Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün daha 5 tur oynanılacaq.
"Report"un məlumatına görə, bununla da "Magnus Carlsen Invitational" adlanan yarışda ilkin mərhələyə yekun vurulacaq.
Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 1/4 finala vəsiqə uğrunda son 5 görüşə çıxacaq. Oyunlar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Məmmədyarov XI turda ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşiyə, XII turda "qaralar"la onun həmyerlisi Sergey Karyakinə rəqib olacaq. XIII turda Azərbaycan dueli gerçəkləşəcək. 36 yaşlı qrossmeyster ağ fiqurlarla Teymur Rəcəbovu sınağa çəkəcək. XIV turda qara fiqurlar Argentina şahmatçısı Alan Piçotla üz-üzə gələcək Məmmədyarov XV turda isə "ağlar"la ABŞ-ı təmsil edən Uesli So ilə münasibətlərinə aydınlıq gətirəcək.
Rəcəbov XI turda qara fiqurlarla ispaniyalı David Antonu sınağa çəkəcək. 34 yaşlı qrossmeyster XII turda "ağlar"la isveçli Nils Qrandeliusla qarşılaşacaq. XIII turda qara fiqurlarla Məmmədyarova qarşı mübarizə aparacaq Rəcəbov XIV turda "ağlar"la Nepomnyaşiyə rəqib olacaq. O, XV turda isə "qaralar"la Rusiyanın digər təmsilçisi Karyakinlə qüvvəsini sınayacaq.
İkinci yarış günündən sonra Rəcəbov 4,5 xalla 11-ci, Məmmədyarov isə 4 xalla 12-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 8 xalla Aniş Giri başçılıq edir.
"Magnus Carlsen Invitational" 15 mart
XI tur
Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)
David Anton (İspaniya) - Teymur Rəcəbov
XII tur
Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Nils Qrandelius (İsveç)
XIII tur
Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov
XIV tur
Alan Piçot (Argentina) - Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Yan Nepomnyaşi (Rusiya)
XV tur
Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ)
Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov
Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır. Üçüncü yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı keçmiş Azərbaycan çempionu Şəhriyar Həsənov olacaq.
Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.
Xəbər 369 dəfə oxunub.