Onun üçün bu "özünü qurban verməkdir”, mənim üçünsə...bir az yumşaq desəm, mübadilə... Belələri, adətən, verdikləri "qurbanların” əvəzini artıqlaması ilə alırlar... Azərbaycan dövlətçiliyinin mövcudluğunu təmin edən, yaşadan, onun ərazi bütövlüyü uğrunda mücadilə aparan, oddan-alovdan çıxan, milyonların təhlükəsizliyi üçün öz həyatını təhlükəyə atan insanlar belə, "mən özümü Vətənə qurban verdim”,-deyə aləmə car çəkmirlər. Amma hansısa dılğır müğənni, yaxud cızmaqaraçı öz dayaz yaradıcılıq imkanlarını millətin gözünə soxmaqdan utanmır. "Özümü... qurban vermişəm”... Pah, elə Azərbaycan xalqı gecə-gündüz sənin verəcəyin... "qurbanın” yolunu gözləyirdi... 


– Çox vaxt bədii mətnin dəyərləndirilməsində zövq amilini əsas  götürürlər. Sizcə, əsərə bu cür yanaşma nə dərəcədə doğrudur?


– Zövq sözü özündə çox böyük məna daşıyır. Sevimli müəllimlərimdən biri – dövrünün ən nüfuzlu elm adamı sayılan Nadejda Rojdestvenskaya estetikanı "zövq haqqında elm” adlandırırdı... İntellektuallığın da, yaradıcılığın da, insani münasibətlərin, birgəyaşayışın, sevginin də kökündə zövq dayanır. 

Estetik olmayan heç bir şey insanlığa, onun inkişafına xidmət etmir. Zövqsüz sənət də, elm də dağıdıcıdır, gerilikçidir. Mən hər şeyə zövq müstəvisindən yanaşıram.


– Bugünkü tənqidimizin durumunu necə dəyərləndirirsiniz? 


–Tənqidin, gerçək və faydalı tənqidin ortaya çıxması üçün cəmiyyətimiz hələ çox uzun bir yol keçməlidir. Toplumun səviyyəsi, tənqidə münasibəti, tənqidin isə gah qərəzli, gah da məddahlıq xarakteri daşıması, estetik olmaması bu sahənin inkişafına mane olan amillərdəndir. Çağdaş ədəbiyyata 60-cı və bəlkə də, 37-ci illərin təfəkkürü ilə yanaşmaqla, irəliləyişə nail olmaq mümkün deyil. 

Dünyanın aparıcı ölkələrində, xüsusilə də, kitab, qəzet oxumağın mədəni mövcudluğun təməl prinsiplərindən biri və bəlkə də birincisi sayıldığı yerlərdə insanlar ədəbi hadisəyə çevrilmiş hər hansı bir kitab haqqında mütəxəssis rəyini həmin kitab qədər dəyərləndirirlər. Ədəbi hadisəyə çevrilmiş əsər, müəllifinə nə qədər qazanc gətirirsə, əsəri təhlil və tənqid edən mütəxəssis də, az qala, bir o qədər qazanc əldə edir. Bizim istedadlı tənqidçilərimiz çoxdur... Amma onlar istedadlı adamların əsərlərinin təhlili ilə məşğul olsalar, ac qalarlar...


– Bu gün ədəbiyyatımızın ən ciddi problemi nədir, Sizcə? 


– Ayrı-ayrılıqda nə ədəbiyyatın, nə də incəsənətin problemi yoxdur. Problem cəmiyyətin inkişaf səviyyəsi ilə bağlıdır. Nə qədər ki,

toplumun 80-90 faizini "avtovağzal musiqisi” dinləyənlər təşkil edəcək, təhsil müəssisələrində insan, vətəndaş deyil, test robotları yetişdiriləcək, cəmiyyətimizdə total zövqsüzlük sindromuna son qoyulmayacaq. 


– Sizcə, ədəbiyyatı idarə etmək olar? 


– Tarix boyu buna cəhdlər olub. Siyasətçilər yaradıcı adamlardan öz siyasi ambisiyalarını həyata keçirmək üçün istifadə ediblər. Mən

bunu, siyasi prosesləri, idarəetmənin prinsiplərini başa düşən bir adam kimi, təbii qəbul edirəm. Mütləq azadlıq yoxdur. Cəmiyyətin birgəyaşayış prinsiplərinin pozulmasına xidmət edən, insanları gerçək əxlaqi və mənəvi dəyərlərdən uzaqlaşdıran istənilən ədəbiyyat nümunəsi azadlığa yox, xaosa xidmət edir. Mən gəncliyin tabulara qarşı üsyankar mücadiləsini başa düşürəm. Bu, yaradıcı  insanın həyatında müəyyən bir mərhələdir və mən də bu mərhələdən keçib gəlmişəm. Amma zaman keçdikcə, başa düşürsən ki, sənin savaş açdığın dəyərlərin çoxu, əslində, insanlığı çox böyük günahlardan, sapmalardan qoruyan estetik sərhədlərdir. O sərhədlər sökülərsə, insan kimi yaşamaq, təhlükəsiz, azad ömür sürmək mümkün olmayacaq.

Ona görə də, ən böyük islahatçılar ömürlərinin bəlli bir mərhələsindən sonra, ən azı, daxilən, mühafizəkara çevrilirlər. 


– Ədəbi müsabiqələrə münasibətiniz necədir? 


– Normal yanaşıram. Kimsə mükafat alır, sevinir, yaxınlarını, doğmalarını sevindirir… Burda pis nə var ki? Amma heç bir müsabiqənin nəticəsi

istedadın və yaradıcılıq qabiliyyətinin mütləq göstəricisi deyil. Zövqlər müxtəlifdir. Mən Orxan Pamukun yaradıcılığını sevmirəm. Amma o, Nobel mükafatçısıdır. Mənim kimi minlərlə, yüz minlərlə insan var ki, Orxan Pamukun əsərlərindən zövq almır. Amma bu, o demək deyil ki, Orxan Pamuk Nobel mükafatına layiq deyil.


– Ədəbiyyatın üzərinə hansısa bir missiyanı qoymaq nə dərəcədə doğrudur? 


– Ədəbiyyat adamı ilk növbədə insandır, daha sonra vətəndaşdır. O təkcə özü və öz prinsipləri üçün yaşamalı deyil. Bu çox eqoist yanaşmadır.

Yaradıcı insane, bacardığı qədər, yaşadığı ölkənin insanlarının rifahı, inkişafı üçün çalışmalıdır. Mənə görə, bu missiya könüllü missiyadır. Zorla

kiminsə üzərinə hansısa missiyanı qoymaq mümkün deyil. Belə düşünürəm ki, bu məsələdə təşəbbüsü ədəbiyyat adamlarının öz öhdəsinə buraxmaq lazımdır. Təbii ki, dövlət və onun institutları milli identikliyin qorunması istiqamətində müəyyən stimullaşdırıcı addımlar ata bilərlər və atırlar da. 

Hesab edirəm ki. Azərbaycanda ədəbiyyatın üzərinə heç kim zorla hər hansı bir missiyanı qoymayıb. Əgər kimsə ədəbiyyatın üzərinə bu və ya digər missiyanın düşdüyünü deyən adamların fikirlərindən xoşlanmırsa, o zaman dinləməsin. Belə fikirlərə qarşı savaş açmaq isə neobolşevik təfəkkürün nümunəsidir. 


– Sonda demək istədiyiniz bir şey varmı?


– Sonda deyəcəyim sözü demək üçün sonun nə zaman olacağını bilməliyəm. Bunu isə yalnız Allah bilir.  Bütün soydaşlarıma möhkəm cansağlığı arzulayıram. Çox oxuyun… və doğmalarınızı, dostlarınızı, Vətəninizi sevməyi yadırğamayın. Bəşəri mədəniyyət milli mədəniyyətlərin toplusudur. Milli olmaqdan, millətin bir parçası olmaqdan qorxmayın… 



Tural Balabəyli/Aktual.az

Xəbər 2441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR