“Əzəli torpaqlarımızın geri qayıdacağı gün uzaqda deyil” – Elşən Musayev

“Əzəli torpaqlarımızın geri qayıdacağı gün uzaqda deyil” – Elşən Musayev

"Yəqin kimlərsə populist, reallıqdan uzaq, nağılbaz Paşinyanı inandırıbmış ki, əgər atəşkəsi kobud şəkildə pozsa, müharibə şəraiti yaratsa ictimai fikri öz uğursuzluqlarından, daxildəki xaosdan yayındıra, hakimiyyətinə olan təhlükəni ertələyə, uzada bilər. Amma çifayda! Effekt tərsinə olub. Cəbhədəki məlum təxribatlardan sonra Ermənistanda həm daxili qarşıdurmanın çərçivəsi genişlənib, həm də işğalçı dövlətə qarşı beynəlxalq təzyiqlər artıb”. 

Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində törədilən təxribatlara münasibət bildirərkən söyləyib. 


"Artıq hamı fərqindədir ki, Ermənistanın bu quldur həmləsi çaşqınlıqdan doğan bir haldır, açıq provokasiya cəhdidir, sistemsizliyin, çarəsizliyin təzahüratıdır. Paşinyan həqiqətən bitib. Hər mənada bitib. Ona görə də "son variant”lara əl atır. Hərgah, bu addımların, "son variant”ların fonunda daha da məğlub duruma düşür, öz naşılığını, siyasətdə təsadüfi adam olduğunu bir daha göstərir.

Paşinyan özünü demokrat kimi təqdim etsə də, ən böyük diktatorlardan biridir. Onun öz siyasi rəqiblərini amansız formada təqib etməsi, seçki kompaniyası dövründə vəd etdiyi "çiçəklənmə” dövrünü ərsəyə gətirə bilməməsi, Qarabağ mövzusunda açıq uduzması, Ermənistanın beynəlxalq təcridi və s ciddi səbəblər Ermənistandakı mövcud ağır vəziyyəti şərtləndirən əsas amillərdəndir. Paşinyan fərqindədir ki, Azərbaycanın nüfuzu, qlobal layihələrdə və həmrəylik çağırışlarında təşəbbüskar rolu durmadan artır. Paşinyan anlayır ki, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısında qəbul olunan qərarlar, bu iclasın doğurduğu rezonans Ermənistan üçün yaxşı heç nə vəd etmir. Paşinyan hələ də "Valday”dan sonra düşdüyü nakaut vəziyyətindən çıxa bilmir. Paşinyan bilir ki, yenə də İlham Əliyevin təşəbbüsü ilə reallaşması gözlənilən və 130 ölkə tərəfindən dəstəklənən BMT sessiyasında Ermənistan növbəti dəfə biabır olacaq, Azərbaycanın mövqeləri daha da möhkəmlənəcək. Ona görə affekt vəziyyətindədir. Ona görə artıq idarə etmir, idarə olunur. Ona görə beynində, fikirlərində, hərəkətlərində ciddi mərkəzdənqaçma meylləri sezilir. Ona görə atəşkəsi pozur, təxribata əl atır, provokasiya cəhdləri edir. Amma hər dəfəsində də Azərbaycan dövləti və qüdrətli ordumuz bu hərdəmxəyalı silkələyir, ayıldır, onu reallıqla baş-başa qoyur. Həmin reallığın özündə ehtiva etdiyi həqiqət isə budur: Paşinyanın heç bir variantı effekt verməyəcək. Çünki haqlı tərəf bizik, Azərbaycandır. İşğal altında olan əzəli torpaqlarımızın geri qayıdacağı gün isə uzaqda deyil” – deyə Partiya sədri fikirlərinə davam edib.


Xəbər 636 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR