Həbsdə olan polkovnik bəraət istəyir

Həbsdə olan polkovnik bəraət istəyir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmişlər və mülki iddiaçıların apelyasiya şikayəti üzrə məhkəmə davam edib.

Aktual.az  Lent.az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə  keçirilən prosesdə  zərərçəkmiş Nizami Kazımov ifadə verib.
N. Kazımov ifadəsində ona 2 milyon dollar ziyan dəydiyini deyib. N.Kazımov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, mülki iddiasının təmin edilməsini, dəymiş zərərin ödənilməsini tələb edib: "Bizneslə məşğul olmuşam. Məni MTN həbs edib. Buraxılmağım müqabilində pul tələb ediblər. İki milyon dolları Vüsal Ələkbərova vermişəm".
Zərərçəkmiş Elşən Mədətov 250 min dollarlıq mülki iddia qaldırıb. Həmin şəxs də pulu təqsirləndirilən V.Ələkbərova verdiyini deyib: "Həmin vaxt Şirvan şəhərində zavod rəhbəri idim. "Texnikabank"ın rəhbərliyini həbs etmişdilər. Mənim də bankda pulum var idi. Sonra məni çağırıb, hədə-qorxu gəldilər, həbslə hədələdilər. 250 min dollar pulumu Vüsal Ələkbərova verdim. Hadisədən sonra şəkər xəstəliyi tapmışam".
Daha sonra zərərçəkmiş Namiq Rzayev dindirilib. O vurğulayıb ki, təqsirləndirilən V.Ələkbərova 200 min, Mövlan Şıxəliyevə isə 300 min manat pul verib.
İclasda V.Ələkbərov vəsatətlə çıxış edib. O, birinci instansiya məhkəməsinin protokolu ilə tanış olmadığını və buna görə məhkəmədən həmin protokollarla tanış olmasını istəyib.
Vəsatət baxılmamış saxlanılıb.
V.Ələkbərov çıxışında ona irəli sürülmüş ittihamlarla razı olmadığını, günahsız olduğunu, özünü təqsirli bilmədiyini söyləyib. V.Ələkbərov barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Proses dekabrın 14-də davam edəcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.
Məhkəmə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olunması üçün aidiyyəti üzrə prokurorluğa göndəriləcək.
Hökmdən narazı olan zərərçəkmiş və mülki iddiaçılar – Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Müsənnif Salahov apellyasiya şikayətlərini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər.
Vüsal Ələkbərova qarşı Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Bahəddin Sultanov 370 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddia qaldırıblar.
Bakı Hərbi Məhkəməsi hökm çıxaran zaman zərərçəkmişlərin mülki iddialarını təmin etməyib. Məhkəmə hökmündə bildirib ki, zərərçəkmişlər həmin məbləğlərdə pulu Vüsal Ələkbərova rüşvət qismində veriblər və buna görə də onların mülki iddiaları təmin olunmayıb.
Zərərçəkmişlər apelyasiya şikayətlərində hökmün bu hissəsinin ləğv edilməsini və onların mülki iddialarının təmin edilməsini istəyiblər.
Vüsal Ələkbərovun vəkilləri də hökmdən apellyasiya şikayəti veriblər. Vəkillər hökmün ləğv edilməsini və Vüsal Ələkbərovun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
 
Aktual.az
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR