Əlisahib Hüseynov: Xalq öz layiqli namizədinə səs verəcək

Əlisahib Hüseynov:   Xalq öz layiqli namizədinə səs verəcək

Müsahibimiz Demokratik Azərbaycan Dünyası Partiyasının(DADP) sədri, Qarabağ qazisi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd Əlisahib Hüseynovdur.

 Seçki öncəsi mühit necədir, qane edici saymaq olarmı?

-Seçki öncəsi mühiti normal sayıram. Namizədlərin fəaliyyət göstərməsi üçün hər cür qanuni şərait yaradılıb. Bircə o qalır ki, namizədlər resurslarından və onlara yaradılan şəraitdən istifadə edib öz platformasını seçicilərə çatdırsın, onların layiqli namizədi olduğuna inandırsın və xalqın etimadını qazansın.

Əlisahib müəllim, seçicilərə fərqli nə təklif edirsiniz? Seçilsəniz, parlamentdə yeni nəsə deyə biləcəksinizmi?

-Bəzi namizədlərdən fərqli olaraq mən seçicilərimdən fərqli biri deyiləm, onlardan biriyəm. Mənim istəyim onların səsi olmaqdır. Onlar nəyi deyəcəkdisə, hansı problemləri önə çəkəcəkdisə, mən də onları deyəcəm. İstəmirəm ki, seçicilər deputatlarını yad biri kimi hiss etsin. İstəyirəm ki, onlar məni özlərindən biri kimi duysunlar. Seçilərəmsə seçicilərimin səsini qorumaq mənim borcumdur. 125 saylı dairə çox spesifik zonadır. Zəngilan və Qubadlı rayonları tam işğal olunub. Yəni, bu rayonların əhalisinin hamısı məcburi köçkündür. Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar. Dövlətimiz bu insanlara qayğı göstərir. İstərdik ki, bəzi cari problemlər də aradan qaldırılsın. Deputatın borcudur ki, seçicilərinin problemlərini səlahiyyətli orqanların qarşısında qaldırsın və həllinə nail olsun. İnanın ki, dövlətimiz bütün məsələləri həll edəcək gücdədir. Sadəcə, həmin dairənin deputatı bunun həll olunmasına çalışmalıdır, zəhmət çəkməlidir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə maddi yardımların artırılmasına çalışmaq lazımdı. Onlar bunu haqq edirlər. İşsizlik hallarının aradan qalxmasına, məcburi köçkünlərə, səhiyyə və təhsil sistemində çalışan şəxslərə əlavə imtiyazların verilməsi məsələsini qaldırmaq lazımdır.

Bəzi partiyalar parlament seçkilərini boykot etdilər. Bunu necə qiymətləndirirsiniz?

-Seçkilərdə iştirak etməmək ən azından öz seçicilərinə hörmətsizlikdir. İkincisi isə bir partiya ən önəmli seçkidə də iştirak etmirsə bəs gücünü nə zaman sınayacaq? İstənilən halda boykot qərarı öz gücünə inanmamaq,xalqa,dövlətə sayğısızlıqdır. Bir çox Qərb təsisatlarının Azərbaycanla bağlı verdiyi ikili standartlara söykənən qəraralarından sonra yenə də boykot yolunu tutmaq Azərbaycana qarşı təxribatdır və həmin təşkilatların oyuncağına çevrilməkdir.

 Cəmil Həsənli parlamentə seçiləcək şəxslərin siyahısını açıqladı. Buna necə baxırsınız?

-Siyasətçi proqnoz verməlidir, siyasi gedişləri, kimin daha şanslı olduğunu hesablamağı bacarmalıdır. Buna bir sözüm yoxdur. Amma Cəmil Həsənlinin açıqlaması daha çox seçkiyə kölgə salmaq məqsədi güdür. Seçki prosesi hələ bitməyib, amma indidən hansı formada keçiriləcəyini açıqlamaq siyasi baxımdan qeyri-etikdir. Bu adamlar seçkini boykot ediblər. Yəni seçki proseslərindən özlərini ayrı salıblar. Amma seçkilər barəsində danışırlar. Bu sözləri o zaman ciddiyə almaq olardı ki, onlar heç olmasa seçkidə iştirak edərdilər. İstənilən halda əminəm ki, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də seçkilər demokratik keçiriləcək. Seçkinin nəticələrindən isə yalnız seçkilər bitəndən sonra danışmaq olar.

Keçmiş Qarabağ döyüşçüsü kimi son günlərdə cəbhədə vəziyyətin gərginləşməsini necə qiymətləndirir və bu problemin həllini necə görürsünüz? -Ermənistanda siyasi cəhətdən vəziyyət gərginləşən kimi Sərkisyan höküməti xalqın diqqətini cəbhə bölgəsinə yönəltməyə çalışır. Amma bu, uğursuz cəhddir. Hər dəfə Ermənistan ordusunun nə qədər itki verdiyinin şahidi oluruq. Azərbaycan ordusu qısa müddətdə öz torpaqlarını azad etmək gücündədir. Sülh yoluyla bu məsələnin həll olunmasını istərdik. Təəssüf ki, Ermənistan rəhbərliyi tərəfindən biz belə bir sülh addımları görmürük. Amma gec, ya tez, işğal olunmuş ərazilər azad olunmalıdır. Sülh yoluyla olmasa da, müharibə yoluyla bu məsələ öz həllini tapmalıdır. Və əminəm ki, yaxın zamanlarda mütləq həllini tapacaq. 6. İmamverdi İsmayılov 125saylı Zəngilan-Qubadlı seçki dairəsində sizin rəqibinizdir. Şanslarınızı necə dəyərləndirirsiniz?

-Seçkilər günü ədalət öz yerini tutacaq. Xalq öz layiqli namizədinə səs verəcək. 20 il deputat olub, bu insanların səsini eşitməməyin nəticəsində seçicilər bu dəfə daha layiqli, onların səsi olacaq namizədinə üz tutacaq. Mən buna əminəm və seçicilərimə inanıram.

Söhbətləşdi: Emin

Xəbər 785 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR