Daxili İşlər Nazirliyi dövlət qurumlarının adından edilən aldadıcı zənglərlə bağlı çağırış edib.
Aktual.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Müraciətdə deyilir ki, kiberdələduzlar tərəfindən müxtəlif dövlət qurumlarının adından vətəndaşlara zəng edilərək bank hesablarında olan pul vəsaitlərinin təhlükəsizliyi bəhanəsi ilə onların digər hesablara köçürülməsi barədə saxta məlumatlar verilir:
"Vətəndaşları müxtəlif xarici ölkələrdən dövlət qurumlarının adından edilən zəng və göndərilən mesajlara qarşı diqqətli olmağa, şəxsi və bank məlumatlarını qarşı tərəfə təqdim etməməyə, mobil telefonlarına göndərilən təsdiq kodlarını paylaşmamağa, tanımadıqları keçidlərə daxil olmamağa, eləcə də bu cür müraciətlər əsasında hər hansı ödəniş və ya maliyyə əməliyyatı həyata keçirməməyə çağırırıq.
Unutmaq olmaz ki, dövlət qurumları vətəndaşlardan zəng, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə bank kartlarının məxfi məlumatlarını, CVV/CVC və OTP kodlarını tələb etmirlər. Bu məlumatların kənar şəxslərə ötürülməsi bank hesablarındakı pul vəsaitlərinin oğurlanması ilə nəticələnə bilər.
Kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşdığınız zaman "102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərsiniz".
Xəbər 38 dəfə oxunub.